Noyabrın 12-də Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüblər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Görüşdə işçi qrupunun rəhbəri Soltan Məmmədov Azərbaycanın Vətən müharibəsi haqqında qonaqlara məlumat verərək deyib ki, sentyabrın 27-də işğalçı Ermənistanın dinc yaşayış məntəqələrimizə hücumundan sonra əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu qısa müddətdə uzun illərdir işğal altında saxlanılan torpaqlarımızın xeyli hissəsini azad etdi. Təəssüf ki, həmin günlərdə ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olan Fransa neytrallığını qoruya bilməyib və birtərəfli mövqe ifadə edib. Bu da Azərbaycan cəmiyyətində böyük narazılıq doğurub.
İşçi qrupun rəhbəri erməni silahlı qüvvələrinin Gəncə, Bərdə, Tərtər və digər bölgələrimizdəki dinc yaşayış məntəqələrinə, mülki şəxslərə qarşı törətdiyi hərbi cinayətlər barədə konkret faktları qonaqların diqqətinə çatdırıb.
Görüşdə çıxış edən Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamber həmin günlərdə Azərbaycan həqiqətlərini dünyada yaymaq istiqamətində və Fransadakı erməni diasporuna qarşı apardıqları informasiya və təbliğati işlər barədə danışıb. O, mətbuatda və sosial mediada yaydığı bir sıra məqalələrlə bağlı ermənilərdən 20 mindən çox mənfi reaksiya, hətta təhdid dolu mesajlar aldığını bildirib.
Sonra görüşdə Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Mişel Viale fikirlərini bölüşüb, bəzi həmkarlarının laqeyd və ya birtərəfli mövqeyinə görə təəssüflərini ifadə edib. Vurğulayıb ki, dostluq qruplarının vəzifəsi belə hallarda öz münasibətini bildirməkdir. Mişel Viale 10 noyabrın Azərbaycan tarixində mühüm hadisə olduğunu söyləyib.
Görüşdə qeyd olunub ki, fransız deputatların Gəncəyə və Bərdəyə nəzərdə tutulmuş səfərləri baş vermiş hadisələri yerindəcə öz gözləri ilə görüb obyektiv gerçəkliklə tanış olmağa imkan verəcək.
Söhbət zamanı parlamentlərarası əlaqələrin, dostluq qruplarının əməkdaşlığının daha da möhkəmlənməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.