Azərbaycan Respublikasının Gənclər Fondunun müşahidə şurasının yeni tərkibdə ilk iclası keçirildi – FOTO | DEFAKTO.AZ Azərbaycan Respublikasının Gənclər Fondunun müşahidə şurasının yeni tərkibdə ilk iclası keçirildi – FOTO – DEFAKTO.AZ

Azərbaycan Respublikasının Gənclər Fondunun müşahidə şurasının yeni tərkibdə ilk iclası keçirildi – FOTO

69

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 iyun 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Gənclər Fondunun yenidən formalaşdırılmış Müşahidə Şurasının ilk iclası baş tutub.

Müşahidə Şurasının sədri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin rəhbərliyi ilə keçirilən iclasda Müşahidə Şurasının yeni üzvləri və Gənclər Fondunun icraçı direktoru iştirak ediblər.

İlk olaraq Gənclər Fondunun Müşahidə Şurasının sədri və yeni üzvləri göstərilən etimada görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Müşahidə Şurasının sədri Yusuf Məmmədəliyev iclasda vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətləri gənclərin yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələrini təmin etməkdən ibarətdir.

Bu xüsusda, Gənclər Fondunun dövlət gənclər siyasətinin səmərəli icrasına töhfə verməsi istiqamətində gördüyü işlərə nəzər yetirilib, Fondun 10 illik fəaliyyətinə dair hesabat və bu müddət ərzində baş tutmuş genişmiqyaslı müxtəlif proqramlar barədə təqdimatlar dinlənilib. Həmçinin, cari il üzrə Fəaliyyət Planı çərçivəsində dövlət başçısı tərəfindən 2022-ci ilin “Şuşa İli” elan olunması ilə əlaqədar gənclər təşkilatları və gənclərin iştirakı ilə keçiriləcək tədbirlər planı müzakirə olunub.

İclasda həmçinin Fondun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə bir sıra tənzimləyici sənədlərə və Fondun strukturuna dəyişikliklər edilməsi ilə bağlı qərar verilib.

Müşahidə Şurasının qərarı ilə, həmçinin Fond tərəfindən gənclər üçün yeni formatda Fərdi qrant müsabiqəsi elan edilib və bununla bağlı elan Fondun müvafiq internet resurslarında (internet səhifəsi, GENCAPP – mobil tətbiq və sosial şəbəkələrdə) yerləşdirilib.

Məlumat verək ki, Şuranın yeni tərkibinə – mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, təhsil nazirinin müavini Muxtar Məmmədov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Azər Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Pərviz Mirələmli, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) idarə heyətinin üzvü Emiliya Bayramova, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) idarə heyətinin üzvü Bəxtiyar İslamov daxildir.