Yağışa, küləyə dözməyən damlarda yaşayan gözdən əlillər – “Korlar məhəlləsi”ndən REPORTAJ + FOTO | DEFAKTO.AZ Yağışa, küləyə dözməyən damlarda yaşayan gözdən əlillər – “Korlar məhəlləsi”ndən REPORTAJ + FOTO – DEFAKTO.AZ

Yağışa, küləyə dözməyən damlarda yaşayan gözdən əlillər – “Korlar məhəlləsi”ndən REPORTAJ + FOTO

15

Paytaxtda çoxlarının adını bilmədiyi yaşayış yeri…

Daha dəqiq desək, söhbət Nizami rayonu, Keşlə qəsəbəsindən gedir.

Keşlə məscidindən 200 metr irəlidə bir məhəllə. Buranın sakinlərinin hər birinin sakit dünyası var. Gün işığına həsrət qalsalar da, ruhları azaddır. Amma bədənlərini də məhəllənin “məngənə”ləri sıxır. Söhbət anadangəlmə və sonradan qazanılmış görmə əngəlli insanlardan gedir.

Ərazidə yaşayan insanların çoxu görmə əngəlli olduğu üçün bura “Korlar məhəlləsi” adlanır.

Təxminən 20-30 ailənin yaşadığı məhəllənin sakinləri mənzil şəraitinin yaxşı vəziyyətdə olmadığını deyirlər. Belə ki, ərazi yaşayış üçün nəzərdə tutulmayıb.

Bura Gözdən Əlillər Cəmiyyətinin 1 nömrəli tədris-istehsalat müəssisəsinin ərazisi olub. Ərazidə tikinti materialları, mismar, qıfıllar istehsal olunub.

1993-cü ilə qədər istehsalat müəssisəsi kimi fəaliyyət göstərən ərazi daha sonra bağlanıb. Bənzər müəssisələrdən Nərimanov rayonunda, Maştağa, Zabrat qəsəbələrində də olub. Həmin dövrdə əraziyə gələn gözdən əlilliyi olan şəxslər burada məskunlaşıblar.

Sakinlər deyirlər ki, məhəllənin bir hissəsində gözdən əlillər özləri yaşayırlar, bir hissəsində isə məcburi köçkünlər məskunlaşıblar. Elə evlər də var ki, gözdən əlillərin olsa da, başqa insanlar tərəfindən tutulub.

Evlərdə qışda nəmişlikdən, soyuqdan yaşamaq olmur. Yağış yağanda evlərin damı su keçirir, sakinlərin isə hər dəfə “mənzil”i təmir etməyə imkanı çatmır.

Onlar məsələyə bir əncam çəkilməsini istəyirlər. Aidiyyəti qurumlar tərəfindən onlara şəhərdən çox uzaq ərazilərdə mənzil təklif edilsə də, bəziləri işləri ilə əlaqədar həmin mənzillərdən imtina ediblər. Sakinlərin əksəriyyəti işləmir və aldıqları 248 manata yaxın pensiya dolanışıqlarını təmin etmək üçün kifayət etmir.

Sakinlər deyirlər ki, yaşadıqları yeri ev adlandıra bilmirlər.

“Divarlar çatlayıb, nəmişlikdən canımız xəstəlikdən qurtulmur. Qışda evlərimiz su içində qalır. Biz deyəndə hər kəsə qəribə gəlir, lakin görmə əngəlli insan üçün hər gün yerə döşək salıb, səhər durub, onu yığıb kənara qoymaq çox çətindir. Yoldaşım da, mən də görmə əngəlliyik. Uşaqlar evdə olmayanda sanki əlimiz-ayağımız olmur. Yaş da öz sözünü deyir, illərdir, bu çətinliklə dolanırıq. Heç olmasa, normal şəraitli evimiz olsun, biz də beş-on il ömrümüzdə rahatlıq görək”, – Sabir Tarverdiyev deyir.

Sabir Tarverdiyev deyir ki, illərdir musiqi ilə məşğuldur. Qarmon sinfində təhsilini bitirəndən sonra el şənliklərində çıxış edir:

“Anadangəlmə görmə əngəlliyəm. Orta təhsilliyəm və musiqi sahəsində çalışıram. Müəllimim ustad sənətkar Zaur Rüstəmov olub. Hazırda el şənliklərinə, tədbirlərə gedirik. Əsasən Tünzalə Ağayeva ilə birlikdə, Eyvaz Həşimovla bərabər “Hicaz” qrupunun heyətində çalışıram. Mənim bir çox layihələrim olub. Tanınan sənətkarlar Eyyub Yaqubovla, Nəzakət Teymurova ilə bir sıra layihələrimiz olub. Belə də, kənardan hər-hansı layihə təklif ediləndə çalışırıq”.

Həmsöhbətimiz vurğulayır ki, buna rəğmən, qazancı mənzilini təmir etməyə yetmir.

Məhəlləyə gəldikdə isə ərazidə görmə əngəlli şəxslərin hərəkəti üçün heç bir infrastruktur yoxdur. Sadəcə onlar bu ərazidə yaşaya-yaşaya, necə deyərlər, yıxıla-dura yolları, döngələri əzbərləmiş kimi hərəkət edirlər. Yaxınlıqda gözümüzə iri market belə dəymədi. Elə ailələr var ki, bütün üzvləri görmə əngəllidir, eləsi də var ki, onlara kömək edən insanlar var. Lakin sözügedən məhəllədə görmə əngəllilərin həyat şəraitini yaxşılaşdırmaq üçün heç bir imkan yoxdur. Görmə əngəlli insanların hərəkətini yaxşılaşdırmaq üçün taktil plitələr belə, mövcud deyil.

Ailələrin son ümidi problemlərinin ictimailəşməsi və onların mənzil təminatının, yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün aidiyyəti qurumların ailələrə dəstək verməsidir.

Könül Cəfərli
Daha çox foto burada: Photostock.az