“350 gündə 4 milyondan çox məktub alan yeganə məhkum idim” | DEFAKTO.AZ “350 gündə 4 milyondan çox məktub alan yeganə məhkum idim” – DEFAKTO.AZ

“350 gündə 4 milyondan çox məktub alan yeganə məhkum idim”

74

Defakto.az qafqazinfo.az saytına istinadən xəbər verir ki, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun “Yeni-Azərbaycan” qəzetinə müsahibəsini təqdim edir:

– Ədalətli rəhbər olmaq asandırmı və siz ədalətlə rəhbərlik etdiyinizi düşünürsünüzmü?

– Öncə onu deyim ki, şirkətin idarəçiliyində nizam-intizam ən önəmli qaydadır. Məncə, bu, uğurun təməlidir, daim diqqət etmək lazımdır. Amma bu o demək deyil ki, insanları əzmək olar. Mənim iş prinsipim budur. İnsanlara imkan verirəm ki, öz qabiliyyətlərini, imkanlarını göstərə bilsinlər. Demək olar ki, əməkdaşlarımızı işdən azad etmirəm. Ən önəmlisi insanları qazanmaqdır. Hər zaman demişəm, “Palmali” şirkət deyil, ailədir. Əsasən türk və azərbaycanlılardan ibarətdir. Çox az qisim başqa millətlərdəndir, rəhbərlikdə olanların çoxu azərbaycanlılardır. Əvvəllər daha çox idilər, amma bəziləri bizi satıb qaçdılar. Ədalət və nizam-intizam varsa, idarə etmək çətin deyil. Ədalətliyəmmi? Mən kimisə kimdənsə soruşmuram, dedi-qoduya yol vermirəm, birini tanımaq istəyirəmsə, özüm araşdırıram. Çalışıram şirkətimin əməkdaşlarının yaşayış səviyyəsi başqa şirkətlərdə işləyənlərə nisbətən yaxşı olsun. Tez- tez xalq arasında oluram. Çox vaxt soruşanda deyirəm, “səhv salmısınız, mən Mübariz deyiləm”. İnsanları eşitmək, dinləmək üçün tez-tez sadə insanların çox toplaşdığı yerlərə gedirəm, taksiyə minirəm, marketləri gəzirəm.

– Adınızı hər zaman xeyriyyə işləri ilə qoşa eşidirik. İnsanlara kömək edərkən hansısa kriteriyaları əsas tutursunuz, yoxsa kim istəyir ona yardım edirsiniz?

– “Mübariz yardım edir” deyə bir şey yoxdur. Biz Allahın əliyik. Allah bizə verir, biz də insanlara. Sadəcə, Allah məni vasitəçi olaraq görüb, o insanın ruzisini mənim əlimlə göndərib. Əslində özümün seçim etmək, yardım etmək kimi işlərə vaxtım yoxdur. Bu işlərə şirkətin yardım fondu baxır. İnsanlar var ki, sadəcə sui-istifadə edirlər, dəfələrlə müraciət edirlər, dəfələrlə yalançı müraciətlər olur, dəfələrlə eyni şeyi istəyirlər. Bunlar araşdırılır.

– Xeyriyyəçilər var ki, birinə 2 kilo qənd versələr də, bunu kameralar qarşısında edirlər. Mütləq şəkildə işıqlandırılmasını tələb edirlər…

– Biz isə tələb edirik ki, bu barədə heç yerdə heç nə deyilməsin. Mən iş adamıyam, mesenat deyiləm. Verən Mübariz deyil, Allah verir. Pul cibimizə girmədən öncə hara gedəcəyinə dair qədəri yazılıb. Rəhmətlik dədəm həmişə deyirdi, kəfənin cibi yoxdur. Mənə tövsiyə edərdi ki, rəhməti yaşayarkən qazan.

– Kənardan yardımsevər, dininə sadiq, güclü bir iş adamı, güclü xarakteri olan kişi kimi görünürsünüz. Sizin öz baxışınızla Mübariz Mənsimov kimdir?

– Mübariz Mənsimov milyardlarla insandan, 10 milyon azərbaycanlıdan biridir. Heç kimdən heç nə ilə fərqlənmir. Sadəcə, Allah mənə bir az imkan verib, onunla seçilirəm. Allah insanı yaradanda qədərini, cizgisini çəkir. Mən çalışıram ki, bu cizgidən kənara çıxmayım ki, sonra geri dönüb tövbə etməyim, yalvarmayım.

– Azadlıqdan məhrum olduğunuz 350 gün sizi dəyişdirdi?

– Yox, dəyişmədim. Dediklərimin hamısının arxasındayam, yenə eyni düşünürəm. Mən FETÖ-çü deyiləm. İlk növbədə şiəyəm, şiəlikdə də belə bir anlayış yoxdur, ikincisi, mən Gülənlə iki dəfə görüşmüşəm, rəsmi qaydada, bu görüşlərim dövlətdən gizlin olmayıb, hər iki görüşmədə bir-birimizə çox neqativ duyğular bəslədik. Yəni məni tanıyan kimə desən ki, Mübariz FETÖ-çüdür, bu sözə gülər. Bu mənə qarşı oynanılan oyun idi, mən borcumu qaytarmağı bacarıram və borclu qalmayacağam. Mən ovçuyam, illərlə o anın gəlməyini gözləyə bilərəm. O an gələcək. Pislik eləməyəcəyəm, amma çıxıb soruşacağam. Mən yəqin ki, 350 gündə 4 milyondan çox məktub almış yeganə məhkum idim. Məktubları qoyacaq yer yox idi və məktublar dünyanın hər yerindən gəlirdi. Sadəcə, göndərilən kitab sayı 1200-dən çox idi.

– Ovçu demiş, bildiyimizə görə yaxşı silah kolleksiyanız var. Silahı tuşlamaq istədiyiniz biri var?

– Yalnız ermənilərə! Pula, şirkətləri itirməyə görə insan öldürülməz. Allah qorusun, namus olar, vətən davası olar, o zaman silah çəkilər. Mən keçmiş hərbçiyəm. Mənim üçün silah tutmaq, can almaq çətin bir iş deyil. Lakin etmərəm.

– Haqqınızda iddialar səslənir, siyasətə gəlmək istədiyinizi deyənlər var.

– Oğlumun hazırda 15 yaşı var. Gözləyirəm ki, 20 yaşı olsun, oxusun şirkətin başına keçsin. Mən də dünya turuna çıxım. Mənim artıq 55 yaşım var. Nə siyasət. Heç bir zaman siyasət adamı olmadım, olmaram da. Bir də mən çörək yediyim qaba tüpürmərəm. Prezident İlham Əliyevin atası rəhmətlik Heydər Əliyevin mənim həyatımda özəl bir yeri var. Mənim ofisimdəki muzeydə Heydər Əliyev guşəsi mövcuddur. Hər zaman deyirəm, Türkiyə üçün Atatürk kimdirsə, Azərbaycan üçün Heydər Əliyev odur. Məncə Azərbaycan Prezidenti İlham Əliyev çox uğurlu siyasət yürüdür. Bu siyasətin qarşısında yeni siyasət yürütmək ağılsızlıqdır. Qarabağı kişi kimi dedi və aldı. Mehriban xanım da özünü xalqa həsr etmiş insandır. Təbii ki, dövlət başçısı hamının xoşuna gələ bilməz. Dünyada belə bir sistem yoxdur, mütləq narazı qalanlar olur. Bu mənada, Azərbaycanda da bəlkə narazılıq edənlər var. Bu narazılıqların kökündə başqa şeylər durur. Bu gün Azərbaycan inkişaf etmək istəyirsə, ölkə rəhbərinin əməyini dəyərləndirməlidir. Qarabağ alındımı? Alındı. İnkişaf gedirmi? Gedir. İslahatlar aparılırmı? Aparılır. İlham Əliyevin Ukrayna müharibəsi başlamazdan öncə Rusiya ilə müttəfiqlik bəyannaməsini imzalaması isə şah və mat idi. Çox düşünülmüş, uzaqgörən siyasət idi. Ona mane olmağa çalışanlar var. Bu hər yerdə belədir. Məsələn, mənim şirkətimdə ikinci demirəm, birinci dərəcəli adamlarım belə məni satdılar.

– Satdılar deyərkən, siz dara düşəndə qoyub getdiklərini nəzərdə tutursunuz, yoxsa sözün hərfi mənasında satqın oldular?

– Pula satıldılar, üzümə yalançı şahidlik etdilər.

– Əlinizdə faktlar var demişdiniz. Bu faktları üzə çıxarmaq fikriniz var?

– Onda onlarla mənim fərqim nə olacaq? Mən heç vaxt arxadan vurmaram, nadürüstlük etmərəm. Beynəlxalq məhkəməyə vermişəm. Hazırda biz İngiltərədə yalançı şahidlərlə qazanılmış bu məhkəməyə qarşı yeni bir məhkəmə iddiası qaldırmışıq. Proses gedir. Məhkəməni qazanım, ilk işim Azərbaycana gəlmək olacaq. Ədalətə inanıram. Sonuna qədər hüquq yoluyla gedəcəyik. Mənim onlardan bir az fərqim var. Arxadan zərbə planlaşdırmıram.

– Qarabağa investisiya yatırmaq fikriniz var?

– Düzünü deyim ki, indilik düşünmürəm. Hələlik Azərbaycana yatırımla bağlı bir söz deyə bilmərəm. Ən azından məhkəmələr bitib, haqlı olduğumu sübut edənə qədər bunu etməyəcəyəm. Azərbaycanda məni sevməyən qüvvələr var. Nə elədimsə, istədiyim kimi eləməyə qoymadılar. Yatırımım ancaq tələbələr oxutmaq şəklində olur və olacaq. Bizim “Pal egitim” qrupu var, bu işin başında da şirkətin İnformasiya Texnologiyalar Departamenti dayanır. Əsasən kasıb və şəhid ailələrinin uşaqlarını oxuduruq.

– Şəhidlərdən söz düşmüşkən, şəhidlərin adlarını gəmilərinizə verirsiniz və hər dəfə şəhid ailəsinə zəng vurub ailədən halallıq istəyir, razılıq alırsınız.

– Razılıq rəsmi sənədləşmə üçün lazımdır. Mütləq izin alınmalıdır. Həm özüm zəng edirəm, istəyirəm, bir az sevinsinlər, unudulmadıqlarını hiss etsinlər. Gənc insanlar itirdik. Şəhidlərimizin orta yaşı 30 təşkil edir. Onlar gələcəyin qurucularıydı. Bu günlərdə iki şəhid qardaşın adını gəmilərimizə verdik. Mən çox kövrəldim. Bir ailədən dağ kimi iki qardaş Vətən, torpaq uğrunda canından keçib. Ataları deyir, yenə oğlum olsa, yenə qurbandır, “Vətən sağ olsun, Prezident sağ olsun” deyir. Baş əyirəm onların qarşısında. Bu millətlə dağı dağ üstünə qoymaq olar. Onlara vəfa borcum var. Mən həbsdə olanda məni məhz belə insanlar dəstəklədilər. Öz acılarını unudub, məni düşündülər. Mənim əlimdən gələn də budur.

– Şəhidlərimizin sayı gəmilərinizin sayından qat-qat çoxdur.

– İnşallah 3-4 ilə mənə elə gəlir ki, gəmilərimizin sayı da çoxalacaq və hər şəhidin adı bir gəminin üzərinə yazılacaq.

– Son zamanlar “Palsüd”ü az-az görürük, şirkət daha işləmir?

– İşləyir. Təmirdən yeni çıxıb, natural məhsullardır deyə tez alınır və ona görə siz onu piştaxtalarda tapa bilmirsiniz. Amma yaxın vaxtlarda məhsullarımızın sayı da, çeşidi də çoxaldılacaq.

– Sosial şəbəkələrdə aktivsiniz, adınıza çoxlu səhifələr var.

– Mən deyiləm. Rəsmi səhifəyə İT Departamenti baxır. Amma mənim adımdan səhifə açıb pul qazananlar var. Əvvəllər məhkəməyə müraciət edirdik, daha boş veririk.

– Mübariz bəy, hərbi məktəbi bitirdiniz, amma taleyinizi gəmilərə bağladınız. Nə üçün təyyarə yox, qatar yox, məhz gəmi?

– Mən heç vaxt əsgər olmaq istəməmişəm. Dəcəl uşaq idim, güclə məni verdilər “Naxçıvanski”yə. 6 ay orada oxuduqdan sonra, Moskvaya göndərdilər. Qorbaçov Sovetlər birliyini “laxladandan” sonra Sovet ordusunda rus əsilli olmayan gənc zabitlər istefa verməyə başladılar, onlardan biri də mən oldum. Almaniyadaydım, erməni generalı döydüm, sonra ərizəmi verib ayrıldım. Gəmi isə mənim uşaqlıq arzum idi. Gəmim var idi, amma işi bilmirdim. Gəmi işini öyrənmək üçün yemək bişirməyi bilməyə-bilməyə gəmiyə aşpaz kimi işə düzəldim. İlk gün yemək bişirəndən sonra az qala məni gəmidən dənizə atırdılar. Belə-belə gəmiylə yollarımız birləşdi, kapitanlıq da aldım. Dənizçiliklə bağlı bütün peşə incəliklərini öyrəndim. Bolqarıstandan, Yakutiyadan köhnə gəmilər almaqla işi böyütdüm. Sonra özüm inşa eləməyə başladım. Hədəflər qoydum.

– Bu gün nə qədər gəminiz var?

– Mən həbs olunmazdan öncə 300-dən çox idi. İndi Türkiyədə 51 tankerimiz var. İndoneziya və Sinqapurla birgə yüzdən çoxdur. Ən çox ziyanı Türkiyədəki şirkətlərimiz gördü. 2000-2012-ci ilə qədər Xəzərin yükünün 80 faizini biz daşıyırdıq.

– Yenə gələcəksiniz Xəzərə?

– Durmaq yoxdur, yola davam edəcəyik. “Palmali” Azərbaycan brendidir və haram pula qarışmamış brenddir. Böhtanı bizə yalnız Azərbaycan mediası atdı. Sifarişli şəkildə. Amma daha cavab vermirəm. Çünki sayıqlamadan başqa bir şey demirlər. Bu gün SOCAR rəhbərliyinə gənc insanlar gəlib və onların çox yaxşı gələcək vəd etdiyini bilirəm. Məncə çox yaxşı olacaq.

– Azərbaycanın iqtisadiyyatının gələcəyini necə görürsünüz?

– Azərbaycan Prezidentinin apardığı islahatları çox yüksək qiymətləndirirəm. Gənclərin rəhbər vəzifələrə gətirilməsi təqdirəlayiq haldır, onların keçmiş yaşlı məmurlar kimi olmayacağına inanıram. Azərbaycanın gələcəyini çox gözəl görürəm. Dövlətin siyasətini dəstəkləmək lazımdır. Söz yox ki, yanlışlıqları da demək lazımdır. Sağlam tənqid sağlam cəmiyyətdə olur. Burada medianın və QHT-lərin üzərinə yük düşür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir