Sentyabrın 12-si Ermənistan genişmiqyaslı hərbi təxribata əl atıb. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər olub, hərbi infrastruktura ziyan dəyib.
Ermənistanın hərbi-siyasi rəhbərliyinin davamlı olaraq təxribata əl atması regional sabitliyi pozmaq, Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdidlər yaratmaq niyyətindən irəli gəlir. Ermənistan bunu etməklə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozur. Düşmən Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan ordusu tərəfindən Cənubi Qafqaz regionunda yaradılan yeni reallıqları həzm edə bilmir. Ancaq bunun heç bir mənası yoxdur. Revanşist qüvvələr 44 günlük vətən müharibəsində Azərbaycanın hərbi-siyasi rəhbərliyinin qüdrətini, ordumuzun gücün gördülər. O, dövrdə Ermənistanın mifik ordusu darmadağın edildi, düşmən qarşımızda diz çökdü. Görünür bütün bunları unudublar. Eybi yox, biz onların yadına salarıq. Azərbaycan hakimiyyəti heç vaxt imkan verməz ki, mənfur düşmən ölkəmizin suveren hüquqlarını pozsun, sərhədlərimizdə təxribat yaratsın.
Dünya dövlətləri Ermənistanı sülhə dəvət etdiyi bir dövrdə buna cavab olaraq o, təxribata əl atır, mülki insanları hədəf alır, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında müxtəlif yollarla terror aktları həyata keçirir. Belə olan halda Azərbaycan rəhbərliyi iki ölkə arasında təhlükəsiz zona yaratmaq üçün müəyyən addımlar atacaq. Bu zona bizim ata-baba yurdlarımızda, qərbi Azərbaycan ərazisində formalaşdırıla bilər.
Azərbaycan düşmənin təxribatlarına cavab olaraq əvvəl olduğu kimi, son hadisələrdə də antiterror əməliyyatları aparacaq. Müstəqilliyimizə və ərazi bütövlüyümüzə düşmənlərimiz tərəfindən yaradılan təhdidlərin və həyata keçirilən təxribatların qarşısı kəskin şəkildə alınacaq. “Qisas Əməliyyatı” bunun bariz nümunəsidir.
Hər birimiz cəbhə bölgəsində baş verən hadisələri diqqətlə izləyirdik. Eyni zamanda Allaha dua edirdi ki, igid Vətən oğulları düşmənin gülləsinə tuş gəlməsin. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli ordumuzun gücünü bilir, onlara güvənir. Hamı əmindir ki, düşmən heç bir qələbə əldə edə bilməz. Dəmir Yumruq onların başının üstündədir. Lazım gəldikcə öz şərəfli missiyasını yerinə yetirəcək.
Allah Ali Baş Komandanımızı və Müzəffər Ordumuzu Qorusun!
Allah bütün şəhidlərimizə rəhmət eləsin.