Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva adından iftar verilib.
Defakto.az DEFAKTO.az-ya istinadla xəbər verir ki, iftar süfrəsi Moskva müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı və Rusiya müsəlmanları Ruhani İdarəsi və Moskva hökumətinin dəstəyi ilə “Poklannaya qora”da qurulan Ramazan çadırında keçirilən “Azərbaycan axşamı” çərçivəsində baş tutub.
Tədbirdə çıxış edən “Zəkat” Xeyriyyə Fondunun baş direktoru Rifat İsmayilov Heydər Əliyev Fonduna iftarın təşkilinə görə təşəkkürünü bildirib: “Bu çadıra 350 insan yerləşir. Onlar bu gün iftarlarını açmaqla yanaşı həm də Azərbaycanın mədəniyyəti ilə tanış olurlar. Bugünkü gündə, heç də sadə olmayan dövrdə bu, çox vacibdir. “Qurani Kərim”də də deyildiyi kimi, biz sizi tayfalar və xalqlar olaraq yaratdıq ki, siz bir-birinizi tanıyasınız. Bu cür tədbirlərdə məhz müqəddəs kitabın bu ayəti yerinə yetirilir. Ona görə də Heydər Əliyev Fonduna bu tədbiri təşkil etdiyinə görə böyük təşəkkür düşür”.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova isə çıxışında İslam dəyərlərinin Azərbaycanın milli mənəviyyatının ayrılmaz tərkib hissəsi olduğunu söyləyib. O bildirib ki, ölkəmiz iqtisadi, siyasi və mədəniyyət sahəsində liderlik mövqeyinə malik olmaqla yanaşı, həm də dünyada multikulturalizmin mərkəzi hesab olunur. Tamilla Əhmədova Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin fəaliyyətindən danışaraq onun humanitar layihələrdə fəal iştirak etdiyini xüsusi vurğulayıb: “Artıq uzun illərdir ki, Fond “Ramazan çadırı” layihəsində iştirak edir və ildən ilə bu layihədə fəallığını artırır”.
Tədbirdə çıxış edən digər natiqlər “Ramazan çadırı” layihəsinin humanitar layihə kimi əhəmiyyətini xüsusi vurğulayıblar.
Moskva müsəlman dini məktəbinin direktoru Ənəs Həzrət Məmmədov Rusiya azərbaycanlıları üçün Moskvada Heydər Əliyev Fondu tərəfindən iftar təşkil olunmasının böyük fəxr olduğunu söyləyib: “İftarda iştirak edənlər Azərbaycanın mədəniyyəti, tarixi və mətbəxi ilə tanış olurlar. Bir sözlə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvadakı azərbaycanlıları və bütün müsəlmanları birləşdirir. Bu, çox vacibdir”.
Tədbirdə Azərbaycanda multikulturalizmdən bəhs edən film də nümayiş olunub. “Ramazan çadırı” layihəsinin təşkilatçıları layihəyə təşkilati, yaradıcı və mənəvi dəstək verdiyinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı təşəkkür məktubu ilə təltif ediblər.
İftara qədər Azərbaycandan olan din xadimi Müqəddəs Qurandan surələr oxuyub, dualar edib. Daha sonra Moskva müsəlmanları iftar açıblar. Onlara Azərbaycan mətbəxinin milli nümunələri təqdim olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 16 ildir ki, Moskvada təşkil olunan “Ramazan çadırı” layihəsində iştirak edir. “Ramazan çadırı” Rusiya Müftiləri Şurasının Moskvada yaşayan və İslam dininə ibadət edən çoxsaylı xalqların nümayəndələrini birləşdirən və onlar arasındakı əlaqələri möhkəmləndirmək məqsədi ilə həyata keçirilən vacib layihədir.