Razi Nurullayev: “Ölkə daxilində sərnişin qatarlarının hələ də bağlı qalması sual doğurur” — ÖZƏL | DEFAKTO.AZ Razi Nurullayev: “Ölkə daxilində sərnişin qatarlarının hələ də bağlı qalması sual doğurur” — ÖZƏL – DEFAKTO.AZ

Razi Nurullayev: “Ölkə daxilində sərnişin qatarlarının hələ də bağlı qalması sual doğurur” — ÖZƏL

86

Qarşıdan xalqımızın qədim adət-ənənəsi olan Novruz bayramı gəlir. Hər kəs bu gözəl bayramı öz ailəsi, qohum-əqrəbası ətrafında keçirmək istəyir. Bu məqsədlə də rayonlara üz tuturlar. Amma ölkə daxilində ən rahat nəqliyyat vasitəsi olan qatarların işləməməsi insanlar arasında artıq ciddi narahatlıq doğurur. 

Məsələ ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev açıqlama verib. Deputat vurğulayıb ki, artıq neçə illərdir ölkə daxilində dəmir yolunun bağlı qalması Azərbaycan vətəndaşları arasında ciddi narahatlıq yaradır: “Quru sərhədlərinin bağlı olduğu üçün beynəlxalq gedişlərin ləğv olunmasını və ya dayandırılmasını başa düşmək olar. Hərçənd ki, mən bunun da artıq açılmasının tərəfdarıyam. Çünki artıq bir çox ölkələr bu açılmalara gedir. Ümumiyyətlə, bizim sərhədlərin hələ də bağlı qalması da heç anlaşılan deyil”. Ətraflı

Deputat həmçinin qeyd edib ki, ölkə daxilində rayonlara, şəhərlərə gedən qatarların dayandırılması və hələ də işə salınmaması böyük suallar doğurur, narazılıqlar yaradır: “Açığı bunun səbəbini mən də bilmirəm. Çox istərdim ki, bunun səbəbini bildirərdilər, çünki özüm də eşitmək istəyirəm. Bilirsiniz ki, qarşıdan Novruz bayramı gəlir. Təbii ki, insanlarımız rayonlara üz tutacaqlar. Düzdür, vətəndaşlarımız yol maşınları, avtobuslarla rayonlara gedirlər və nəticədə böyük sıxlıq yaranır. Onu da qeyd edək ki, bu nəqliyyat növləri ilə səyahət etmək o qədər də komfortlu deyil. Amma qatarlarla insanlar rayonlara üz tutarkən belə idi ki, axşamdan minirdilər, səhərdə evində olurdular. Yəni, cədvəlini və proqramını buna uyğunlaşdıra bilirdilər. Həmçinin, maddi cəhətdən ucuz başa gəlirdi, həm də daha çox sərnişin apara, gətirə bilir. Amma bunun işləməməsi, hələ də bağlı qalması başa düşülən deyil və istərdim ki, tez bir zamanda Azərbaycanda dəmir yolu qatarlarının işləri tamamən bərpa olunsun. Bəziləri deyir ki, bu təmirlə bağlıdır. Amma yollarda eyni vaxtda təmir gedə bilməz axı. Yaxşı bir marşrut, iki marşrut üzrə təmir olunsun. Axı, bütün rayonlara, şəhərlərə işləyən qatar yollarında eyni vaxtda təmir gedə bilməz. Yaxud da təmir gedirsə, bunun tezliklə həll olunması vacibdir ki, insanlar artıq dəmir yolu qatarlarından da istifadə edə bilsinlər”.

Mövcud durumla bağlı  “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq. Qurum rəsmisi Dürdanə Hacıyeva  bildirib ki, ölkə daxilində qatarların açılması ilə bağlı hələ ki, heç bir məlumat yoxdur. O qeyd etdi ki, bu barədə məlumat olan kimi mütləq şəkildə məlumat veriləcək. /demokrat.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir