Tural Abbaslı: Ermənistan Qərb ilə Rusiya ARASINDA: “Yeni reallıqlar fonunda köhnə tələbləri irəli sürmək məntiqsizlikdir” | DEFAKTO.AZ Tural Abbaslı: Ermənistan Qərb ilə Rusiya ARASINDA: “Yeni reallıqlar fonunda köhnə tələbləri irəli sürmək məntiqsizlikdir” – DEFAKTO.AZ

Tural Abbaslı: Ermənistan Qərb ilə Rusiya ARASINDA: “Yeni reallıqlar fonunda köhnə tələbləri irəli sürmək məntiqsizlikdir”

141

“Son günlər Ermənistan Qarabağ məsələsində destruktiv mövqe nümayiş etdirir. Ermənistan hələ məğlub olduğunu, reallıqların dəyişdiyini tam qəbul etmək istəmir, yeni reallıqda isə köhnə tələbləri irəli sürmək məntiqsizlikdir və heç bir müsbət nəticəyə gətirib çıxartmayacaq”.

Defakto.az editor.az saytına istinadən xəbər verir ki bu sözləri açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib.

Partiya sədri bildirib ki, istər Ermənistan iqtidarı, istərsə də cəmiyyəti Qərblə Rusiya arasında qalıb:

”Onlar nə edəcəklərini bilmirlər, başlarını itiriblər. Paşinyan isə o qədər də axmaq deyil, reallıqların fərqindədir. Sadəcə olaraq onun ritorikasında tez-tez dəyişiklərin olması ona olan təzyiqlərdən aslıdır. Bu təzyiqlər isə gah birbaşa Rusiya tərəfindən, gah da dolasıyla Qərbdən gəlir. Bunun nəticəsində isə Paşinyanın proseslərə olan münasibəti formalaşır. Bəzən o, reallıqları əks etdirən normal çıxışlar edir, bəzən isə sırf Rusiyanın mövqeyini əks etdirən bəyanatlar verir. Brüssel görüşündən sonra Paşinyanın Moskva səfəri və ardınca tələblərinin dəyişməsi anlaşılandır. Məlumdur ki, Rusiya bu məsələnin həllində maraqlı deyil. Rusiyanın Azərbaycana təsir imkanları çox azdır. Ona görə də İrəvana təzyiq edir ki, proseslər yekun sülh razılaşmasına gəlib çatmasın”.

Tural Abbaslı Ermənistanda müxalifətin etirazlarına ictimaiyyət tərəfindən ciddi dəstək gələcəyini düşünmür:

“Qarabağ müharibəsini uduzmuş və müxalifətin dili ilə desək “Qarabağı təhvil verməyə hazırlaşa” Paşinyan müharibədəki məğlubiyyətindən sonra da bu müxalifətə qalib gəlib. Əslində erməni xalqı məğlub Paşinyana səs verirsə, demək müxalifətin o qədər də böyük şansı yoxdur, heç bir uğur əldə etməyəcəklər. N.Paşinyan müxtəlif dövrlərdə həm Rusiyanın, həm də Avropanın mövqelərindən çıxış edir. Ona görə də Rusiyanın Paşinyanın hakimiyyətdə qalmasını dəstəkləməsi onun mövqeyindən aslıdır. Rusiya üçün Ermənistanda hakimiyyətdə hansı qüvvənin olmasından çox, sözünə əməl edəcək birinin olması daha vacibdir. Paşinyan da Rusiya reallıqlarını yaxşı bildiyi üçün Qərb meyilli olsa belə hadisələrin gedişatında rəsmi Kremlin də maraqlarına cavab verməyə çalışır. Hesab etmirəm ki, Putin Paşinyanı devirib yerinə kimisə gətirməyə çalışır. Bu proseslər fonunda Azərbaycan Ermənistandakı prosesləri ciddi izləməli və mümkün təhlükələri nəzərə alaraq hərəkət etməlidir. Əgər Ermənistanda xaotik vəziyyət yaranarsa, revanşistlər hakimiyyətə gələrsə və ya Azərbaycana qarşı aqressiv münasibətdə olan siyasi hakimiyyət formalaşarsa, Azərbaycan öz Ordusunun gücü ilə öz təhlükəsizliyini təmin etməlidir. Belə olarsa yalnız Qarabağda deyil, həm də Azərbaycan-Ermənistan sərhədlərində bəlli hərbi əməliyyatlara hazır olmalıyıq. Azərbaycan Rusiya-Ukrayna müharibəsi fonunda Moskvaya qarşı dünyanın gərginləşən münasibətini nəzərə alaraq addımlar atmalıdır. Oynanılan oyunlar artıq Ermənistanı aşıb, ona görə də biz hər mərhələdə dünyadakı siyasi prosesləri mütləq nəzərə almalıyıq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir