Bakı Apellyasiya Məhkəməsində Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşı İsmayıl Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Defakto.az “pravda.az”a istinadən xəbər verir ki, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyulun 25-nə təyin edilib.
Xatırlatma: İ.Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə 2021-ci il sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınıb.
Belə ki, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İ.Məmmədov həyat yoldaşı Xanım Məmmədovanı qətlə yetirib.
İstintaqla müəyyən edilib ki, İ.Məmmədov xidmətdə olarkən həmin vaxt 24-cü Polis Şöbəsinin inzibati binasında arvadı Xanım Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.
İstintaq dövründə İ.Məmmədov barəsində Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.