Sabiq şöbə rəisi ETİRAF ETDİ: “Xidmət etdiyim müddətdə cinayət işləmişəm” | DEFAKTO.AZ Sabiq şöbə rəisi ETİRAF ETDİ: “Xidmət etdiyim müddətdə cinayət işləmişəm” – DEFAKTO.AZ

Sabiq şöbə rəisi ETİRAF ETDİ: “Xidmət etdiyim müddətdə cinayət işləmişəm”

21

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, İstintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, İstintaq idarəsində 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və İstintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

DEFAKTO.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Sahib Ələkbərov ifadə verib.

O, 20 il xidmət etdiyini diqqətə çatdırmaqla ona 6 epizod üzrə ittiham verildiyini deyib.

İttihamların saxta olduğunu bildirən Sahib Ələkbərov həmin epizodlar üzrə zərərçəkən qismində tanınan şəxslərdən hədə-qorxu ilə pul almadığını və tələb etmədiyini, rüşvət almadığını qeyd edib. O, icraatında olan cinayət işləri üzrə birbaşa sabiq Baş prokuror Zakir Qaralov və onun 1-ci müavini Rüstəm Usubovun şifahi və yazılı göstərişlərini icra etdiyini deyib: “Mən istintaqa cəlb olunan şəxslərdən nə pul almışam, nə də tələb etmişəm. Kimsə pul tələb edibsə və alıbsa, prokurorluq, prokurorluğun Ağır Cinayətlər İdarəsi araşdırma aparsın, müəyyən etsin və məsuliyyətə cəlb etsin. Mən bu gün təqsirləndirilən şəxs qismində qarşınızdayamsa, mənim sağımda Zakir Qaralov, solumda Rüstəm Usubov dayanmalıdırlar. Onların hər biri bizim kimi bütün ölkə boyu rüsvay olmalıdır. Çünki burada baş verənləri mətbuat yazır. Hər kəlməmiz mətbuatda işıqlandırılır”.

Bundan sonra Sahib Ələkbərov yazılı şəkildə hazırladığı vəsatəti elan edib. O, sabiq baş prokuror Zakir Qaralovla onun 1-ci müavini Rüstəm Usubovun məhkəmə prosesinə şahid qismində dəvət edilmələrini tələb edib: “Zakir Qaralovla Rüstəm Usubovun bu məhkəmə prosesində şahid qismində dindirilmələri olduqca vacibdir. Bu iki şəxs məhkəmədə dindirilmədən siz obyektiv, qanuni qərar qəbul etmək imkanında deyilsiniz. Çünki MTN-in İstintaq idarəsinə daxil olan material birbaşa Baş prokuror Zakir Qaralovun müavini Rüstəm Usubova məruzə edilirdi. Onun göstərişi əsasında material üzrə cinayət işinin başlanması və ya rədd olunmasına dair qərar verilirdi. Cinayət işinin başlanması haqda qərarda ayrıca bənd olurdu. Həmin bənddə 24 saat ərzində işə nəzarət edən prokurora qəbul olunmuş qərarın surətinin göndərilməsi tapşırılırdı”.

Bu yerdə Sahib Ələkbərov bir qədər əsəbi və yüksək tonda hakim Elbəy Allahverdiyevə müraciət edib, törədilmiş vəzifə cinayəti barədə məlumat vermək istədiyini açıqlayıb.

Hakim təqsirləndirilən şəxsə həmin cinayət haqda məlumat verməsi üçün şərait yaradıb və ona qışqırmadan danışmasını tövsiyə edib.

Daha sonra Sahib Ələkbərov qeyd edib: “Mən xidmət etdiyim müddətdə bir cinayət törətmişəm. Bu gün də həmin cinayətə görə məsuliyyət daşımağa hazıram. Hacı Məmmədovun mütəşəkkil cinayətkar dəstəsinin cinayətlərini araşdıran istintaq qrupunun üzvü olmuşam. İstintaq zamanı üzə çıxdı ki, “Knauf” şirkətimin rəhbərlərindən olan Rəna Nəsibova Hacı Məmmədovun dəstəsinin cinayətləri barədə Baş prokuror Zakir Qaralova ətraflı yazılı məlumat verib. Müraciətindən sonra, o zaman Rəna Nəsibovanı Zakir Qaralovun 1-ci müavini Rüstəm Usubov dinləyib. Rəna Nəsibova Rüstəm Usubova Hacı Məmmədovun dəstəsinin üzvü olan çeçenlərdən biri ilə münasibətinin olduğunu açıqlayıb. Deyib ki, Hacı adlı polis əməkdaşının adam oğurlayan və silsilə qətllər törədən dəstəsi var. Həmin çeçen Rəna Nəsibovaya Bakıda adam oğurluqları və silsilə qətllərlə bağlı çox ciddi məlumatlar vermişdi. Rəna Nəsibovaya deyirmiş ki, filan gün, filan saatda Bakıda qətl törədiləcək. Dediyi vaxtda qətl törədilirmiş. Deyirmiş ki, adam oğurlanacaq, oğurlanırmış. Rəna Nəsibova bütün bildiklərini Rüstəm Usubova deyib, o da MTN-ə və Daxili İşlər Nazirliyinə formal olaraq məktub yazmaqla işini bitmiş hesab edib. Rüstəm Usubov bu məktubu yazandan az sonra “Knauf” şirkətinin ofisində Rəna Nəsibovanın meyiti aşkar olunmuşdu. Hadisə yerinə ilk gedən də elə Rüstəm Usubov olmuşdu. Ekspertdən rəy alınmışdı ki, Rəna Nəsibovanın ürəyi bulanıb, qaytarıb və boğulub ölüb. Araşdırdıq, məlum oldu ki, Rəna Nəsibova öldürülüb. O zaman istintaq qrupunun üzvü olaraq Rüstəm Usubovun dindirilməsi mənə həvalə olundu. Dindirmə zamanı Rüstəm Usubovun əməlində cinayət olduğunu müəyyən etdim. Ona sual verdim ki, Rəna Nəsibovanın verdiyi məlumatar əsasında hansı qanuni tədbirlər görülüb. Məlum oldu ki, Rüstəm Usubov qeyd etdiyim kimi, 2 məktub yazmaqdan başqa hər hansı bir tədbir görməyib. Bu məsələni Mövlam Şıxəliyevə məruzə etdim. O da Rüstəm Usubovun həbs edilməsinə göstəriş verdi. Amma mən həmin o göstərişi icra etmədim. Buna görə peşimanam. Həmin vaxt o göstərişi icra etsəydim, bu gün burada olmazdım. Sizdən xahiş edirəm ki, Rüstəm Usubovun bu məhkəmə prosesində şahid qismində dindirilməsini təmin edəsiniz. Onun mənimlə o zamandan, onu dindirməyimlə əlaqədar şəxsi ədavəti var. Ona görə də məni də bu işə qatıb və bu gün sizin qarşınızdayam. Mən buradayamsa, Rüstəm Usubov da burada cavab verməlidir”.

Təqsirləndirilən Sahib Ələkbərovun çıxışına zərərçəkən Qulam Bağırov “sənə halaldır” – deyə replika verib və hakimdən söz istəyib. Elbəy Allahverdiyev Qulam Bağırova fikirlərini çatdırmaq üçün şərat yaradıb: “Sahib Ələkbərov, mənim qardaşımdan aldığın pul kimə çatıb? Bunu aç, de! Özün mənə demisən ki, qardaşından aldığım 135 min manatın 25 min manatını məhkəməyə vermisən. Dedin ki, 25 mini hakimə verirsən ki, mənə aidiyyəti olmayan cinayət işində barəmdə saxta hökm çıxarsın…”

Bundan sonra təqsirləndirilən şəxs Vüsal Ələkbərov məhkəmədən söz istəyərək Sahib Ələkbərovun vəsatətini dəstəklədiyini bildirib:

“Mən Zakir Qaralov və Rüstəm Usubova görə bir hökmlə təqsirim olmadan 12 il müddətinə azadlıqdan məhrum olunmuşam. Əmlakım da müsadirəyə götürülüb. 5 il cəzaçəkmə müəssisəsində dustaq həyatı yaşamışam. Bu gün məni yenə də günahım olmasa da, təkrarən sizin hüzurunuza çıxarıblar. Mən ikinci dəfə bu həyatı yaşamayacağam. Hər şeyi olduğu kimi açıb deyəcəyəm. Gözləyirəm ki, Zakir Qaralov, Rüstəm Usubov özləri gəlib burada izah versinlər. Desinlər ki, nə, necə olub. Hansı qaydada, hansı şəkildə cinayət işi başlanılmasına, qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi, hansı qaydada məhkəməyə göndərilməsi baş verib. Sizdən də xahiş edirəm ki, Sahib Ələkbərovun Rüstəm Usubovla bağlı vəsatəti təmin edilsin. Rüstəm Usubov burada şahid qismində dindirilsin”.

Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov məhkəmənin diqqətinə çatdırıb ki, zərərçəkənlərin çoxunun barəsində qanuni ittihamedici hökm qüvvədədir. Belə bir halda təqsirləndirilən şəxslərə həmin zərərçəkənlərin epizodları üzrə ittiham irəli sürmək qanunsuz olub.

Vəkil müvəkkilinə verilmiş ittihamın qanunsuz olduğunu xüsusi olaraq hakimin diqqətinə çatdırıb.

Hakim isə vəkilin sözlərinə “bu məsələni açıb-ağartmağa ehtiyac yoxdur” deməklə reaksiya verib.

Bundan sonra zərərçəkən Əfsəl Həsənəliyev söz istəyib. O, təqsirləndirilən Sahib Ələkbərovun vəsatətini dəstəkləyib: “Mənə qarşı cinayət Zakir Qaralovla Rüstəm Usubovun birbaşa rəhbərliyi altında törədilib. Mövlam Şıxəliyevgil məni həbs adı ilə girov götürüb 5 ay qanunsuz həbsdə saxladılar. Ailəmdən evimi banka girov qoydurmaqla 50 min dollar pul aldılar. Saxta cinayət işini Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərdilər. Məhkəmənin sədri Kəramət Əliyev də bunlara qoşulub bizdən pul tələb elədi. Barəmizdəki saxta ittiham aktını hökmə köçürdü, bizi məhkum elədi. 2014-cü ildə mən Baş Prokurorluğa şikayət elədim. Kəramət Əliyevin bizdən pul tələb etməsinə dair səs yazılarını ortaya qoydum. Zakir Qaralov əməliyyat müşavirəsi keçirdi, mənə də ora dəvət elədilər. Elə bildim ki, məsələ həllini tapacaq. Zakir Qaralaov isə orada göstəriş verdi ki, gedin Əfsəl Həsənəliyevin dediklərini təkzib edən izahatlar alın, cinayət işinin başlanmasını rədd edin! Zakir Qaralovun cinayətə bərabər tapşırığını yerinə yetirdilər və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxardılar. 2015-ci ildə MTN-dəki mütəşəkkil cinayətkar dəstə dağıdılandan sonra Zakir Qaralov əl-ayağa düşdü, şikayətimi də o zaman hazırda burada araşdırılan cinayət işinə əlavə etdilər. Mən Sahib Ələkbərovun vəsatətini dəstəkləyirəm, eyni zamanda, vəkilim, hörmətli Osman Kazımov mənim vəsatətimi də təqdim edəcək”.

Vəkil Osman Kazımov vəsatəti elan etməzdən əvvəl Sahib Ələkbərovun vəsatətini dəstəklədiyini açıqlayıb.

Bundan sonra təqdim edəcəyi vəsatəti elan edib.

Məlum olub ki, müvəkkili Əfsəl Həsənəliyev Zakir Qaralovla yanaşı onun 1-ci müavini olmuş Rüstəm Usubovun, MTN müstəntiqi Nadir Mustafayevin və hakim Kəramət Əliyevin məhkəmədə şahid qismində dindirilməsini istəyir.

Zərərçəkən Zaur Əliyev də həm təqsirləndirilən, həm də zərərçəkənin vəsatətlərini dəstəklədiyini bildirib: “Məhkəmə istintaqı zamanı açıq-aşkar göründü ki, bu gün mühakimə olunan mütəşəkkil cinayətkar quldur dəstənin ən aktiv üzvləri, kecmiş baş prokuror Zakir Qaralov və onun 1-ci müavini Rüstəm Usubovdur. Onlar vəzifəli şəxs olaraq Mövlam Şıxəliyevi, bu gün məhkəmə qarşısında olan bütün dəstəni himayə ediblər. Zakir Qaralov və Rüstəm Usubov Mövlam Şəxəliyev və başının quldur dəstəsinin birbaşa iştirakı ilə mən də daxil olmaqla, 36 nəfər vətəndaşın girov götürülməsinə şərait yaradır, bunlar da pul və mal alınandan sonra işi məhkəməyə göndəriblər. Həbs adı ilə girov götürülmüş, mən də daxil olmaqla, Azərbaycan vətəndaşlarından alınan pulun bölgüsündə Zakir Qaralovla Rüstəm Usubovun xüsusi payı olub. Məhkəmə zamanı sadaladıqlarım öz təsdiqini tam olaraq tapdı. Azı 10 zərərçəkən, Mövlam Şıxəliyev və onun dəstəsi dəfələrlə ifadələrində bildirdilər ki, MTN-nin İstintaq Baş İdarəsində cinayət işləri üzrə ibtidai istintaqa birbaşa Baş prokuror Zakir Qaralovun 1-ci müavini Rüstəm Usubov nəzarət edib. Onun şifahi və yazılı göstərişi əsasında cinayət işin başlanılması, qətimkan tədbirin secilməsi və dəyişdirilməsi, əməlin Cinayər Məcəlləsnin müvafiq maddəsi ilə tövsüf edilməsi həyata kecirilib.

Konkret olaraq mənim qanunsuz olaraq həbs olunmağım, faktiki olaraq girov götürülməyimlə bağlı iş üzrə aşagıda sadaladıgım şəxslərin məhkəməyə dəvət edilərək əlavə şahid qismində dindirilməsinin təmin olunmasını xahiş edirəm: sabiq baş prokuror Zakir Qaralov; 1-ci müavini Rüstəm Usubov, hakim Əfqan Haciyev, MTN İstintaq Baş İdarəsində rəis müavini Təhsin Ağayev məhkəməyə dəvət olunsunlar”.

Proses gələn həftə davam etdiriləcək.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.