“Bəlkə də, azərbaycanlılar da kameram önündə soyunacaqlar” – Məşhur fotoqraf Azərbaycanda lüt könüllülər AXTARIR | DEFAKTO.AZ “Bəlkə də, azərbaycanlılar da kameram önündə soyunacaqlar” – Məşhur fotoqraf Azərbaycanda lüt könüllülər AXTARIR – DEFAKTO.AZ

“Bəlkə də, azərbaycanlılar da kameram önündə soyunacaqlar” – Məşhur fotoqraf Azərbaycanda lüt könüllülər AXTARIR

215

“Gördüyüm işi sevirəm və bunu – dünyanın hər yerindən olan insanları birləşdirməyi davam etdirəcəyəm. Sevinirəm ki, hələ də sənət yaradıb insanları bir araya gətirə bilirəm”.

Defakto.az-ın məlumatına görə, bu fikirləri insanları kütləvi şəkildə lüt soyunduraraq, onların şəklini çəkən məşhur amerikalı fotoqraf Spenser Tunik “Nargis magazine” jurnalına müsahibəsində bildirib.

S.Tunik bildirib ki, kütləvi soyunma səhnələrində iştirak edən insanlar seks haqqında heç düşünmürlər, onların niyyəti səmimi olaraq sənət yaratmaqdır.

“Onlar ilk başlarda utanırlar, lakin ətrafda 1000-ə yaxın insan çılpaq olduğu zaman bəzi geyimdə olanlar çılpaq olmadıqlarına görə sıxılmağa başlayırlar”.

“Çılpaq olmaqdan daha çox kimlər utanır: kişilər, yoxsa qadınlar” sualına məşhur fotoqraf belə cavab verib:

“Bəzi ölkələrdə kişilər qadınların azad ruhunu yatırmağa çalışırlar. Ancaq ümumilikdə fotoqrafiya işində nisbət demək olar ki, həmişə eynidir: iştirak etmək istəyənlərin 55%-i kişilər, 45%-i qadınlardır”.


S.Tunik deyib ki, minlərlə insan onun çəkilişlərində iştirak etmək arzusunu bildirir, ancaq ölkələrində senzuraya məruz qalırlar, onların istəkləri nəzərə alınmır, həmin şəxslərin sənətin bir hissəsinə çevrilmələrinə imkan vermirlər.

Fotoqrafın sözlərinə görə, çılpaq insanlar yalnız sənət üçün poz vermirlər, hökumətə onlara sahib ola bilməyəcəklərini və bədənləri ilə istədiklərini etməkdə sərbəst olduqlarını göstərirlər.

30 illik təcrübəyə malik Spenser Tunik bildirib ki, bugünkü çılpaqlar 1991-ci ilin çılpaqlarından fərqlənirlər:

“Bədənlərdə döymələr çoxalıb. Keçmişdə döymələr daha çox bohema halı idi, indi isə tendensiyaya çevrilib, onları hətta mühafizəkar insanlar da vurur”.

“İnsanlar həvəslə soyunmağa meyillidir” deyən fotoqraf əlavə edib ki, əgər çılpaqlıq adi hala çevrilsəydi, müharibələr və qadınlara qarşı zorakılıq azalardı:

“Çünki bədən bir qədər deseksuallaşdırılmış olardı”.


S.Tunik deyib ki, koronavirus pandemiyası onun da işinə mənfi təsir göstərib.

“Əgər sosial məsafə saxlamaq “yeni norma” olarsa, sizin sənətiniz necə olacaq” sualına fotoqraf belə cavab verib:

“Mən bir-birindən altı fut məsafədə dayanan insanlarla işləyə bilərəm, sadəcə daha böyük məkan lazım olacaq. Düşünürəm ki, indi hər birimiz tənhalıq hissi yaşayırıq. Kiminsə asqırmasına gülümsəyərək cavab verdiyi, qucaqlaşdığı və bir-birinin yanında dayanmaqdan qorxmadıqları vaxtlar üçün darıxırıq. İndi dünyada baş verənlər bir az kədərlədir. İnanıram ki, sənətdəki çılpaq bədən əvvəlki kimi ləyaqətlə qəbul ediləcək. Çılpaq bədənin öz gözəlliyi olduğuna inanıram. Birlik və dürüstlük hissinin həyatımızın bir hissəsi olacağına inanıram”.

Spenser Tunik sonda Azərbaycan barədə danışmağı da unutmayıb:

“Kim bilir, bəlkə də Azərbaycandan kimsə bu müsahibəni oxuyacaq, layihələrimin iştirakçısı olmaq və mənə yazmaq istəyəcək. Bəlkə də, azərbaycanlılar da kameramın qabağında soyunmaq istəyəcəklər. Düşünürəm ki, Azərbaycandan ən azı beş yüz arzu edən toplayardım”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir