Yerli şou-biznes nümayəndələrinin özləri qədər övladları da hər kəsə maraqlıdır. Onların arasında məşhur olanları da var. Tanınmışların övladları müxtəlif sənət və peşə sahibidirlər. Bəziləri atalarının və analarının sənətini davam etdirsə də böyük əksəriyyəti tamam başqa sahələrdə fəaliyyət göstərirlər.
Defakto.az baku.ws saytına istinadən xəbər verir ki, övladlarının əsl peşə və sənətlərini oxuculara təqdim edir:
Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova əsasən müğənniliklə məşğul olur. O, hətta “Avroviziya 2011” seçim turlarına qatılaraq finala qədər irəliləyib, lakin finalda məğlub olmuşdu. Uzun müddətdən sonra, yəni 2020-ci ildə İlqarə müğənni Elnur Hüseynovla “Dəniz ver” adlı mahnını duet şəklində ifa edib. Sonuncu dəfə sənətçi musiqisevərlərə “Metro” adlı mahnı təqdim edib.
Xalq artisti Tünzalə Ağayevanın qızı Fidan Ağayeva Türkiyədə Bahçeşehir universitetini bitirib. O, hazırda həmin Ali təhsil müəsissəsinin magistratura pilləsində oxuyur.
Xalq artisti Mələkxanım Eyyubovanın qızı Nəzrin Nəcəfova 27 yaşındadır. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. Hazırda isə modelyer və dizayner kimi çalışır.
Xalq artisti Gülyaz Məmmədovanın oğlu Ramazan anasının sənətini davam etdirir. O, ilk addımlarını gitara ilə başlasa da, daha çox oxumağa üstünlük verir.
Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruzov bir müddət “N brazers” musiqi qrupunda çıxış edib. Hazırda isə o aktyorluqla məşğuldur. Aktyorun qızı Şəfəq Novruz və nəvəsi Ayan məşhur stilistdirlər.
Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Qarayeva müğənniliklə məşğuldur. Bir çox verilişlərə anası ilə qatılan Nigar daha çox xalq mahnıları səsləndirir. Qeyd edək ki, Nigar Qarayeva “Bacanaqlar” serialındakı Sevda obrazı ilə məşhurlaşıb.
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Türkiyədə “Marketinq və xalqla əlaqələr” fakültəsini bitirib. Bir müddət o da anası Aybəniz xanım kimi müğənnilik edib. Bu zaman Aynişan bir neçə müsabiqələrdə də iştirak edib. Hazırda isə blogerliklə məşğuldur. Daha çox Avropa ölkələrinə səyahət edən Aynişan orada lentə alınan video və fotoları 1.3 milyon izləyicisi olan instaqram səhifəsində paylaşır.
Əməkdar artist Çingiz Əhmədovun övladı İbrahim Çingiz aktyordur. Hazırda bir çox filmlərə çəkilən İbrahim bir zamanların populyar ekran işi olan “Vicdan haqqı” serialı ilə məşhurlaşıb. O, ötən il həmkarı Aydan Axundova ilə ailə həyatı qurub.
Əməktar artist Dilarə Əliyevanın qızı Aytən Əliyeva Bakı Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirib. O, hazırda Sadıq adlı bəylə ailəlidir. Cütlüyün bir övladı var. Əliyeva açıqlamalarından birində, kürəkəninin Fransada yaşadığını deyib. Aktrisanın Aytəndən başqa Banu adlı bir qızı da var.
Əməkdar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov müğənniliklə məşğuldur. Bir çox Xalq və Əməkdar artistləri iştirak etdikləri verilişlərdə Emilin gözəl səsə malik olduğunu vurğulayıblar.
Əməkdar artist Elza Seyidcahanın oğlu Ələkbər də anası kimi incəsənəti seçib. O, skripka ifaçısıdır.
Əməkdar artist Ədalət Şükürovun qızı Jalə Şükürova biznesi seçib. O, geyim mağazası açıb. Sənətçi açıqlamalarından birində qızının ən bahalı ətirləri Bakıya gətirən şirkətdə çalışdığını deyib. Əməkdar artistin övladı daha sonra aksessuar satışı ilə məşğul olub.
Müğənni Rəqsanə İsmayılovanın qızı övladı Aysun İsmayılova əvvəllər dizaynerliklə məşğul olub. Hazırda ailələli olan Aysun müğənnilik edir. O, yaxın zamanlarda Bakıda öz butikini açacaq.
Müğənni Roza Zərgərlinin qızı Bənövşə Allahverdiyeva ötən il Türkiyədəki universitelərdən birinə qabul olub. O, hazırda qonşu ölkədə magistratura pilləsində təhsil alır. Bənövşə “Benayy” adı altında müğənnilik də edir.
Rəqqasə Fatimə Fətəliyevanın qızı Aydan Menecment fakültəsini bitirib. O, 2019-cu ildə sevib-seçdiyi bəylə ailə həyatı qurub. Aydanın bir övladı var. Fatimə açıqlamalarından birində oğlunun incəsənət sahəsinə meylli olduğunu bildirib.
Müğənni Nadir Qafarzadənin iki oğlu da xaricdə təhsil alıb. Böyük oğlu Loğman Qafarzadə İsveçrənin Cenevrə şəhərindəki Avropa Universitetini bitirib. O, hazırda Əntiqə adlı xanımla evlidir. İkinci oğlu iƏziz Qafarzadə isə Moskvada Xalqlar Dostluğu Universitetini bitirib. O, Rusiya şou-biznesinə qatılaraq müğənnilik edir.
Aparıcı Xoşqədəm Hidayətqızının oğlu Zaur Qocayevin Londonda universitetlərdən birində təhsil aldığı bildirilir.
Meyxanaçı Namiq Mənanın oğlu Məna da atası kimi ifaçıdır. O, məclislərdə bəzən meyxana desə də əsasən, mahnı oxuyur.