Buzdux dağı və nəzarətə götürülən digər yüksəkliklərin strateji əhəmiyyəti – Polkovnikdən AÇIQLAMA + FOTO | DEFAKTO.AZ Buzdux dağı və nəzarətə götürülən digər yüksəkliklərin strateji əhəmiyyəti – Polkovnikdən AÇIQLAMA + FOTO – DEFAKTO.AZ

Buzdux dağı və nəzarətə götürülən digər yüksəkliklərin strateji əhəmiyyəti – Polkovnikdən AÇIQLAMA + FOTO

48

Bu gün Azərbaycan Ordusu bölmələrinin ərazidə apardığı dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklərə nəzarəti bərpa edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Yüksəkliklərin strateji əhəmiyyəti barədə DEFAKTO.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, bu mövqelər Azərbaycan Ordusunun bölmələrinə separatçıların bundan sonra törətməyə cəhd edəcəyi təxribatların qarşısını almağa imkan verir:

“Ordumuz Suqovuşan, Sərsəng və Murovdağa çıxışı olan böyük bir ərazini nəzarət altına alıb. Bununla da qarşı tərəfin təminat yollarına, mövqelərinə tam nəzarət edə bilirik. Bu, düşmənin o ərazidə apara biləcəyi terrorçu fəaliyyətlərə qarşı qabaqlayıcı tədbirlər görə bilmək deməkdir. Bundan əvvəl verilən məlumatlar da onu göstərir ki, “Qisas” antiterror əməliyyatı nəticəsində Azərbaycan Ordusu Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə qanunsuz erməni silahlılarının tutduğu mövqelərə nəzarəti gücləndirib. Ümumiyyətlə nəzarət etdiyimiz ərazilər nə qədər genişləndirilsə, o qədər yaxşıdır. Texniki müşahidə vasitələri o ərazilərdəki bütün dəyişikliklərdən, mövqelərdə aparılan işlərdən xəbərdar olmağımıza imkan verir”.

Hərbi ekspert hesab edir ki,  Azərbaycan gələcəkdə Üçtərəfli Bəyanatın dördüncü bəndini (erməni silahlı birləşmələrinin bölgədən çıxarılması -red.) güc vasitəsilə yerinə yetirməli olsa, bu mövqelər proses üçün kifayət qədər əlverişlidir:

“Daha effektiv nəticələr alına bilər. Bu mövqelər Azərbaycan bölmələrinə imkan verəcək ki, mövcud istiqamətlərdən əldə edilən məlumatlar əsasında düşmənlə təmasa girmədən onların bütün mövqeləri dağıdılsın, qanunsuz silah daşıyanlar tərk-silah edilsin. Dediklərim bundan sonra rahatlıqla baş tutacaq”.

Sayad Həsənli