Berluskoni və Sarkozi Medvedyevi necə içirtmişdilər… | DEFAKTO.AZ Berluskoni və Sarkozi Medvedyevi necə içirtmişdilər… – DEFAKTO.AZ

Berluskoni və Sarkozi Medvedyevi necə içirtmişdilər…

67

2008-ci ilin mayında Dmitri Medvedyev Rusiyada prezident seçiləndə, həmişə olduğu kimi, camaat tökülüşüb onun təvəllüdünə, nəsil-şəcərəsinə diqqət yetirdi.

Bu, çox vacib idi. Ola bilərdi ki, yeni prezident rusların Azərbaycanda kompakt yaşadığı kəndlərin birində doğulub və ya atası bizdəndir. Ya da mümkündür ki, yoldaşının atası bu tərəflərdəndir. Axır ki, bir yolla adama qohum çıxmaq mümkün idi.

Bizdən bir “İsgəndər” mənzili o tərəfdəki ermənilər də o cür axtarışdaydı. Bildiyiniz kimi, belə məsələlərdə onların şansı bizimkindən qıvraqdır. Fəqət nə ermənilər, nə biz Medvedyevin şəcərəsində Qafqaz izi tapa bilmədik. Hərçənd Medvedyevin babası Afanasi Kursk vilayətinin Mansurovo kəndindən olduğu üçün “Mansur”u açar söz edərək, axtarışa o tuşdan girmək olardı.

Amma qısa araşdırmadan sonra məlum oldu ki, ora-bura dartışdırmağa lüzum yoxdur, adam saf qanlı rusdur.

Allahdan, yeni prezidentin əsgərlik və tələbəlik yoldaşlarının arasında da bizimkilərdən heç kəs çıxmadı. O da ona görə Dima 17 yaşında MDU-nun hüquq fakültəsinə girib, oranı qurtaran kimi aspiranturaya daxil olub və əsgərlikdə olmayıb. Yoxsa o, əsgərlikdə olmuş olsaydı, mütləq bizim ellərdən kiminləsə əsgər yoldaşı olardı və o, prezident seçiləndə bizimki məhəllədə, kənd-kəsəkdə tay-tuşlarına danışardı ki, buna bax e, sən Allah, bu tösmərək gədəni çastda çurban edirdilər, mən qoruyurdum; yaxud, “bu əsgərlikdə olanda o qədər mənim sapoğumu mazlayıb ki, indi bax, o boyda ölkənin prezidentidir”.

Orası da var ki, Medvedyevin personasına maraq bir neçə gün şiddətli oldu, sonra hamı başa düşdü ki, o, öz iradəsi üzrə özünü baş nazir təyin etmiş Vladimir Putinin yanında işləyəcək, eləcə, prezident maaşı alacaq.

Elə də oldu. Müddətinin axırına qədər Medvedyev xaricə gedəndə də, xaricdən gələnləri qəbul edəndə də, həmişə Putindən icazə aldı. Bunu nəinki Rusiyada, hətta dünyada hamı bilirdi və bu mövzuda çoxlu zarafatlar vardı.

dim.jpg (8 KB)

O vaxt bir çoxları onun təvəllüdünə də fikir vermişdilər. Prezident seçiləndə Medvedyevin 43 yaşı vardı. Onun bizdəki tay-tuşları bələdiyyə üzvü və deputat seçilmək üçün qanlarını qaşığa qoyurdular, amma tale zəbun, rəqib qəvi olduğu üçün bacarmırdılar. Özü də Medvedyevin bizdəki həmkar və tay-tuşları xalq hərəkatına qoşulub siyasətə atılanda, mitinqlərdə fəallıq edəndə, “Az-ad-lıq” qışqıranda, professor oğlu Dima Moskvada hard-roka meyl edir, «Deep Purple», «Black Sabbath» və «Led Zeppelin» qruplarının çığırışmalarına qulaq asır, kaset toplayırdı. Bizimkilər çiyinlərini Qarabağın azadlığı, ölkəyə müstəqillik qazanması kimi ağır yükün altına verəndə gənc aspirant ağır atletika ilə məşğul olur, ştanq qaldırırdı. Amma neynirsən, adam sonrakı illərdə neçə inkişaf etmişdisə, hələ prezident olmazdan əvvəl də baş nazir, ondan qabaq da “Qazprom”un rəhbəri olmuşdu.

Lakin prezident olduğu axırıncı ildə Medvedyev özünü bir az yaxşı aparmadı, fikrindən keçmişdi ki, daha bir müddət prezident olsun, bu da Putinin xoşuna gəlməmışdi. Bununla belə, Putin təkrarən prezident seçiləndə onun qələmini tamam qırmadı, keçmişdə kəsdikləri çörəyi arada gördü, pis-yaxşı bir vəzifə (Rusiya Təhlükəsizlik Şurasının sədr müavini) verdi ki, balalarını dolandırsın.

778.jpg (25 KB)

Hazırda Medvedyev hamıdan ötə olub, dövlətçilik məsələsində Putin yalandır, Medvedyev gerçək, eyzən radikal-radikal danışır. Allah qoymasa, adam hüquqşünasdır, amma beynəlxalq hüququn tələblərini kandar şəlpəsinə çevriməyə hazır olduğunu göstərir.

Elə buna görə də Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Hoysgen o gün Medvedevi təlxək adlandırıb.

Müşahidəçilər də qeyd edirlər ki, Medvedyevin bəzi açıqlamalarından spirt C2H5OH) iyi gəlir, sanki adam yarım litr vurur, sonra çıxıb danışır.

Böyük ehtimalla elədir. Medvedyevin spirtlə arası sazdır, yaxşı içir. Bir elə içər, amma sifəti qızarmaz, dili topuq çalmaz, amma bir balaca yeriyəndə büdrəməyi var.

sarkozi-medvedev-berluskoni.jpg (80 KB)

O vaxt (2009-cu ilin iyul ayının 9-da) G-8 ölkələrinin İtaliyanın Akvil şəhərində keçirilən sammitində qoca lotu Silvio Berluskoni ilə onun fransız curu Nikola Sarkozi Medvedyevi nə təhər içirtmişdilərsə, cənab tamam küt olmuşdu, ayaqları sözünə baxmırdı, qoluna girib gəzdirirdilər. “Təsadüfən” hansısa paparassi bu görüntüləri çəkib dünya mediasına ötürmüşdü və ümümdünya lağlağısı başlanmışdı.

48432_900.jpg (43 KB)

İndi yeridir ki, həmin fotoşəkilləri Medvedyevə atıb yazalar: “Bu olmusan da, brat”. /musavat.com/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir