Elçin Mirzəbəyli: “Azərbaycanla Ermənistan arasında tamamilə yeni bir səhifədən yeni bir proses başlayır” | DEFAKTO.AZ Elçin Mirzəbəyli: “Azərbaycanla Ermənistan arasında tamamilə yeni bir səhifədən yeni bir proses başlayır” – DEFAKTO.AZ

Elçin Mirzəbəyli: “Azərbaycanla Ermənistan arasında tamamilə yeni bir səhifədən yeni bir proses başlayır”

76

Ermənistan dövlətlərarası münasibətlərin qurulması üçün Azərbaycanın təqdim etdiyi beş prinsipi qəbul edib.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

Söhbət əsnasında Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşdırılması məsələlərinə və aprelin 6-da Brüsseldə keçirilmiş görüşə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla dövlətlərarası münasibətlərin qurulması üçün beş prinsipdən ibarət təqdim etdiyi sənədi və Ermənistan tərəfinin bu prinsipləri qəbul etdiyini xatırladıb.

BAXCP sədrinin müavini, əməkdar jurnalist Elçin Mirzəbəyli bildirdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində hər hansı bir “münaqişə”nin həllindən söhbət getmir və gedə bilməz: “Ermənistan sülh müqaviləsi ilə bağlı Azərbaycanın irəli sürdüyü 5 təklifi – baza prinsiplini qəbul edib. Bu prinsiplər isə iki dövlət arasındakı münasibətlərin tənzimlənməsini nəzərdə tutur. Azərbaycan ərazilərində yaşayan etnik ermənilərlə bağlı məsələnin bu prosesə heç bir aidiyyəti yoxdur. Bir müddət öncə Ermənistanın xarici işlər naziri Arorat Mirzoyan öz açıqlamasında etnik ermənilərlə bağlı məsələnin ”ərazi deyil, insan hüquqları məsələsi” olduğunu bildirmişdi. Bu fikir digər mülahizələrin fonunda diqqətdən kənarda qalsa da, Azərbaycanla Ermənistan arasındakı təmasların və sülh prosesinin əsasını təşkil edir. Azərbaycan Konstitusiyası öz vətəndaşlarının hüquq və azadlıqlarına beynəlxalq konvensiyaların bütün norma və prinsiplərini əsas götürməklə təminat verib və eyni yanaşma hazırda Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində yaşayan etnik ermənilərə münasibətdə də tətbiq olunacaq. İndiki şəraitdə əsas məsələ Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin arasında sülh müqaviləsinin müvafiq müddəalarının razilaşdırılması ilə bağlı aparılacaq danışıqların tez bir zamanda baş tutmasıdır. Bu danışıqlar formatına daxil olan prinsiplərin mahiyyəti isə aydındır və sülh prosesində 44 günlük müharibənin nəticələrinin sıradan çıxardığı, artıq əhəmiyyətini itirmiş prinsiplərə istinad olunmayacaq. Bu o deməkdir ki, Azərbaycanla Ermənistan arasında tamamilə yeni bir səhifədən yeni bir proses başlayır. Bu proses isə özündə iki dövlətin arasındakı münasibətləri nəzərdə tutur. Azərbaycan ərazisində yaşayan etnik ermənilərlə bağlı məsələnin Ermənistana hər hansı bir formada aidiyyəti yoxdur və sözügedən etnik qrupla bağlı bütün məsələlərin həlli Azərbaycan Respublikasının suveren hüquqlarına aiddir. Prosesin yubadılması isə Ermənistana yaxşı heç nə vəd etmir. Əks təqdirdə, Ermənistan mövcud təcrid məngənəsindən xilas ola bilməyəcək və onun üçün həyati əhəmiyyət kəsb edən bütün layihələrdən kənarda qalacaq. Bu baxımdan, Brüssel görüşündə delimitasiya prosesinin sürətləndirilməsi, həmçinin paralel olaraq iqtisadi fəallığın artırılması üçün müvafiq əməkdaşlıq formatının yaradılması ilə bağlı razılaşma təsadüfi deyil. Delimitasiya isə Azərbaycanla Ermənistan arasındakı sərhəd boyu müvafiq nəzarət mexanizmlərinin tətbiqini nəzərdə tutur. Dövlətlərin sərhədlərinin toxunulmazlığı və suveren hüquqları kompleks anlayışdır və bu anlayışın hər hansı bir hissəsinin kontekstdən çıxarılması mümkün deyil”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir