Cəmiyyət
DYP-dən XƏBƏRDARLIQ: Beş min manat cərimələnə bilərsiniz
By Defakto.azİyn 20, 2022, 16:59 axşam
129
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib.
BDYPİ-dən daxil olan xəbərdarlıqda deyilir:
“Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericiliyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir. Qeyd olunanlar, habelə yay mövsümündə ağırçəkili avtomobillərin hərəkəti nəticəsində asfalt örtüklü yolların deformasiyaya uğrama ehtimalının artması nəzərə alınaraq, belə halların qarşısının alınması məqsədilə DİN-in Baş DYP İdarəsi yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, təyinatından asılı olmayaraq istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş, aşağıda göstərilən kütlə hədlərindən artıq olmamalı və mümkün qədər günün nisbətən sərin vaxtlarında daşınmalıdır.
Yük avtomobilləri:
• ikioxlu avtomobil üçün 18 ton;
• üçoxlu avtomobil üçün 25 ton;
• aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan avtomobil üçün 26 ton;
• dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobil 32 ton.
Kombinə edilmiş nəqliyyat vasitəsinin bir hissəsini təşkil edən nəqliyyat vasitələri;
• ikioxlu qoşqu üçün 18 ton;
• üçoxlu qoşqu üçün 24 ton.
Yəhərli avtoqatarlar üçün:
• ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafəsi 1,3 və ya daha çox, lakin 1,8 metrdən çox olmayan 36 ton;
• ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafəsi 1,8 metrdən çox olduqda 38 t;
• ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə 40 ton;
• üçoxlu dartıcı ikioxlu yarımqoşqu ilə 40 ton;
• üçoxlu dartıcı üçoxlu yarımqoşqu ilə 40 ton;
• üçoxlu dartıcı ikioxlu və ya üçoxlu yarımqoşqu ilə uzunluğu 12,192 metr, eni 2,438 metr, hündürlüyü 2,438 metr və ya 2,591 metr, yaxud 2,896 metr olan konteynerin (40 futluq konteyner) daşınması zamanı 44 ton.
Qoşqulu avtoqatarlar üçün:
• ikioxlu yük avtomobili ikioxlu qoşqu ilə 36 ton;
• ikioxlu yük avtomobili üçoxlu qoşqu ilə 42 ton;
• üçoxlu yük avtomobili ikioxlu qoşqu ilə 42 ton;
• üçoxlu yük avtomobili üçoxlu qoşqu ilə 44 ton;
• üçoxlu yük avtomobili dördoxlu qoşqu ilə 44 ton.
Avtobuslar:
• ikioxlu üçün 18 ton;
• üçoxlu üçün 24 ton;
• üçoxlu şarnirlə birləşdirilmiş üçün 28 ton;
• dördoxlu şarnirlə birləşdirilmiş üçün 28 ton.
Həmçinin sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq göstərilən yük parametrlərini aşma hallarının müəyyən ediləcəyi təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхslər altı yüz mаnаt məbləğində, icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə yol vermiş vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər isə dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər”.