Rüfət Xəlilzadə: “Gəlin 40 kişinin arasından keçib getməli deyil” | DEFAKTO.AZ Rüfət Xəlilzadə: “Gəlin 40 kişinin arasından keçib getməli deyil” – DEFAKTO.AZ

Rüfət Xəlilzadə: “Gəlin 40 kişinin arasından keçib getməli deyil”

62

Bütün Qafqaz “Qaytağı” ritmləri üzərində özünə mədəniyyət qurub.

DEFAKTO.az-ın müsahibi Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti Rüfət Xəlilzadədir. 

– Rüfət müəllim, bir zamanlar deyirdilər qadın rəqslərimizi 80-ci illərdə “Çinar” ansamblı bərbad etdi. Bizim qadınların zərif süzmə hərəkətləri kişivari tullanma hərəkətləri ilə əvəz olundu. Biz Qafqazın digər millətlərində zərif süzmə hərəkətlərini heyranlıqla izləyib, bunu rəqqaslarımızda görmək arzusu ilə yaşadıq.

– Əslində dediyiniz milli rəqs elementlərimiz yox olmayıb. Bizim ansamblımız yox olmuş, unudulmuş, qədim rəqsləri bərpa edir. Əsas qayəmiz milli mədəniyyəti yaşadıb, gələcək nəsillərə soy-kökümüzü çatdırmaqdır. 6 ildir sırf milli rəqslərimizə önəm veririk. Bəzən yenilik adıyla milli ruhumuzu məhv edirlər. Bizim rəqslərimizdə rəqs zamanı qadının kişinin gözünün içinə baxması qadağandırsa, o neçə kişi kimi rəqs etməlidir? Milli qadın rəqslərimiz ismət rəmzidir. Bizim kütləvi rəqslərimizdə kişilərin qadınların əlindən tutması düzgün sayılmır. Məsələn, o vaxt ermənilər ansamblımızda bir toy rəqsimizə quruluş vermişdilər, gəlin 40 kişinin arasıyla səhnəyə gəlir, bütün kişilər də əllərini sinələrinə aparıb, ona ürək verirlər. Bu biabırçılıq idi, biz bunu ləğv etdik. Bizim gəlinin 40 kişinin arasında nə işi var? Bu qaydada onların qadınları oynaya bilərdi, bizimkilər yox. Düşmən yalnız torpaqlarımıza yox, mədəniyyətimizə də gözünü dikib. Bizim folklorda yallı rəqsləri var, bunu xanımlar da ifa ediblər. Amma ifrata varmadan, estetik gözəlliyi itirmədən.  

– Söz yox ki, tarixən türk qadını at çapan qılınc tutan qadın olub, Tərəkəmə xanımların günü at belində keçib.

– Bəli, “Dədə Qorqud” boyunda Beyrək özünə necə gəlin arzulayırdı? Deyirdi məndən qabaq atlansın, qılınc vursun, güləş tutsun. Bizim xanımlar lazım olanda xanım-xatın, lazım olanda döyüşçüdülər. Amma rəqsdə hər şey əndazədə olmalıdır. Bəzən baxırsan qızlar nağarayla çıxır, nağara çala-çala kişi rəqsləri edir. Bu bizdə olmayıb. Təəssüf ki, sındırma, süzmə hərəkətlərinin bir çoxu məhv olub gedir. Rəqs strateji sahədir. Rəqsdə bir çox mədəniyyət növləri birləşib. Başqa belə bir sahə yoxdur. Rəqsdə musiqi var, xalqın xarakteri var, milli geyimlərimiz var, adətlərimiz var. Xarici ölkələrdə bizim müğənnilərimizin səsini anlamaya bilərlər, amma rəqsi mütləq anlayırlar. Rəqsimiz milli xasiyyətimizdir.

Məsələn, milli rəqslərimizdə kişilərin başında mütləq papaq olur. Bizim xalqda papağa hörmət bir başqadır. Başdan yuxarı bir Allah dayanır, bir də papaq. Yəni namusumuz, qeyrətimizdir. Ona görə bizim rəqslərdə bir çox jestlərimiz papaqla bağlıdır, əl hərəkətlərimizdə papağımıza toxunur. Bir dəfə sosial şəbəkədə gördüm, erməni qızı zurnanın müşayiəti ilə köhnə “Qazağı” rəqsimizi ifa edir. Onda 25 yaşım vardı. Çox pis oldum ki, bizdə bu rəqsi oynamırlar. Nə zamansa bu rəqsi səhnələşdirəcəyimə söz verdim. Mən 25 il rəqqas olmuşam. Ansambla bədii rəhbər təyin ediləndə bu rəqsə quruluş verdim. Bizimkilərdən bir nəfər mənə dedi ki, bu nə “çuşka” musiqidir gətirmisən? Erməni yaxşını pisdən ayırıb, mənim musiqimə sahiblənir, bizim ermənibaşlar buna “köhnəlik” deyib kənara atır. Nuh peyğəmbərin dövründə mənim dilimdə danışılıb. Onda gəlin dilimizi də dəyişək ki, köhnədir? Bu xainlikdir. Biz milli ənənələrə sadiq qalaraq yeniliklər etməliyik və biz bunu edirik. İlk milli balet də biz də yaranıb. Etdiyimiz yeniliklər, müasir çalarlar milliliyimizə ziyan gətirməməlidir.

– Qonşu xalqların özününküləşdirdiyi hansı məşhur rəqslərimiz var?

– Məsələn, bizim bir “Şələqoy” rəqsimiz var, ermənilər ona “Şalaxo”, gürcülər “Kentauri” deyir. “Şələqoy” yəni şələni qoy, gəl yarışaq. Çünki bizim kişi rəqslərimizdə bir yarış əzmi var.

-“Şələqoy”u mən “Şələkük-mələkük” adıyla da eşitmişəm.

– “Şələküm” də deyiblər. Amma rəqsin məzmununa baxanda “Şələqoy” daha uyğun gəlir. Bizim “Uzundərə”ni, “Şələqoy”u ermənilər sovet vaxtı öz simfonik əsərlərinə  daxil edirdilər. Hələ 1960-cı illərdə Əfrasiyaf Bədəlbəyli bu haqda məqalə yazmışdı. Bizə basqı edirdilər, çünki biz özümüzə, keçmişimizə qayıdanda böyük oluruq.

– Rüfət bəy, Qafqazda “Ləzginka”, “Qruzinka” adı altında çoxlu ritmlər, rəqslər var, bəs bizim niyə belə bilinən məşhur bir rəqsimiz yoxdur?

– Bax, bu yaralı məqamdır. Bizim “Qaytağı” rəqsimiz var. Ən qədim rəqslərimizdən biridir. Qaytağı əslində Kayı (Qayı) boylarının adını özündə daşıyır. Osmanlı dövlətinin əsasını Kayı boyu qoymuşdu. Kayıların babası Muğandan köçüb getmiş Süleyman şah idi. Bir dəfə Dağıstanda həmkarlarımızla söhbət zamanı yoldaşlardan biri dedi ki, siz bizim ritmimizi niyə öz adınıza çıxarırsınız?  Dedim “Lezginka” rus rəqsidir. Mat-mat baxdı. Dedim axı “Lezginka” rus dilində səslənir də. Sizin olsyadı, öz dilinizdə ad qoyardınız. Demək, sizin deyil. Bizdə bu rəqsin adı “Qaytağı”dır. Sovet dönəmində bu rəqsin adı bizə demək olar ki, qadağan edildi. Elə “Lezginka” deyirdilər. Qayılar Xızı dağlarında yaşayan Oğuz boyları olublar. Kimliyimizi unutdurmaq üçün adını dəyişdilər. Ən qədim musiqilərimizdən biridir. Qədim musiqilərimizi araşdıran alimimiz Rauf Bəhmənli 30-dan yuxarı “Qaytağ”ı ritmində musiqilər aşkarlayıb. Mən hələ müasir bəstəkar ritmlərini demirəm. Bütün Qafqaz məhz “Qaytağı” ritmləri üzərində özünə mədəniyyət qurub. Harda ikinci millət var ki, 20-dən yuxarı ritmi olsun? Bir tək “Qaytağı” üzərində gürcülər, dağıstanlılar özlərinə mədəniyyət qurub. Bunu danışmaq demək, təbliğ etmək lazımdır. Bizim ansambl məhz bu işi görür. Milli mədəniyyətimiz ailə namusu qədər toxunulmaz olmalıdır. Mən dünyaya bir də gəlsəm, bütün əziyyətlərinə baxmayaraq rəqsi seçərdim. 

– Belə baxanda dünyanın ən gözəl işidir. Rəqs edirsən. Niyə çətin olsun?

– Həqiqətən əziyyətlidir. Elə olur 5 saat durmadan məşq edirik,  5-6 köynək dəyişirik, tər su kimi axır. Səhnədə tempi itirmədən dəqiqələrlə rəqs edirsən. Rəqqas həm də  aktyor olmalıdır, obrazı yaratmağı bacarmalıdır. Yaxşı qrim etməlidir.

– İndi rəqslərimizə maraq çoxalıb. Toylara rəqs qrupları dəvət alır. Rəqs dərslərinə gedib düzgün rəqs öyrənənlərin sayı çoxdur. Necə qiymətləndirisiniz bunu?

– Mən şoudan uzaq adamam. Rəqsi qazanca çevirənlər var. Pul həyatda çox şeyi həll edir, amma hər şeyi həll etmir. Düz edənlər də var, səhv edənlər də. Düzünü desəm vaxtım olmur. İş otağıma girəndə çox zaman dostlar deyirlər sən musiqi ilə yox, tarixlə məşğulsan. Millətinin keçmişini bilməsən, səhnədə sən deyilsən, sənin millətin deyil. Biz xaricilərə öz qədimliyimizlə maraqlıyıq.

– Məsələn bu mənada nədən gileylisiniz?

– Bizim atalarımız zərli geyimlər geyməyiblər. Döyüşçü geyimlərində zərli butaların nə işi var? Qafqaz deyəndə, birinci biz yada düşürük. Çünki ən qədim etnos, vuran ürək bizik. Bizim babalar fateh olublar. Çuxaların sinəsində buta yox, hazırdaş olub. Bütün Qafqaz hazırdaşa kazıri, kazır deyir, yəni hazır. Azərbaycan kişisi altdan arxalıq, üstdən hazırdaşlı çuxa geyinib. Özü də bu geyim dizdən 1-2 qarış aşağı olub. Bu geyimin adı çuxadı, sən niyə ona “çərkəzi” deməlisən? Gürcülər çuxaya çooxa, emənilər çuxa, çeçənlər, avarlar çuxa, çoxa deyirlər. Biz öz sözümüzdən tariximizdən imtina edirik. Dövlət bu yöndə böyük işlər aparır. Cənab Prezident deyir ki, milli ruh üzərində tərbiyələnən gənclik Qarabağı işğaldan azad etdi, bu o deməkdir ki, biz milli ruhumuzdan bərk yapışmalıyıq. 

Çuxa sözü “Kitabi Dədə Qorqud”da da keçir. Bayandur bəyin əynində qara çuxa olduğu deyilir. Sovet dönəmində bizim rəqs ansamblının bədii rəhbəri erməniydi. Bilirsiniz o kimin yerinə gəlmişdi? Bizim səhnə xalq rəqslərimizin yaradıcısı, Xalq artisti Əlibaba Abdullayevin. Bu insan kənd-kənd dolaşıb, rəqslərimizi toplamışdı. Üzeyir bəy Azərbaycan musiqisi üçün nə səviyyədə insandırsa, Əlibaba Abdullayev də, rəqs sənətimiz üçün o səviyyədə idi.

– Onu nə üçün işindən uzaqlaşdırdılar? 

– Rəqs zamanı Azərbaycan dilində oxumaq lazım idi. Erməni rəqqas oxumayıb ki, “mən sizin dilinizi bilmirəm”. Əlibaba müəllim də deyib, “onda get öz ölkəndə yaşa”. Bu məsələyə görə onu uzaqlaşdırıb, yerinə həmin erməninin dayısını qoydular. Əlibaba müəllim gedəndən sonra yavaş-yavaş milli rəqslərimizə xələl gətirdilər. Çuxalar qısaldı, papaqlar başdan götürüldü, çuxaların sinəsində butalar, gül-çiçəklər, müxtəlif naxışlar peyda olur. Söhbət 70-ci illərdən gedir. Hazırda Azərbaycan Dövlət Rəqs Ansamblı milli rəqslərimizi qoruyan, köklərimizə söykənən kollektivdir. Özümü tərifləmirəm. Bizim Xanlar Bəşirov özünü milli rəqslərimizə fəda edən bir insandır. 

– Təxminən neçə milli rəqsimiz var?

– Rauf Bəhmənlinin kitabında minə yaxın rəqsimiz haqda məlumat toplanıb.

– Bir gözəl rəqsimiz də var,  eşidəndə kövrəldiyimiz “Vağzalı”. Onun əsl adı nədir?

– Gəlinin atlanıb getməsi mənasında “Atlanma” və ya “Qarabağın ağırı”.

– Rüfət bəy, rəqqaslar neçə yaşa qədər rəqs edirlər?

– Sovet dönəmində staj 20 il idi. Ağır iş idi deyə, 1 saat 2 iş saatı kimi sayılırdı. Bu, çox çətin işdir. Rəqsə başladın tempi saxlamaq olmaz. Sevməsən, bu işdə dayana bilməzsən. Əzizin ölsə də, çıxıb rəqs etməlisən. İndi rəqqaslar 65 yaşda pensiyaya çıxırlar.