MÜHARİBƏ QANUNLARI | DEFAKTO.AZ MÜHARİBƏ QANUNLARI – DEFAKTO.AZ

MÜHARİBƏ QANUNLARI

263

Yalçın Hacızadə: Beynəlxalq hüququn əsas on prinsipi sülhün və təhlükəsizliyin qorunmasına, beynəlxalq münasibətlərin dinc vasitələrlə  təmin olunmasına xidmət edir

Rusiyanın Qərblə mübarizəsinin nəticəsi olaraq Ukraynaya qarşı işğal hərəkətləri siyasi qərar olsa da, həm işğala başlamağı, həm də işğal müddətində hərbi fəaliyyətilə beynəlxalq hüquq normalarını pozur. Rusiyanın müharibə dövründə dinc insanlara qarşı silah istifadə etməsi, öldürməsi, işgəncə və zorakılıq törətməsi, mülki obyektləri atəşə tutması Rusiya dövləti və rəhbərliyi üçün beynəlxalq cinayət məsuliyyəti məsələsinin müzakirəsini yaradıb..

Beynəlxalq hüququn əsas on prinsipi sülhün və təhlükəsizliyin qorunmasına, beynəlxalq münasibətlərin dinc vasitələrlə  təmin olunmasına xidmət edir. Bu on prinsip müharibə başlamadan əvvəl  mövcud olur və ya müharibə bitdikdən sonra sülhün əldə olunması danışıqlarında meydana çıxır. Müharibə başladıqdan sonra isə onun aparılması qaydasını tənzimləyən mexanizm “Beynəlxalq humanitar hüquqdur”.

Beynəlxalq humanitar hüquq – silahlı münaqişələr zamanı tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normalarının məcmusuna deyilir.

Beynəlxalq humanitar hüquq ədəbiyyatlarda «silahlı münaqişələr dövründə tətbiq edilən hüquq», «müharibə hüququ» (jus in bello), «silahlı münaqişələr hüququ», «müharibə qanun və adətləri» və s. formada adlanır.

«Humanitar hüquq» görkəmli alim Jan Pikte tərəfindən beynəlxalq-hüquqi leksikonuna daxil edilib. Bu normalar yalnız silahlı münaqişə zamanı tətbiq olunur.

Beynəlxalq silahlı münaqişə – müharibənin elan olunub-olunmamasından, xarakterindən və tərəflərin müharibə vəziyyətini tanıyıb-tanımamasından asılı olmayaraq, – iki və ya daha artıq dövlət arasında baş verən silahlı hərbi münaqişə kimi başa düşülür.

Beynəlxalq humanitar hüquq müharibəni qadağan etmir. O, obrazlı desək, birbaşa döyüş meydanına gəlir və sırf humanist mövqedən çıxış edərək, artıq başlamış müharibəni, onun xarakterindən və başlama səbəblərindən asılı olmayaraq müəyyən normativ çərçivəyə salmağa can atır.

Beynəlxalq humanitar hüququn normaları Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevre Konvensiyasında öz əksini tapmışdır.

Bu normalar mülki şəxslərin, habelə hərbi əməliyyatlarda bilavasitə iştirak etməyən şəxslərin həyatına və fiziki toxunulmazlığına hörmət edilməsini, zorakılığın və artıq əzab-əziyyətin qarşısını almağı, döyüş aparılmasının müəyyən metod və vasitələrini məhdudlaşdırmağı tələb edir. Həmçinin, təslim olan və ya hərbi əməliyyatlarda artıq iştirak etməyən düşməni öldürməyi, ona xəsarət yetirməyi qadağan edir, yaralılar və xəstələrə yardım edilməsini, tibbi heyəti, tibbi müəssisələri və nəqliyyat vasitələrinin qorunmasını, düşmən tərəfə və müharibənin məqsədinə (məsələn, düşmənin hərbi gücünün məhv edilməsi və ya zəiflədilməsi və s.) uyğun gəlməyən ziyan vurulmasının yolverilməzliyini, müharibə iştirakçısı olmayan dövlətlərin mənafelərinin qorunması bildirir.

Beynəlxalq humanitar hüququn pozulması beynəlxalq cinayət məsuliyyəti yaradır və belə hallar “insanlıq əleyihinə”, “müharibə cinayətləri” və “soyqırımı” cinayətləri kimi tövsif olunur.

Yalçın Hacızadə,

politoloq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir