Deputatlar Audiovizual Şuranın işini dəyərləndirdilər | DEFAKTO.AZ Deputatlar Audiovizual Şuranın işini dəyərləndirdilər – DEFAKTO.AZ

Deputatlar Audiovizual Şuranın işini dəyərləndirdilər

42

“Bəlli olduğu kimi, “Media haqqında” qanun qəbul olunub və buna uyğun müvafiq işlər gedir. Məhz bunların fonunda Audiovizual Şuranın fəaliyyətində xüsusi canlanma hiss edilir”.

Bunu DEFAKTO.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, ümumiyyətlə bu, çox genişspektrli sahədir.

“Bu sahə geniş auditoriyanı əhatə edir. Təbii ki, hamı hər şeydən razı qala bilməz. Amma ümumi olaraq iş gedir və hesab edirəm ki, yeni qəbul olunan qanunun tələblərinə uyğun olaraq bu Şura öz işini günün tələbləri səviyyəsində qurur”, – deyə Vüqar İskəndərov əlavə edib.

Onun sözlərinə görə, Şura səmərəli fəaliyyəti ilə yeni çağırışlara cavab verir və Azərbaycan bu sahədə dünyanın öncül ölkələrindən birinə çevrilir.

Deputat Bəhruz Məhərrəmov da qurumun fəaliyyətinə münasibət bildirib. O deyib ki, “Media haqqında” qanunun qəbul olunduğu gündən ötən altı ay Audiovizual Şuranın fəaliyyətini qiymətləndirmək üçün çox az bir müddətdir.

“Bu mənada qurumun fəaliyyəti barədə qiymətləndirmə aparmağı doğru hesab etmirəm. Lakin ümumilikdə efir məkanında müsbət tendensiya hiss olunmaqdadır”.

O bildirib ki, xüsusən daha operativ reaksiyalar ümumilikdə işlərin yaxşıya doğru getdiyini göstərir. Deputat əvvəldən qalan xeyli köklü problemlərin olduğunu da deyib.

“Həm inzibati səviyyədə, həm telekanalların yayım siyasəti, efir etikasının gözlənilməməsi kimi çoxsaylı xoş olmayan nümunələr var. Hələ söhbət müstəqil yayım siyasəti, yaradıcılıq azadlığı kimi həssas məqamlardan gedirsə, Audiovizual Şuranı bütün baş verənlərin günahkarı hesab etmək ədalətli olmaz”, – deyə o əlavə edib.

Bəhruz Məhərrəmov düşünür ki, diqqət daha çox normativ səviyyədə müəyyən addımların atılmasına fokuslanmalıdır. “Məsələn, audiovizual məkan üçün işlək formal xarakter daşımayan ümumməcburi etik kodeks formalaşdırılmasına diqqət yetirilməlidir”, – deyə deputat fikrini yekunlaşdırıb.