“Qayınana” filminin çəkiliş prosesinin görüntüləri yayımlanıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqından verilən məlumata görə, görüntülər Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi və Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifi Hüseyn Seyidzadə tərəfindən çəkilib.
Bildirilib ki, jurnalist Telli Pənahqızının AzTV üçün hazırladığı süjeti “Qayınana” filminin çəkiliş prosesini əks etdirir. Sözügedən kadrları Azərbaycan Kinematoqrafçılar İttifaqına ssenarist Füzuli Sabiroğlu təqdim edib.
Kadrlarda Hüseyn Seyidzadə və baş rolun ifaçısı Nəsibə xanım Zeynalovadan başqa, aktrisa İnarə Quliyeva və filmin quruluşçu operatoru Fikrət Əsgərov görünürlər.
Qeyd edək ki, Xalq artisti Şeyx Əbdül Mahmudov bir neçə gün öncə “Qayınana” filmini tənqid edərək, onun Azərbaycan ədəbiyyatına xas olmadığını iddia edib. Daha sonra Şeyx: “Mən filmə yox, gəlin-qayınana münasibətlərinin o cür təbliğ olunmasına qarşıyam”, – deyə açıqlama verərək sözlərinə aydınlıq gətirib.
Həmin görüntüləri təqdim edirik: