Azərbaycan təmsilçisi nüfuzlu beynəlxalq qurumun ali orqanına üzv seçildi – FOTO | DEFAKTO.AZ Azərbaycan təmsilçisi nüfuzlu beynəlxalq qurumun ali orqanına üzv seçildi – FOTO – DEFAKTO.AZ

Azərbaycan təmsilçisi nüfuzlu beynəlxalq qurumun ali orqanına üzv seçildi – FOTO

15

İtaliyanın paytaxtı Roma şəhərində Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının – AIPS (International Sports Press Association) 84-cü Ümumdünya Konqresi keçirilir.

DEFAKTO.az xəbər verir ki, oktyabrın 4-dən 6-dək davam edəcək konqresdə ölkəmizi AIPS-in üzvü olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təsisçisi və prezidenti Eldar İsmayılov, assosiasiyanın birinci vitse-prezidenti və beynəlxalq əlaqələr üzrə koordinator Nərgiz Mahmudzadə təmsil edirlər.

Tədbir çərçivəsində AIPS İcraiyyə Komitəsinin iclası, konqresin rəsmi açılış mərasimi, müxtəlif qitələr üzrə sessiyalar, panel iclasları və seçkilər keçirilib.

AIPS-in qitə səviyyəli qurumu olan Avropa İdman Mətbuatı İttifaqının Baş Assambleyasında növbəti 4 il müddətinə ittifaqın prezidenti, baş katibi, icraiyyə komitəsi üzvlərinin seçkiləri keçirilib. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının birinci vitse-prezidenti N.Mahmudzadə icraiyyə komitəsi üzvlüyünə namizədlər sırasında olub. Səsvermə nəticəsində 39 ölkədən 31-nin nümayəndəsi N.Mahmudzadənin Avropa İdman Mətbuatı İttifaqı icraiyyə komitəsi üzvü seçilməsinin lehinə səs verib. Beləliklə, N.Mahmudzadə Avropa İdman Mətbuatı İttifaqının icraiyyə komitəsinin üzvü seçilib və ölkəmiz 4 illik müddətə bu mötəbər qurumun rəhbərliyində təmsil olunacaq.

Qeyd edək ki, AIPS 1924-cü il iyulun 2-də Parisdə yaradılıb və hazırda 164 ölkə assosiasiyada təmsil olunur.

Ölkəmizi bu qurumda Azərbaycan İdman Jurnalistləri Assosiasiyası təmsil edir. AIPS-in fəal üzvlərindən olan Azərbaycan 2014-cü ildə qurumun 90 illik yubileyinə təsadüf edən 77-ci konqresinə ev sahibliyi edib. Bakıda keçirilən konqresə 100-dən çox ölkənin nümayəndəsi qatılıb.