Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Defakto.az teleqraf saytına istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Ağasalam Ağamalıyev sərbəst ifadə verib.
O bildirib ki, 2014-cü ilin noyabrında səhhəti ilə əlaqədar Yesentukiyə gedib və geri qayıtdıqda həyat yoldaşı ona evində axtarış aparılması haqda məlumat verib: “Təyyarə ilə Gəncə şəhərinə gəldim. Həyat yoldaşımla əlaqə saxlayaraq Gəncədə olduğumu demək istəyirdim. Həyat yoldaşım ağlaya-ağlaya dedi ki, səhər yaşadığımız evə MTN əməkdaşları gəlib, axtarış keçiriblər, gedəndə isə sənin MTN-nə gəlməyinlə bağlı kağız qoyublar. Həmin kağızın üzərində nömrə yazıblar ki, onlarla əlaqə saxlayasan.
Evə gələndən sonra kağızın üzərinə yazdıqları mobil nömrəyə zəng elədim. Özünü MTN-in müstəntiqi Sənan kimi təqdim edən şəxs məni MTN-ə çağırdı. 14 noyabr 2014-cü ildə, saat 15 radələrində MTN-in inzibati binasına getdim, Sənanla əlaqə saxladım. “Komendaturaya get, sənədini təqdim et, orada qeydiyyata alıb səni bura göndərəcəklər” dedi. Dediyi kimi elədim, məni Sənan adlı müstəntiqin otağına apardılar. Təxminən 5 dəqiqə ərzində söhbət zamanı Sənan harada yaşadığım və işləməyim barədə suallar verdi.
Sonra məni şöbə rəisi Yasin Məmmədovun iş otağına apardı. İş otaqları yanbayan idi. Otaq böyük idi. Girişdən sağdakı divarın qarşısına təxminən 7-8 ədəd stul düzülmüşdü, sol tərəfdə uzun masa, həmin masanın ətrafında oturacaqlar vardı. Divara bitişik vəziyyətdə böyük şkaf, şkafın orta rəfində “Qurani-Kərim” kitabı qoymuşdular.
Otağa girəndə Yasin Məmmədov mənimlə zarafatlaşdı, qızıl alqı-satqısı ilə məşğul olan Ramiz adlı şəxsi tanıyıb-tanımadığımı soruşdu. Mən də Ramizi Gəncə Univermağında qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğuna görə tanıdığımı dedim. Yasin Məmmədov indiyə qədər Ramizdən nə aldığımı soruşdu. Mən də arabir Ramizdən qızıl-zinət əşyaları alıb-satdığımı dedim.
Yasin Məmmədov Ramizi tutduğunu deyib masanın üzərindəki vərəqdən mənimlə Ramiz arasında olan telefon danışıqlarına dair mətni oxudu. Soruşdu ki, Ramizlə telefonla danışmışam. Dedim ki, danışmışam. Yasin Sənana tapşırdı ki, apar bunu, dindir. Dindirmə təxminən 40-45 dəqiqə davam elədi. Ramizlə telefon danışıqlarımın səs yazısını kompüterə qoyub mənə dinlətdi.
Yasin Məmmədov otağa daxil oldu, Sənandan siqaret istədi, yandıraraq “fortoçka”nı açaraq orada dayandı. Üzünü mənə tutub “Ağa sən nə fikirləşirsən, eşidirəm, sözünü de” söylədi. Mən də “çağırmısınız gəlmişəm, nə deməliyəm” deyə sual elədim. Yasin Məmmədov “evə getmək istəyirsənmi” sualını verdi. Dedim, kim evə getmək istəməz. Bildirdi ki, sən yaxşı oğlansan, həm də müalicədən qayıtmısan, istəmirəm səni “podval”a salım, səni buraxmaq istəyirəm. Sonra da sol əlinin şəhadət barmağını göstərərək “bunu verib gedərsən evinə” söylədi. Məndan 10 min manat pul istədiyini zənn elədim. “10 min istəyirsən” sual elədim. Qayıtdı ki, nə danışırsan? 10 min nədir? 100 min gətir. Soruşdum ki, mən nə etmişəm? Nə səbəbə 100 min verməliyəm?
Yasin də “özün bilərsən, 100 min verməsən səni tutacağam, Ramiz tutulmamışdan 2 ay əvvəl onunla telefonla danışmısan” dedi. “Ramizlə telefonla danışmaq olmazmı” sualını verdim. Yasin də “sən onunla alver etmisən” dedi. Mən də “alver etmək bəyəm cinayətdir” sualını verdim. Bu zaman Yasin özündən çıxdı. Dedi ki, istəsəm, səni həmin cinayətə qoşaram, yaxşı-yaxşı fikirləş, ağıllı ol. Məni hədələdi.
Həbs olunacağımdan qorxdum, Yasin Məmmədovdan vaxt istədim, dedim ki, evə gedib atamla məsləhətləşəcəyəm. Yasin də dedi ki, heç yerə getməyəcəksən, sözünü bunlara deyərsən. Otaqdan çıxdı. Sənan və Şahin adlı müstəntiqlər nə fikirləşdiyimi soruşdular. Maksimum 20 min tapıb verə biləcəyimi dedim. Onlar da “20 min azdır, biz bunu rəisə deyə bilmərik” dedilər.
Axırda Sənan dedi ki, gedim Yasin müəllimin fikrini öyrənim, gəlirəm. 5 dəqiqə sonra otağa qayıdıb “Yasin müəllim razılaşmır, heç olmasa 80 min gətir” söylədi. Xeyli söhbət edəndən sonra məbləği 60 minə endirdilər. Onlara dedim ki, mənim bu qədər pulum yoxdur. İstənilən məbləği verməsəm, tutacaqları ilə hədələdirlər.
Məcburiyyət qarşısında 40 minlə razılaşdım. Sənan yenə Yasin Məmmədovun otağına getdi, qayıdıb məni Yasin Məmmədovun yanına apardı. Otağa girən kimi Yasin Məmədov dedi ki, “yekə kişisən, bu nə rəqəmdir mənə deyirsən, 40 mini mən istəyirəm ki, sən çıxıb ailənin yanına gedəsən, amma görürəm sən evə yox, “podval”a getmək istəyirsən, get görüm nə edirəm”. Sənan məni öz otağına apardı. 10-15 dəqiqə sonra yenidən otağa gəldi, “danışdım, 40 minə əmələ gəlmir, 60 min gətir” dedi.
Onun kiminlə danışdığını bilmədim. Həmin məbləğə gücüm çatmayacağını dedim. Yasin Sənandan siqaret götürüb yandırdı, “fortoçka”nı açıb siqaret çəkərək bir qədər fikirləşdi, qəflətən sağ əlini uzadıb beş barmağını göstərdi, “50 minə razılaşdıq, ver əlini, Allah xeyir versin” dedi. Əlimi uzatmaq istəmirdim. Şahin dirsəyi ilə qoluma vurub “əlini uzat, sonra gec olar” ded. Məcbur olub Yasin Məmmədovla əl uzatdım”.
Zərərçəkən deyib ki, Yasin Məmmədov bundan sonra sevincək otaqdan çıxıb və təxminən 30 saniyə sonra yenidən geri qayıdıb: “Otağa girən kim “pulu nə vaxt gətirirsən” soruşdu. 1 ay vaxt istədim, Yasin 1 ayın çox olduğunu dedi, 10 gün vaxt verdi. Pulu dollarla verə biləcəyimi dedikdə, Yasin “biz Amerikada yaşamırıq, Azərbaycanda yaşayırıq, burada manat işləyir” dedi. Əlavə elədi ki, aramızda olan pul söhbətləri burada qalır, heç kəsə bu barədə məlumat vermirsən. Biz onsuz da sənin telefonlarına qulaq asırıq. Bizim hər yerdə qulağımız var. Əgər bu barədə kiməsə məlumat versən səni həbs edəcəm.
Yasin Məmmədovun göstərişi əsasında Sənan səs nümunələrimi götürdü. Həmin gün axşam MTN-dən çıxıb yaşadığım evə getdim. Səhər də Mərkəzi Univermaqda özümə aid satış rəfində olan qızıl – zinət əşyalarını dəyərindən aşağı qiymətə satıb 32 min dollar toplaya bildim. 10 günün tamamında Sənan zəng edərək harada olduğumu soruşdu. Sənan “sən burada olan söhbət barədə kiməsə nəsə demisənmi” soruşdu. Heç kimə heç bir söz demədiyi bildirdim.
Təxminən yarım saat sonra Sənan yenə zəng elədi. Dedi ki, sən bu barədə kimə demisən, kimdən xahiş etmisən. Yasin Sənanın əlindən telefonu alaraq çox əsəbi, acıqlı tərzdə “mən sənə demədim bu söhbət burada qalsın, sənin məsələni bizdən başqa heç kim həll edə bilməz, bu işdə səndən başqa Ağamalıyev var” sual elədi. Cavabımı gözləmədi, “bir dənə sənsən Ağamalıyev, sən işlərini çətinə salırsan, sənədləri neynədin, düzəltdin” sualını verdi.
Başa düşdüm ki, sənəd deyəndə pulu nəzərdə tutur. Cavab verdim ki, sənədlər hələ tam hazır deyil. Yasin daha da əsəbi şəkildə “təcili sənədləri götür, gəl bura, səni gözləyirəm” dedi. Topladığım 25 min manat pulu götürüb MTN-in inzibati binasının yaxınlığına getdim, Sənana zəng elədim. Üstümdə olan pulla komendaturadan keçə bilib-bilməcəyimi xəbər aldım. Sənan dedi ki, narahat olma, gəl. Mən də Sənanın otağına gedib 25 min manat pulu masanın üzərinə qoydum. Sənan ondan pulun nə nədər olduğunu soruşdu. 25 min manat düzəldə bildiyimi dedim. “Sənə 50 min manat deyilmişdi, niyə 25 min manat gətirmisən” – soruşdu.
Dedim ki, bu məbləği zorla yığmışam. Sənan pulu götürüb Yasin Məmmədovun otağına getdi, 5 dəqiqə sonra əliboş qayıtdı. Dedi ki, alınmadı, Yasin müəllim səni gözləyir. Otağa daxil olan kimi Yasin Məmmədovla görüşmək üçün yaxınlaşmaq istəyəndə verdiyim pul olan zərfi əlində tutub üstümə qışqırdı. “Dayan! Otur orda” dedi. “Bu nə puldur gətirmisən, bura bazar deyil, biz səninlə kişi kimi söz danışdıq, günah səndə deyil, məndədir, müsəlmana gərək yaxşılıq etməyəsən, mən səni gərək “podval”a salardım, qohum-əqraban gəlib aylarla burada mənim qəbuluma düşmək üçün gözləyərdilər, yalvarardılar ki, al bu pulu, burax uşağımızı” bağırırdı. Mən yanına çağırdı, “niyə belə edirsən, istəyirsən ki, səni tutum qoyum içəri” sual elədi.
Dedim ki, başqa pulum yoxdur. Yasin Məmmədov daha da əsəbiləşdi, masanın üzərindən boş ağ vərəqi götürüb göstərdi “bu ağ vərəqi görürsən, mənim bu vərəqə bir imza atmağım kifayətdir ki, səni tutum, səncə mən bunu edə bilərəm, ya edə bilmərəm” soruşdu.
Dedim ki, ixtiyar sahibisən, hər şey edə bilərsən. Bu da başladı ki, “mənim sənə yazığım gəlir, 3 övladın var, niyə görə səni tutum, get ağıllı ol, pulun qalan hissəsini gətir, sənə 3 gün vaxt verirəm”.
Şkafın rəfindəki “Qurani Kərim” kitabını əlinə götürüb “bax bu Qurana and içirəm ki, 3 günə pulu gətirməsən, harda olursan ol, səni tutacam, səndən xahiş edirəm, yazıqsan, səni bədbəxt eləmək istəmirəm, get pulun qalanını gətir, səni tutmayım” dedi. Qorxu içində idim, Yasinin sözlərindən həyəcan keçirmişdim. Həmin gün məni MTN-də heç bir müstəntiq dindirmədi. Təxminən 1 saat ərzində MTN-də, konkret olaraq Yasin Məmmədovun otağında isə təxminən 25-30 dəqiqə oldum. MTN-dən çıxdıqdan sonra yaşadığı evə getdim”.
Zərərçəkənin sözlərinə görə, qayınanası Sona Ələkbərovanın evinə gedərək MTN-in istintaq şöbəsinin rəisi Yasin Məmmədovun ondan yerdə qalan 25 min manat pulu istədiyini bildirib:
“Qaynanamdan borc pul istədim. O da cəmi 10 min dollar pulu olduğunu dedi və o pulu mənə verdi. Dostum Mehmandan 5 min 300 manat, yeznəm Rəşad Cəfərovdan 12 min 500 dollar borc alıb ümumilikdə 25 min manat pulu düzəltdim. 27 noyabr 2014-cü il günorta MTN-in binasının yanına getdim. Yenə də Sənana zəng elədim. Sənan məni Yasin Məmmədovun otağına apardı. 25 min manat pulu Yasin Məmmədova verdim. Yasin pulu götürdü, masasının altında olan siyirtməni açaraq ora atdı. “Bu barədə heç kimə heç nə demirsən, bizim hər yerdə qulağımız var, əgər eşitsəm, bilsəm, verdiyin pul batacaq və özünü də tutacam, get alverini elə, sənə heç kim dəyib dolaşmayacaq” dedi.
Bu hadisədən sonra 2015-ci ilin may ayına kimi Mərkəzi Univermaqda işlədim. Müflis olduğuma görə oradan çıxdım. 2015-ci ilin noyabrın əvvəlində Ramiz Əliyev mənimlə Mərkəzi Univermağın qarşısında görüşdü. “Mən həbsdən çıxandan sonra bilmişəm ki, sizləri MTN-də incidiblər və pullarınızı alıblar. Artıq şikayət etmişəm ki, mənə görə sizləri MTN-nə çağırıblar, mən hamınızın adını qeyd etmişəm, adlarını çəkdiyim şəxslərlə görüşmüşəm, tək sən qalmısan, səndən də xahişim budur ki, düzünü deyəsiniz, səndən başqa heç bir istəyim yoxdur” dedi.
15 noyabr 2015-ci il tarixdə MTN-də müstəntiq işləyən Sənan Veysova zəng elədim. Onlara vediyim 50 min manat pulu geri istədim. Təxminən 2 saat sonra Sənan “Gənclik” metrostansiyasının yanındakı univermağın qarşısında mənimlə görüşdü. Sənan dedi ki, sən pulu mənə yox, Yasin Məmmədova vermisən. Mən də dedim ki, 25 min manat pulu şəxsən ona, yerdə qalan 25 min manat pulu isə onun yanında şəxsən Yasin Məmmədova verdiyimi dedim. Sənan da “sən düz deyirsən, mən pulu səndən alıb cibimə qoymamışam, Yasinə vermişəm” dedi. Mən də Yasin Məmmədovdan məndən aldıqları 50 min manat pulu alıb geri qaytarmasını istədim.
Bu söhbətdən sonra Mərkəzi Univermaqda baş inzibatçı işləyən Samir zəng elədi, görüşmək istədiyini dedi. Söhbət zamanı Samir “Ağa, sən pulu Yasinə əlbəəl vermisən” sualını verdi. Mən də Yasin Məmmədova birinci dəfə 25 manat pulu Sənanın vasitəsi ilə, ikinci dəfə isə 25 min manat pulu şəxsən onun özünə əlbəəl verdiyimi dedim. Samir “sən Yasinin adını heç yerdə çəkmə, soruşulsa, denən onun işçisi Sənana vermişəm, Yasinin adını hallandırma, Yasini məndən çox yaxın münasibətim olan bir şəxs xahiş edib, imkan varsa, Yasinin adını heç yerdə hallandırma” dedi. Bu vaxt Samir adlı şəxsin mobil telefonuna zəng gəldi. O, danışdığı şəxsə “Ağa yanımdadır, o başqa söhbət edir, telefon söhbəti deyil, görüşəndə deyərəm” dedi. Mənim pulumu qaytarmadılar”.
Zərərçəkən ifadəsini yekunlaşdırandan sonra tərəflər ona bir neçə sual veriblər. Yasin Məmmədov Ağasalam Ağamalıyevin dediklərini yalana çıxarmağa çalışıb.
Növbəti sərbəst ifadə verən Seyran Nəcəfov olub. O da iş üzrə zərərçəkəndir. Sərbəst isfadəsində göstərib ki, “Sədərək” Ticarət Mərkəzində ticarətlə məşğul olur. 2013-cü ilin avqustunda ona fəhlə Balaşirin zəng edərək malın gəldiyini bildirib.
Malları boşaltmağa başlayarkən özlərini MTN əməkdaşları kimi təqdim edən şəxslər yaxınlaşaraq konteynerdə olan malların qaçaqmal olmasını və buna görə də MTN-nə getməli olduqlarını deyiblər. Həmin axşam onu, Balaşirini, Elmanı və digərlərini MTN-ə aparıblar.
Səhərə qədər saxlayaraq izahatlarını alıblar. İzahatı verəndən sonra hamısını buraxıblar. Bir neçə gün sonra Elvar Əliyev istisna olmaqla hamını birlikdə yenə MTN-ə çağırıblar. Onlara qaçaqmalçılıq ittihamı irəli sürülüb. Halbuki heç bir qaçaqmalçılıq etməyiblər.
Bu dəfə onları İstintaq Baş İdarəsinə aparıb müstəntiq Samir Əliyevin oturduğu otağa salıblar. Orada onu həbs ediblər. 3 gün sonra onu Səbail rayon Məhkəməsinə apararaq barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, həbsdən çıxana qədər verilən pul və pulun miqdarı, pulun kim tərəfindən kimə verilməsi barədə xəbəri olmayıb.
Çıxandan sonra qardaşı Elçin Nəcəfov onun azadlığa buraxılması üçün MTN-nin müstəntiqi Fuad adlı şəxsin ondan əvvəl 300 min manat pul istəməsini, Elçinin qiyməti aşağı salaraq məcbur 100 min manatda dayandığını, buna görə digər qardaşı Xəzər Nəcəfovun “Neftçilər” metrosundan yuxarıdakı öz adına olan üç otaqlı evini satıb həmin pulu Fuad adlı müstəntiqə verdiyini danışıb.
Həbsdə olarkən müstəntiq Fuad Məmmədov onu qəbul edib və onların hamısının azadlığa çıxma məsələsinin ancaq İstintaq Baş idarəsinin rəisi Mövlam Şixəliyevin həll edə biləcəyini deyib.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.