Sentyabr-ın 19-u saat 17:59-da Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən və 18:11-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Nərimanov rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri, Bakı şəhər Baş Polis İdarəsinin Nərimanov rayon Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Müzəffər Nərimanov küçəsi 54 ünvanına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan 115 mm-lik top mərmisi (BM-6) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 100 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.