Koronavirusla mübarizədə 12 vacib addım – Təklif | DEFAKTO.AZ Koronavirusla mübarizədə 12 vacib addım – Təklif – DEFAKTO.AZ

Koronavirusla mübarizədə 12 vacib addım – Təklif

1727

“Vətəndən kənarda olub, xalqın dərdləri ilə yaşamaq çox çətindir. Hər gün həyacanla izlədiyim virus statistikası adamın ürəyini dağlayır. Belə statistikanın qarşısında avropa və amerika səhiyyəsinin bir neçə ay əvvəl necə aciz qaldığını xatırlayanda Azərbaycanla bağlı narahatlığım daha da artır”.

Bunu iqtisadçı ekspert, Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib. O, bildirib ki, Azərbaycan səhiyyəsi bu yükü götürə bilməyəcək və qurbanların sayı artacaq. 

“Bunun qarşısını az da olsa almaq üçün vaxtilə etdiyim ictimai təşəbbürlərə (sərhədlərin bağlanması, məktəblərin qapanması, metronun dayandırılması, birdəfəlik ödəmə alacaq şəxslərin sayının artırılması və sairə) yenə də ehtiyac duyuram. 

ADR Hərəkatının açıqladığı “Koronavirusa qarşı təxirəsalınmaz tədbirlər proqramı: 10 vacib addım” və ” 5 istiqamət üzrə Anti-böhran paketi”ni bir daha nəzərdən keçirib, virusla mübarizədə nəticələr əldə edən ölkələrin mütərəqqi təcrübəsini əsas götürüb, həlli vacib olan aşağıdakı təklifləri irəli sürürəm.

1.Nazirlər Kabineti yanında Operativ Qərargah yenidən təşkil edilməli, ictimaiyyətin tanınmış nümayəndələrinin də təmsil olunduğu təzə formatda Qərərgah yaradılmalı, virusla bağlı durum xalqa hər gün dürüst və açıq formada çatdırmalıdır.

2. Bütün ölkə iqtidar müxalifət, mərkəzi hakimiyyət yerli hakimiyyət, özəl bölmə, ictimai sektor ilk növbədə virusla mübarizə üçün səfərbər olmalı, könüllü tibbi və sosial yardım qrupları yaradılmalı və hamı ehtiyacı olan hər kəsə və hər ailəyə dəstək olmağa çalışmalıdır.

3. Tibbi heyəti qorumaq üçün lazımı qədər onlar maksimum mühafizə vasitələri ilə təmin olunmalı, səhiyyə işçilərinin əmək haqqı müddətli olaraq 10 qat artırılmalı, dünyasını dəyişən səhiyyə işçilərinin ailələrinə 10 min manat yardım edilməli, həlak olanların adı əbədiləşdirilməlidir.

4. Ən qısa müddətdə 10 modul tipli xəstəxaların quraşdırılması işi başa çatdırılmalı, sərgi salonları, olimpiya kompleksləri və bu tip istifadəsiz qalan digər obyektlər tibbi çarpayılar və avadanlıqlarla komplektləşdirilməlidir.

5. Səhiyyə sahəsində çalışmış şəxslərdən, tibb universitetinin tələbələrindən könüllü səhiyyə briqadaları təşkil olunmalı, onların təlimlər vasitəsilə hazırlığına start verilməlidir.

6. Testlərin sayı indiki ilə müqayisədə ən azı 2 dəfə artırılmalı, süni nəfəs aparatlarının və digər zəruri tibbi ləvazimat və avadanlıqların idxalı davam etdirilməlidir.

7. Virusun coğrafiyasına dair interaktiv surətdə yeniləşən xəritə hazırlanmalı, qaynar nöqtələr müəyyənləşdirilməli və lokal təcrid zonaları yaradılmalıdır.

8. Dövlət büdcəsinə, neft fonundun büdcəsinə, sosial müdafiə büdcəsinə, işsizlikdən sığorta büdcəsinə yenidən baxılmalı, bütün növ sosial müainətlərə, pensiyalara və təqaüdlərə müddətli əlavələr edilməli, ünvanlı sosial yardım üçün ehiyac həddi yaşayış minimumun dəyərinə çatdırılmalıdır.

9. Məşğulluq orqanlarında qeydiyyatı olan bütün şəxslərə qeyd-şərtsiz 190 manat birdəfəlik ödəmə verilməli, karantin rejimi tətbiq olunan ərazilərdə fəaliyyəti məlum səbəbdən mümkün olmayan bütün vergi ödəyicilərinə yardım edilməli, muzdlu işçilərin əməyinin bir hissəsinin müddətli ödənilməsi iyun-iyul aylarında da davam etdirilməlidir.

10. Səhiyyəyə ayrılmış vəsaitlərin idarəçiliyi və səmərəliliyi yüksəldilməlidir. Bunun üçün ilk növbədə pandemiya dövründə tibbi məqsəd üçün ayrılan ictimai vəsaitlərə dair məlumatlara çıxış imkanı yaradılmalı, səhiyyə büdcəsinin şəffaflığı və hesabatlığı artırılmalıdır.

11. Bakı şəhərində metronun fəaliyyəti dayandırılmalı, ictimai nəqliyyatdan istifadə qaydaları karantin rejimin tələblərinə uyğunlaşdırılmalıdır.

12. Vətəndaş cəmiyyəti institutları əhalı arasında maarifləndirmə işlərinə cəlb edilməli, sosial məsafə, maskalardan istifadə təbliğ və ictimai yerlər dezinfeksiya vasitələri ilə təmin edilməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir