Birləşmək əvəzinə parçalanma… – Dünya silkələnir | DEFAKTO.AZ Birləşmək əvəzinə parçalanma… – Dünya silkələnir – DEFAKTO.AZ

Birləşmək əvəzinə parçalanma… – Dünya silkələnir

1522

Koronavirusun yayılma sürətini azaltmaq üçün qlobal liderliyə təcili ehtiyac duyuldu, lakin dünya liderləri və beynəlxalq qurumlar koordinasiya olunmuş ortaq qərarla çıxış etmədi. Ən yaxşı təcrübələr kömək edə bilər: bu istiqamətdə danışıqların aparılması təcrübəsindən istifadə etmək olar.
Bu sözlər Harvard Hüquq Məktəbinin dərc etdiyi “COVİD-19 böhranı zamanı qlobal liderlik vakuumu” adlı məqalədə yer alıb.
Məqaləni təqdim edirik:
“Çində koronavirusun yayılmasından sonra virusun beynəlxalq bir pandemiyaya çevrilməsi dövründən xalqlar qlobal həllər üzərində birləşmək əvəzinə, COVİD-19 ilə təkbətək mübarizə aparmağa başladılar.
Bu yanaşma məhdud resurslar üçün disfunksional rəqabət, yaradıcı həllər çatışmazlığı və böyük səmərəsizlik yaratdı. Böhrana qalib gəlmək üçün qlobal liderliyin yaxşılaşdırılması, daha böyük əməkdaşlıq və koordinasiya tələb olunur.
Pandemiya ilə əlaqədar olaraq bir paytaxtdan digərinə uçmağa adət etmiş beynəlxalq diplomatlar öz danışıqlarını videokonfrans yolu ilə aparmağa məcbur oldular. G7, G20, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının bütün görüşləri onlayn keçirildi.
Üzbəüz görüşlərin keçirilə bilməməsinin özü də pandemiyaya qarşı vahid dünya liderliyinin formalaşdırılmasına mənfi təsir göstərdi.
“Artıq qarşındakını otaqdakı təzyiq ab-havası ilə kompromisə gətirmək şansın yoxdur” – Avstriyanın ABŞ-dakı yeni səfiri Martin Veys “Politika” nəşrinə video danışıqlar barədə danışarkən deyib.
“Öz ekranının arxasında gizlənmək daha asandır”. Martın 26-da baş tutan ilk Avropa Birliyi video zirvə görüşündən sonra Almaniyanın kansleri Angela Merkel irəli sürülən təklifin kifayət qədər populyar olub-olmadığını öyrənmək üçün “masanın ətrafında gəzməyə” üstünlük verdiyini söyləyib.
Qlobal liderliyə çağırış
Bu texnoloji tələlərin və mədəni münaqişələrin fonunda bir çox lider böhranın birgə həllində daha az maraq göstərdi.
“Röyters”in məlumatına görə, 30 apreldə Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş beynəlxalq birliyin “hər zamankından daha vacib olduğu” bir zamanda bölünməsindən şikayətlənib. O, inkişaf etməkdə olan ölkələrin pandemiyaya qarşı mübarizə aparması, onun iqtisadi və sosial təsirlərini aradan qaldırmaq üçün kifayət qədər beynəlxalq yardım almamalarından xüsusi narahatlıq keçirdiyini bildirib. Quterreşin sözlərinə görə, “ən həssas xalqlar”a 2 milyard dollarlıq yardım müraciətinin yalnız yarısı maliyyələşdirilib.
“Dünya qlobal liderlik axtarır”, – deyə Çatham Hausdakı ingilis düşüncə mərkəzinin Qlobal Sağlamlıq Proqramının direktoru Robert Yets CNN-ə danışarkən deyib: “Hazırda super-güclərin problemin həlli istiqamətində əlaqələr quraraq konstruktiv qərarlar qəbul etməsini gözlədiyimiz bir zamandır”.
Sürətlə inkişaf edən böhrana ləng reaksiya
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası pandemiyaya verdiyi ləng reaksiya ilə digər beynəlxalq qurumlardan fərqlənir.
Şura koronavirusla mübarizə üçün beynəlxalq əməkdaşlığa təcili ehtiyac olduğunu vurğulayan və dünyadakı münaqişələrdə barışıq çağırışı edən bir qətnamə üzərində razılıq əldə etmək üçün mübarizə apardı.
“Biz, məsələn, qlobal tədarük zəncirlərini idarə etmək naminə BMT Təhlükəsizlik Şurasında təcili görüşlər təşkil etmək üçün bir araya gələn dövlət başçıları görmədik” – “Bir Kampaniya” qeyri-kommersiya təşkilatının prezidenti və icraçı direktoru Qeyl Smis CNN-ə deyib.
Təhlükəsizlik Şurasının danışıqları qismən dayandırıldı, çünki Tramp administrasiyası Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri kəsdi.
ABŞ Prezidenti Donald Tramp ÜST-ü Çinə qarşı güzəştli davranmaqda günahlandırdıqdan sonra təşkilata ayırdığı maliyyəni dayandırdı. ABŞ, eyni zamanda, ÜST-ün koronavirus testi, dərmanlar və peyvəndlər üzərində işlərin sürətləndirilməsinə yönəlmiş beynəlxalq sammitində iştirak etməkdən imtina etdi.
Daha yaxşı qlobal liderliyə doğru
Sürətlə ötürülən virusa lazımi reaksiyanı verməyin gərəkliliyini gözardı etmək olmaz və bu istiqamətdə vahid dünya liderliyinə ehtiyac olduğu şəksizdir.
Daha yaxşısını etmək üçün dünya liderləri bu ehtiyatlı dərsləri mənimsəməyə başlamalı və vətəndaşlar bunun üçün məsuliyyət daşımalıdırlar:
1. Uzunmüddətli perspektivə baxın. Məhdud resurslar uğrunda rəqabət və başqalarını günahlandırmaq qısamüddətli siyasi fayda gətirə bilər (və ya gətirməyə), lakin bu, uzun müddət davam edə bilməz.
Liderlər ortaq problemlərin birgə həlli üzərində işləməklə daha uzunmüddətli uğura nail ola bilər.
2. Qrup danışıqlarının faydalarından istifadə edin. Disfonksiyonlu rəqabəti aradan qaldırmaq üçün danışıq aparan tərəflər “keksdən bir parça kəsib götürmək” əvəzinə ona əlavə nələrsə qatmağın yollarını axtarmalıdırlar.
Danışıqlar üzrə tədqiqatlar qrup danışıqlarının ikitərəfli danışıqlardan daha uğurlu olduğunu göstərir.
3. Dəyişən dünyamıza uyğunlaşın. Diplomatlar və digər rəhbərlər, ehtimal ki, gələcək aylar ərzində danışıqları davam etdirməli olacaqlar. Bu səbəbdən məsafəli danışıqların (videokonfranslar) təlatümlərini aradan qaldırmaq üzərində işləməli və videokonfrans yolu ilə danışıqlar aparmaq üçün ən yaxşı təcrübələr barədə məlumatlanmaq lazımdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir