Ramin Məmmədov: “Zatulinin separatçı rejimə ünvanladığı məktub Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir” | DEFAKTO.AZ Ramin Məmmədov: “Zatulinin separatçı rejimə ünvanladığı məktub Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir” – DEFAKTO.AZ

Ramin Məmmədov: “Zatulinin separatçı rejimə ünvanladığı məktub Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir”

56

“Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan deputatı Konstantin Zatulinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçı rejimə “müstəqillik günü” münasibətilə ünvanladığı məktubun məzmunu və formatı Azərbaycanın ərazi bütövlüyünə və Rusiyanın dövlət maraqlarına hörmətsizlikdir”.

Bu fikirləri DEFAKTO.az-a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib. 

O qeyd edib ki, Zatulin hər zaman anti-Azərbaycan mövqeyi ilə tanınıb. Lakin onun atdığı bir çox addımlar həm də öz ölkəsinin milli maraqlarına ziddir. 

Deputatın sözlərinə görə, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin ən vacib müddəalarından biri qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünə hörməti nəzərdə tutur: 

“Sənəddə göstərilir ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. Zatulinin bu addımı isə Rusiya prezidentinin imzaladığı sənədin məğzinə hörmətsizlikdir”.

Ramin Məmmədov bildirib ki, Rusiyanın müvafiq strukturları, o cümlədən parlament rəhbərliyi məsələ ilə bağlı konkret tədbirlər görməli, Zatulinə qarşı müvafiq addımlar atmalıdır. Bunun üçün hüquqi əsas mövcuddur:

“İki ölkənin müttəfiqlik haqqında imzaladığı sənəddə qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar. Bu baxımdan hesab edirəm ki, Rusiya parlamenti Zatulinin bu addımına hüquqi qiymət vermək üçün konkret addımlar ata bilər”.

Millət vəkili vurğulayıb ki, K.Zatulin daha əvvəl Azərbaycan ərazilərinə qanunsuz səfəri ilə də gündəmə gəlmişdi. Deputatın fikrincə, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik ifadə edən bu cür addımların əsas hədəflərindən biri də iki ölkə arasında münasibətlərə kölgə salmaqdır. Lakin bu gün Azərbaycan bütün dünyada sözünə və imzasına etibar edilən güclü dövlətlərdən biri kimi qəbul olunur. Bütün digər ölkələrlə olduğu kimi, Rusiya ilə də qarşılıqlı münasibətlər məhz bu prinsipə uyğun qurulub. Ona görə də Zatulinin və onun kimi düşünənlərin ikitərəfli əlaqələri zədələmək cəhdləri uğursuzluğa məhkumdur.