Artıq ənənə halını alan məktəb direktorlarının özbaşnalığı nə tənqidlə, nə mətbuata sızan məlumatlarla, nə töhmətlə, nə işdən çıxarılma ilə də olsa bitib-tükənmir.
At oynadan məktəb direktorları zatən iflic olmuş təhsilin artıq son akkordlarını vururlar. Gəlim sözümün canına.
Artıq nə Təhsil Nazirliyi, nə də ki, mətbuat direktorların canına vəlvələ sala bilmir ki, bilmir. Elə bil qurd ürəyi yeyiblər. Hərc-mərcilik, özbaşnalıq baş alıb gedir. Dur deyən də yoxdur! Desələrdə sadəcə işdən azad olunmaqla bitir. Vəssalam! Yığdığını yığıb, qurduğunu qurub.
Məktəb direktorlarının müəllimlərdən tələb etdiyi pullar əksər məktəblərdə var. Bu reallıqdır, həqiqətdir. Ticarət bununla da bitmir. Artıq genişmiqyaslı rüşvət almanın o qədər xidmət növləri var ki, GƏL GÖRƏSƏN!
İlk tədris ili başlamadan avqust ayından işə çıxan müəllimələr cədvəl manapoliyası üçün direktor müavini və direktorun qəbuluna səhər tezdən yazılırlar. Bədbəxçilik ondadır ki, burda texniki, humanitar fənləri tədris edən müəllimlər deyəsən qəbula hələm-hələ düşə bilmirlər. Baxanda bu fənləri tədris edən müəllimlərin tələbə hazırlaşdırdıqlarını nəzərə alsaq heç də imkanları acınacaqlı durumda deyil.
Fiziki tərbiyyə, Həyat bilgisi, Texnologiya, Təsviri incəsənət, Musiqi cədvəldə gəlib oturur ilk sıralarda. Bu fənləri tədris edən müəllimələrə sadəcə halal olsun Vallah! Pul köpəyin oğlu… SƏN NƏLƏRƏ qadirsən. Qarışqanı şir edirsən! Axırıncı dərsə halsız, ac, yorğun olan şağirdə gəl indi Riyaziyyatı başa sal ki, salasan. Riyaziyyat fənni bu gün yuxarı siniflərdə imtahan verən şagird üçün önəmlidir, məcburdur. Hələ orasını başa düşmürəm ki, humanitar fənləri seçən uşaqlar niyə texniki fənndən imtahan verirlər. Riyaziyyat müəllimlərinin ruzusu bol olsun! Yazıq gələcəyimiz. Can balalar… can!
Uşaqlara ürəyim yandığı qədər min bir əziyyət çəkən, borc-xərc, satdığını satıb, boğazından kəsən valideynlərə isə Allahdan can sağlığı, bol ruzu arzulayıram. Min bir əziyyətlə oxutdurduğu övladının gələcəkdə ixtisası üzrə iş tapmamasını hələ təəssəvür etmək istəmirəm. Balam böyüyüb müəllim, həkim, vəkil, mühəndis olacaq və s.və ilaxır arzular reallaşmayanda lap müflisləşmiş birinə bənzəyirsən.
Gələk xidmət növlərindən ən qlobalı olan fond pulu. Şəhərdə “taksa” yüksəkdir, kənd və qəsəbələrə nisbətən. Bu pullar şəffaf halda vərəq və surət çıxarmalara istifadə olunur. Heç şübhəniz olmasın!
Son illər fikir versəniz bir çox şağirdin rəsm və əmək qabiliyyəti yoxdur. NİYƏ? Ona görə ki, mən məktəbdə oxuyanda şəkilin texnologiyasını müəllim lövhədə etap-etap çəkib başa salırdı. Bu gün isə rəsm valideynin ev tapşırığı olub. Bu fənn daha çox ibtidai siniflərdə “açın kitabları məsələ, misal edək” riyaziyyatdan sözü ilə əvəzlənib.
Bir çox məktəblərdə artıq bayramlar belə keçirilmir. Məktəb illəri, xatirələri deyəndə uşaqlarımızın yaddaşında demək olar ki, heç nə yoxdur. Sinif rəhbərlərinin sayəsində! Mən oxuduğum illərdə xonça tutub Novruz şənliyini, Yeni ildə şam ağacını bəzəyib Yeni il şənliyini keçirib kollektiv şəkillərlə yadda qalan xatirələrim var.
Çox uzun uzadı yazıb Sizin yaralarınızı incitmək istəmirəm. Nə mən yazmaqla düzələcək, nə də ki, siz deməklə. Bəlkə də “Bu günə şükür” deyəcəyik. Hələ bu harasıdır ki… Yaşasın məktəblərdə “AT oynadan, qurd ürəyi yeyən, mərd, vətənkeş, təhsilimizin bu gününü düşünən direktorlar”… Allah Sizi bu təhsilə çox görsün. Amin! İnşallah!