Başını yaran, pirlərin qarşısında sürünən insan kütləsi onlardan ağıllıdır? – “Park Bulvar” izdihamıyla bağlı qalmaqallı açıqlama | DEFAKTO.AZ Başını yaran, pirlərin qarşısında sürünən insan kütləsi onlardan ağıllıdır? – “Park Bulvar” izdihamıyla bağlı qalmaqallı açıqlama – DEFAKTO.AZ

Başını yaran, pirlərin qarşısında sürünən insan kütləsi onlardan ağıllıdır? – “Park Bulvar” izdihamıyla bağlı qalmaqallı açıqlama

73

Xəbər verdiyimiz kimi, ötən gün “Park Bulvar” ticarət mərkəzində məşhur bloger Hüseyn Həsənovun gəlişi ilə bağlı izdiham yaşanıb. Pandemiya ilə əlaqədar tətbiq olunmuş qaydaların pozulması ilə müşayiət olunan tədbir zamanı hətta bir çox insanların halı pisləşib. Sosial mediada bu izdiham biabırçılıq adlandırılıb. Maraqlıdır, bəs insanların bu vəziyyətə düşməsinin səbəbi nədir? Bir blogerə və onun vəd etdiyi telefon hədiyyəsinə görə insanların axını doğurdan da biabırçılıqdırmı?  

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa bildirib ki, xalq üçün biabırçılıq, utancverici məqam kütlənin bir blogerə görə özünü elə aparması deyil, alimlərinin, yazarlarının səviyyəli əsərlərinin olmamasıdır, qaragüruhun diktə etməsidir:  “Bu, niyə xalqımız üçün utancverici görüntü olur? Reallığımız budursa, nədən utanmalıyıq? Xalqın alt qatında həmişə bu var. Təsəvvür edin, orada pulsuz “iPhone” telefonlar yox, adi “krosovka”lar, köynəklər belə paylansaydı, yenə eyni izdiham olacaqdı. Bu, aclıqla, yoxsulluqla bağlı məsələ deyil. Ümumiyyətlə, dünyagörüşümüz, düşüncəmiz alt qatlarda budur. İndi nəzərə ala bilərik ki, həmin gənclərin “iPhone” almağa pulları yoxdur, bahalıdır, ona görə də “iPhone” almaq onlar üçün bir şansdır. Bir alkoqolik yazarın paylaşdığı “lağlağının” altında rəy yazan yüzlərlə adamlar bu izdihamda iştirak edən gənclərdən ağıllı deyil. Azərbaycanda olan sosial şəbəkə qaragüruhu onlardan ağıllı deyil və daha təhlükəlidir. Orada iştirak edənləri yenə başa düşmək olar, cavanlardır və ümidləri var ki, bəlkə, bir “iPhone” əldə edə bilərlər”.  

 Millət vəkili qeyd edib ki, həmin tədbirdə iştirak edənləri hədəfə almaq düzgün deyil:  “Bu hadisə digərlərindən təhlükəli deyil. Diqqətlə baxsanız, görərsiniz ki, yalandan plagiat əsərlər yazıb, dissertasiya müdafiə edib diplom alanlardan heç də fərqli abu-hava deyil. Gənclərin izdihamı bunların qarşısında daha faciəlidir? Bizdəki dini rituallara diqqət edin. Başını yaran, özünü həlak edən, yaxud pirlərin qarşısında sürünən insan kütləsi bunlardan ağıllıdır?  Bu gün bu səviyyəyə gəlib çıxmaq məhz yuxarı qatda cəmiyyəti mənəvi, intellektual tərəfdən yönləndirən bataqlığın, boşluğun, quraqlığın olmasıdır. Əgər orada pulsuz tort paylasaydılar, bu dəfə cavan uşaqlar yox, orta yaşlı nəslin nümayəndələri, bütün günü çayxanalarda domino oynayaraq vaxtını öldürən insanlar axın edəcəkdi. Eyni zamanda, ora bir baldırı açıq müğənni də çıxsa, yenə eyni kütlə yığışacaq. Ara müğənnilərin mahnısını dinləyən 1 milyon insan izdihamda iştirak edən gənclərdən çoxmu ağıllıdırlar? Düşünürəm ki, biz özümüzü təhlil etməliyik”.  F. Mustafa cəmiyyətin bu hala gəlməsinin səbəblərindən də danışıb:  “Azərbaycanın ziyalı potensialı tükənib, yoxdur. Ölkəmizdə bu gün diplomlu insan sayı çoxalıb. Diplom sayının çoxalması hələ ağıllı adamların sayının çoxalması deyil. Professor, akademik, siyasətçidir, amma sağlam düşünə bilmir. Elə siyasətçilər var ki, 20 ildir boş-boş danışır. Həmin insanlar oradakı gənclərdən heç də ağıllı deyil. Bütövlükdə bu məsələyə bir az geniş aspektdən yanaşmaq lazımdır. Sual vermək lazımdır: bu izdihamdan niyə utanırsınız? Hamı özündən utanmalıdır. Bu cəmiyyəti silkələməli olduğumuz bir vaxtda, daha fərqli yol izləyirik. Sanki qıraqda duranların hamısı əladır, tənqidçidir. Araşdırsan görərsən ki, həmin tənqidçilərin hamısı mənasız “TikTok”ların dalınca gedənlərdir”.  

  Millət vəkili hesab edir ki, “Park Bulvar”da yaranan izdihama yalnız hüquqi baxımdan qiymət verilməlidir:  “Pandemiya şərtləri hələ ortadan qaldırılmayıb. O zaman niyə imkan verilir ki, bu qədər insan maskasız hərəkət etsin? O boyda izdihamda maska tələbi yoxdursa, onda başqasına niyə cərimə yazılır? Hamı hüquq qarşısında bərabərdir. Ona görə də gündəmi zəbt edən , “Park Bulvar” hay-küyünü yalnız hüquqi aspektdən dəyərləndirməyi haqlı hesab edə bilərik”.  /bakupost.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir