Tədqiqata ABŞ və Əfqanıstan paytaxtlarından 200-ə yaxın insan cəlb edilib…
Neyrofizioloqlar şüuraltı olaraq gizli qanunauyunluqları görmək qabiliyyətinə malik insanların daha çox dindar olduqlarını və Allaha inandıqlarını müəyyən ediblər.
Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, araşdırmaların nəticələri “Nature Communications” elmi jurnalında dərc olunub.
“Şüuraltı olaraq qeyri-aşkar qarşılıqlı əlaqələri və qanunauyğunluqları görən insanların, hətta dinsiz bir ailədə böyüdükləri təqdirdə belə, dinə meyilli olduqlarını düşünürük”-deyə tədqiqatın müəlliflərindən biri olan Corctaun Universitetinin (ABŞ) dosenti Adam Qrin bildirib.
Təcrübələr zamanı ekranda nöqtələr yığımı göstərilir və tez yox olurdu. Könüllülər həmin nöqtələrin mövqelərini yadda saxlamalı və klaviaturadan yararlanaraq onları bərpa etməli idilər.
Bunun sirri nöqtələrin ekranda təsadüfən görünməməsi, açıq görünməyən, lakin hesablana bilən bir qanunauyunluğa tabe olması idi. Bunu öyrəndikdən sonra tədqiqat iştirakçıları yalnız birinin koordinatlarını müəyyən edərək bütün fiqurların mövqeyini, demək olar ki, səhvsiz hesablaya bilirdilər. Bir qayda olaraq test zamanı əksər insanlar bunu təxmin etməyi çatdıra bilmirlər, lakin gizli qanunauyğunluqları görmək bacarığı bəzilərinə bu testin öhdəsindən daha uğurla gəlməkdə yardımçı olur.
200-ə yaxın Vaşinqton və Kabul(Əfqanıstan paytaxtı) sakininin cəlb edildiyi bu cür təcrübələrin nəticələrini müqayisə edən elm adamları hər cəhətdən bir-birlərindən çox uzaq olan hər iki mədəniyyət nümayəndələri üçün xarakterik maraqlı bir qanunauyğunluğa diqqət çəkiblər.
Bu cür testlərdə ən yaxşı nəticə göstərən könüllülərin eksperimentin digər iştirakçılarına nisbətən daha çox dindar olduğu ortaya çıxıb. Müəyyən edilib ki, bu, yalnız xristian və müsəlmanlar üçün deyil, həm də dindar olmayan ailələrdə böyüyüb sonradan Yaradana iman gətirən insanlar üçün də xarakterikdir.