Bəlkə də bir çoxları son 217 ildən bəri il boyunca hər gün neft hasil edilən ölkəmizin neft gününün nədən 20 sentyabrda qeyd edildiyini bilmir.
Neftimizin tarixi 200 ildən artıq olsa da, neftçilərə həsr edilmiş günün tarixi 26 ildir. 26 il öncə məhz bu gün Azərbaycanda, tarixə “Əsrin müqaviləsi” kimi düşmüş neft sazişləri bağlanıb. Məhz həmin günü Azərbaycanın Moskvadan qazandığı iqtisadi müstəqillik günü hesab etmək olar.
20 sentyabrda imzalanan bu saziş Azərbaycan Respublikasinin Dövlət Neft Şirkəti (indiki SOCAR), Böyük Britaniyanın BP, ABŞ-ın “Amoko”, “Penzol”, Rusiyanın “Lukoyl” və “TPAO” şirkətləri arasında baş tutub.
Adı çəkilən və sazişə sonradan qoşulan şirkətlər 1994-cü ilin sonlarında ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) adlı konsorsium yaradıblar. Konsosiuma Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanını təmsil edən 11 iri neft şirkəti daxil olub. Onlar birləşərək, Xəzər neftinin hasilatına başlayıblar.
Göründüyü kimi, ABŞ və İngiltərənin neft şirkətləri həmin gün öz 75 illik arzularına çatıb, şirəyə cuman arılar kimi Bakı neftinin üzərinə qonmağa nail olublar.
Son 100 ildə Bakı neftinin qaymağını yığan Rusiya isə bu sərvəti ona görə onlara güzəştə getməyə məcbur olub ki, artıq Azərbaycan müstəqil dövlət idi, Rusiyadan qopmuşdu, öz əli, öz başıydı, yeraltı sərvətini, təbii resursunu kiminlə istəsə, onunla birgə hasil etmək haqqı qazanmışdı.
Əslində acı reallıq bundan ibarət idi ki, Azərbaycanın bu sərvəti təkbaşına hasil etmək imkanı sıfıra bərabər idi. Çünki zəngin neft yataqları Xəzər şelfinin dərin qatlarındaydı və onu oradan çıxarmaq üçün ölkəmizin nə yetərli qazma və nəql qurğuları, nə də səriştəli mütəxəssisləri yox idi.
Başqa sözlə, Xəzər neftinin başında beynəlxalq konsorsium yaradılması, buraya böyük təcrübəsi və hüdudsuz maliyyə imkanları olan neft şirkətlərinin cəlb edilməsi qaçılmaz idi. Əks təqdirdə neftimiz uzun illər yerin təkində qalacaq, ölkə əhalisi uzun sürən səfalət dövrü yaşayacaqdı.
Bunu ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələr anlayırdı. Hamı nefti xilasedici kəmər sayırdı. Gerçəkdən də 1993-cü ilin ortalarından başlayan işsizlik, qıtlıq, maddi sıxıntılar dövrü ABƏŞ-in böyük miqdarda neft hasil edərək dünya bazarına çıxardığı günlərə qədər davam etdi. Ondan sonra ölkədə vəziyyət yaxşılığa doğru dəyişdi. Bakıda böyük tikinti bumu start götürdü, ard-arda böyük tikililər, tunellər, körpülər, metro stansiyaları inşa edildi, küçələrdə lüks avtomobillərin sayı artdıqca artdı, yeni iş yerləri açıldı, Azərbaycan öz qonşularından irəli çıxmağa başladı.
Ancaq bunlar hələ bir neçə il sonra olacaqdı. 20 sentyabr müqaviləsi az qala Azərbaycana baha başa gələcək, Bakı da, neft də əldən gedəcəkdi.
Məsələ beləydi. O dövrdə başı çeçen separatçılarına qarışan, yıpranmış, dağılmış ordusuyla, ölkəni tarmar edən korrupsioner məmurlarla onların öhdəsindən gələ bilməyən, hər gün daha da zəifləyən rəsmi Moskva öz sərbəst dönərli valyutalarıyla Bakıya cuman ABŞ və İngiltərənin, eləcə də uzun illərin ayrılığından sonra Azərbaycanla qardaşlıq büsatı quran Türkiyənin qarşısında bir şey edə, “Bakı mənimdir, mənim olacaq” deyə ortaya iradə qoya bilmirdi. Ancaq Rusiya, konkret olaraq Kreml mövcud durumla barışmaq da istəmirdi.
Ona görə də “Əsrin müqaviləsi”nin 10 günü tamam olmamış Kreml başbilənləri öz “5-ci kolon”larının düyməsini basdılar və ölkədə hərbi-siyasi qiyam törətməyə çalışdılar.
Bunlar baş nazir Surət Hüseynovun başçılıq etdiyi şəxslər idi. Aralarında bir sıra yüksək mənsəbli şəxslər, o cümlədən təhlükəsizlik naziri də vardı.
Qiyamçılar sentyabrın 29-da Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovu və parlamentin sədr müavini Afiyəddin Cəlilovu qətlə yetirərək, ölkəni qarışdırmağa çalışdılar və qiyama start verdilər.
Bir neçə gündən sonra MTN rəhbəri Nəriman İmranovun təşkilatçılığı ilə nazirliyin təcridxanasından Əlikram Hümbətov, Rəhim Qazıyev, Baba Nəzərli və Arif Paşayev (sonuncu bu işə öz iradəsindən kənar olaraq qarışmışdı) qaçırıldılar.
Bir il dörd ay əvvəl Elçibəy iqtidarını asanlıqla devirən S.Hüseynov və ona bağlı, özünü dişi qana batmış qanıq canavar kimi aparan qüvvələr həlledici hərəkətə keçmək istəyərkən yuvalarındaca vuruldular. Onlar pərən-pərən salındı: tutulan tutuldu, ölən öldü, qaçan qaçdı.
…1917-ci ildə Bakını işğal edən rus-erməni daşnak-bolşevik qüvvələrinin (“26 Bakı komissarı” kimi tanınan qanunsuz hökumətin) ölüm günü 20 sentyabrda (1918-ci il) olmuşdu. Onların xələfləri sayıla biləcək qüvvələrin 20 sentyabrın qisasını almaq cəhdi də 26 il öncə baş tutmadı.
Bu tarixi hadisələr ona görə xatırlanır ki, Rusiya, Kreml, 5-ci kolon, Xəzər, neft, qiyam düşüncələri yenə də aktualdır.Xalid KAZIMLI