Süni intellektlə necə adam öldürməli? | DEFAKTO.AZ Süni intellektlə necə adam öldürməli? – DEFAKTO.AZ

Süni intellektlə necə adam öldürməli?

56

Qan Turalı yazır…

 13 iyunda beynəlxalq xəbər agentliklərində böyük diqqət doğurmayan bir xəbər yayımlandı. İsrailin xarici işlər naziri Yair Lapid İstanbulda turist səfərində olan israillilərin dərhal şəhəri tərk etmələrini tələb edirdi. Nazir “heç bir səfər həyatınızdan daha dəyərli deyil” cümləsini vurğuladı və əlavə olaraq qeyd etdi ki, “Bəzi vətəndaşlarımız həyatlarını xilas etdiyimizi bilmədən İsrailə qayıtdı”.

Həmin müraciətdən əlavə 100-ə qədər İsrail vətəndaşına zəng vuraraq onları geri çağırmışdı. Bəs nazirin Türkiyəyə təşəkkürlə bitən təlaşlı mesajının səbəbi nə idi? İsrail xüsusi xidmət orqanları İranın İstanbuldakı turist israilliləri hədəfə alan terror aktı həyata keçirəcəyi barədə məlumat əldə etmişdi. Bəs İranı bu addıma sövq edən səbəb nə ola bilərdi?

Strateji müttəfiqimiz olan İsraillə cənub qonşumuz arasındakı bu hekayə bir casus filmi, detektiv bir hekayə qədər maraqlı, ancaq ondan çox daha qorxunc, çox daha dəhşətli idi. O hekayə dünya hərb tarixinə düşəcək qədər maraqlı idi. Söhbət Möhsün Fəxrizadənin sui-qəsdindən gedir. Bu sui-qəsd təkcə regionumuz üçün yox, eləcə də dünyanın diqqətlə izlədiyi bir hadisə idi.

Möhsün Fəxrizadənin kimliyindən başlayaq. 2014-cü ildə “Reuters”ə açıqlama verən bir diplomat onu “İranın nüvə proqramının atası” adlandırmışdı. “Nyu York Times” qəzeti isə Fəxrizadəni ABŞ-ın nüvə proqramına rəhbərlik edən Robert Oppenhaymerlə eyniləşdirirdi. İcra etdiyi layihə səbəbindən media üçün qapalı bir şəxs olan Fəxrizadənin kimliyini dünya mediasına yenə İsrail açıqlamışdı. İsrail kəşfiyyatının əldə etdiyi məxfi sənədlərə görə, İranın nüvə proqramının beyni Fəxrizadə idi. İsrailin baş naziri Netanyahu Fəxrizadənin adını çəkib, “Bu adı yaddan çıxartmayın” demişdi.

Adı düşmən ölkənin rəhbərinin dilindən çəkilən belə bir şəxsin İran tərəfindən xüsusi qorunmadığını düşünmək sadəlövhlük olardı. Fəxrizadə kortejlə və çox saylı mühafizəçilərlə gəzirdi. Qapalı həyat sürən fizika professorunun müdafiə nazirinin müavini olduğu da mediaya məlum deyildi. Son zamanlarda İran tərəfi onun mühafizəsini gücləndirmişdi.

Ancaq həyat yoldaşı ilə birgə mindiyi maşında digər iki maşının müşayiəti ilə gedən Fəxrizadənin maşını dairəvi yoldan çıxan kimi güllə atəşinə tutuldu. Bütün güllələr Fəxrizadəyə atılmışdı. Ondan cəmi 25 santimetr aralıda oturan həyat yoldaşına bir güllə belə dəyməmişdi.  Fəxrizadə isə ölmüşdü.

Mühafizəçilər dərhal maşınları saxlayıb yol kənarındakı maşına  güllələr yağdırmağa başladılar. Bu çox gərəksiz bir iş idi. Çünki orada heç kim yox idi. Bir az sonra dəhşətli bir partlayış səsi eşidildi. Maşının içindəki bomba partlamışdı…

Hərb tarixinin yeni səhifəsi də bu idi. Yol kənarına qoyulan maşının içində qatil yox idi. Sadəcə bir pulemyot vardı. Həmin pulemyot sökülüb bir neçə dəfədə sərhəddən İrana keçirilmişdi. İndi isə maşına qurulub Fəxrizadəni gözləyirdi. Pulemyot süni intellektə malik idi, Fəxrizadəni şəxsən tanıyırdı. Ancaq onu tanıyırdı. Ona atəş açmaq üçün proqramlaşdırılmışdı. 1,6 saniyə ərzində onu tanıyıb atəş açacaq bu qorxunc silah 1600 kilometr kənardan idarə edilirdi. Saniyəyə 600 güllə ata bilirdi. Öz missiyasını bitirdikdən sonra maşındakı bir tonluq partlayıcı işə düşəcək və qatil pulemyotun izi-tozu da qalmayacaqdı. Sui-qəsd arxasınca intihar… Son dərəcə səliqəli əməliyyat idi.

İran baş verənləri anlamağa çətinlik çəkirdi. Əvvəlcə 12 sui-qəsdçidən danışdılar, sonra isə bombalı maşından. İsraili və “Xalq Mücahid”lərini ittiham etdilər. İsrail dövləti təbii şəkildə hadisədən xəbərləri olmadığını bildirdi. İşin üstü isə “New York Times” qəzetində açıldı. Qəzetə danışan üç amerikan kəşfiyyatçı əməliyyatın sirlərini bölüşdü və İsraili nişan verdi. İsrail üsyan etdi, ancaq təkzib etmədi. Onlar müttəfiqlərinin mediaya açıqlama verməsinə etiraz edirdilər.

Beləliklə, dünyada ilk dəfə süni intellekt bir qətl törətdi. Özü də son dərəcə əhəmiyyətli bir şəxsin qətlini. İsrailin xarici işlər nazirinin İstanbul xəbərdarlığının arxasında da bu qətl durur – intellektualın intellektlə qətli…