Əmək pensiyaları ilə bağlı dəyişikliklər paketinin Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix açıqlanıb | DEFAKTO.AZ Əmək pensiyaları ilə bağlı dəyişikliklər paketinin Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix açıqlanıb – DEFAKTO.AZ

Əmək pensiyaları ilə bağlı dəyişikliklər paketinin Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix açıqlanıb

117

“Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlarda və Əmək Məcəlləsində dəyişikliklər layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix açıqlanıb.

Defakto.az “report”a istinadən xəbər verir ki, qanunlara dəyişiklik layihələri parlamentin aprelin 26-da keçiriləcək iclasında müzakirə olunacaq.

Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 10 maddəsinə 43 dəyişikliklər edilir. Bu dəyişikliklərdən bəziləri redaktə xarakterli, bəziləri yeni anlayışların tətbiqi ilə əlaqədar dəyişikliklərdir. Belə ki, qanun layihəsində təklif olunan dəyişikliklərə kişilərin və qadınların pensiyaya çıxma yaşının unifikasiyası, çoxuşaqlı ailələrə güzəştlərin artırılması, eyni zamanda pensiyaya çıxma şərtlərinin sadələşdirlməsi, pensiyanın bir növündən digərinə keçidin, daha tez pensiyaya çıxma hallarının genişləndirilməsi kimi müddəalar daxildir.

Bundan əlavə, qanuna dəyişikliklərdə sonradan hərbi xidmətə qəbul edilmiş pensiyaçı hərbi rütbəli şəxslərin pensiyasının son təminat xərcliyinə görə yenidən hesablanaraq artırılması, ailə başçısını itirmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, ailə başçısına şəhid statusu verildiyi tarixlə müraciət olunan tarix arasındakı müddət üzrə də pensiya məbləğinin ödənilməsi kimi müddəalar da daxil edilib.

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırılması məqsədilə isə “Sosial müavinətlər haqqında” qanunun müvafiq müddəalarına mahiyyət və məzmun dəyişiklikləri təklif edilir. Belə ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa müavinətin digər sosial ödənişlərdən asılı olmayaraq təyin edilməsi, həmçinin şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinətin təyin olunması imkanı yaradılır.

Əmək Məcəlləsinin 49-cu maddəsinə isə təklif olunan dəyişikliklər həmin maddənin adını dəqiqləşdirməklə yanaşı, fiziki şəxs olan işəgötürənlə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi hallarının tənzimlənməsi məqsədilə hazırlanıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir