Günlərlə ac qalıb fəhlə işlədi, pişiyi üçün elçi getdi, özündən on bir yaş kiçik adamla evləndi | DEFAKTO.AZ Günlərlə ac qalıb fəhlə işlədi, pişiyi üçün elçi getdi, özündən on bir yaş kiçik adamla evləndi – DEFAKTO.AZ

Günlərlə ac qalıb fəhlə işlədi, pişiyi üçün elçi getdi, özündən on bir yaş kiçik adamla evləndi

70

Xalq artisti Nəsibə Zeynalova

Bu gün böyük aktrisa, Xalq artisti Nəsibə Zeynalovanın anım günüdür. Kulis.az bu münasibətlə aktrisa haqqında on maraqlı faktı təqdim edir.

Atası Cahangir Zeynalov dünyasını dəyişəndə Nəsibənin iki yaşı olub. Anası ilə tək qalan Nəsibəni atasının mülklərindən çıxarıb, zirzəmiyə yerləşdirirlər. Bundan sonra ailənin çətin, məşəqqətli günləri başlayır. Sonralar Nəsibənin anası Hüsniyyə xanım yenidən ailə qurur. Amma ikinci dəfə ailə qurduğu adam nadürüst insan olur. Evdə olan bir neçə dəyərli əşyanı da satır, Cahangir Zeynalovun bütün şəkillərini, ona aid olan bütün sənədləri yandırır. Bəhanə gətirir ki, bunlar hökumətin əlinə keçsə, Hüsniyyə xanım, balaca Nəsibə üçün pis olar.

  • Aktrisa müsahibələrinin birində deyir: “Atam rəhmətə getdi, anam da bir savadsız qadın idi, bir müddətdən sonra evdə hər şeyi satıb qurtardıq, qaldıq ac-susuz”.

***

Ailəyə köməklik göstərmək üçün Nəsibə Zeynalova gənc yaşlarından zavodlardan birində fəhlə işinə düzəlir. Bir müddət sonra isə o, anasını da itirir. Günlərin birində Şəmsi Bədəlbəyli onun istedadını zavodun özfəaliyyət dərnəyinin çıxışında görür və Nəsibəni Musiqili Komediya Teatrına işə götürür. Onun köməkliyi ilə Nəsibə xanım Bakı Teatr Texnikumunu da bitirir.

Gənc yaşında ailə quran aktrisanın həyat yoldaşı ikinci dünya müharibəsində həlak olur. Aktrisa ikinci dəfə 38 yaşında özündən 11 yaş balaca adamla ailə qurur. İlk əvvəllər aktrisa bu nikaha razı olmur. Yaş fərqini bəhanə gətirir. Lakin sonradan bu izdivac baş tutur.

Aktrisa öz nəvəsi Nəsibəni qızlığa götürüb. Nəvəsi müsahibələrinin birində deyir: Nənəmin adını daşımağımın maraqlı tarixçəsi var. Mən martda doğulmuşam. Əvvəl istəyiblər ki, adımı Bahar qoysunlar. Amma nənəm deyib ki, yox, mənim qızım yoxdur. Nəvəm əvvəlcə mənim qızım olacaq. Sonra da öz adımı ona verəcəm. Nənəm sözlə kifayətlənməyib. Məni sənədlə də öz qızı edib. Beləliklə, mən şəxsiyyət vəsiqəsində Cahangir qızı yox, Mütəllim qızıyam.

Nəsibə xanım nəvəsinə qarşı çox sərt olub. Onu ad günlərinə, son zəngə buraxmayıb. Bir dəfə isə Nəsibə xanımdan icazəsiz sinif yoldaşının ad gününə getsə də, Nəsibə xanım nəvəsinin ardınca məktəbə gələrək onu ad gününə getməyə qoymayıb, evə aparıb.

***

Nəsibə xanım ömrünün son günlərində gəlinindən halallıq istəyərək deyib: Elnarə, Allah sənə cansağlığı versin. Sən ki, mənə və Cahangirə dözmüsən, kişi adamsan.

Nəsibə xanım 65 il teatrda çalışıb. Amma son illərdə teatrdan inciyib, Musiqili Komediya Teatrından ayrılır. Həmin dövrdə qoyulan tamaşalar ona uyğun olmur. Üstəlik, Nəsibə xanıma qarşı bəzi xoşagəlməz hərəkətlər də baş verir.


Ürəyində teatrla bağlı çoxlu arzuları olan aktrisa rejissorların onu həmişə komik planda görməsindən gileylənib, təəssüflənib. “Qaynana” filmində mətbəxdə oxuduğu bayatını anasından öyrənib. Nəsibə xanımın anası həmişə o bayatını zümzümə edirmiş.

***

Gülləri və heyvanları xüsusilə, pişikləri çox sevib. Harda sahibsiz pişik görsə, ürəyi yanır, götürüb evə gətirirmiş. Onlara qulluq edir, yorğan-döşək də tikirmiş. Bir dəfə isə öz pişiyi üçün qonşu pişiyinə xonça ilə elçi gedir. Ədəb-ərkanla qonşudan pişiyin “həri”sini alır.

Nəsibə Zeynalova 2004-cü il martın 10-da Milli Teatr Günündə dünyasını dəyişdi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir