Politoloq Yalçın Hacızadə: Azərbaycan qısa müddət ərzində neft və qeyri-neft sektorunda inkişafa nail olub | DEFAKTO.AZ Politoloq Yalçın Hacızadə: Azərbaycan qısa müddət ərzində neft və qeyri-neft sektorunda inkişafa nail olub – DEFAKTO.AZ

Politoloq Yalçın Hacızadə: Azərbaycan qısa müddət ərzində neft və qeyri-neft sektorunda inkişafa nail olub

154

Dövlətimizin başçısı Qarabağ iqtisadi zonasına daxil olan Ağdam və Ağcabədi rayonlarına növbəti dəfə səfər etdi. Əlbəttə, bu, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərinə Prezident İlham Əliyevin şəxsən rəhbərlik etdiyini göstərir. Bu işlər, eyni zamanda, hər ay yeni-yeni kommunikasiya xətlərinin inşası, infrastruktur layihələrin həyata keçirilməsi və yeni tikililərin təməlinin qoyulması ilə müşayiət olunur. Ümumiyyətlə, pandemiya ilə mübarizə, onun nəticələrinin aradan qaldırılması, Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri, vətəndaşların, o cümlədən müharibə iştirakçılarının, əlillərin, şəhid ailələrinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması sahəsində görülən böyük işlərlə yanaşı, ölkənin digər regionlarının inkişafı istiqamətində də mühüm addımlar da atılır, görülən işlər diqqət mərkəzində saxlanılır. Elə buna görə də ölkəmiz qlobal pandemiyanın mənfi təsirlərindən yayına bildi, qısa müddət ərzində neft və qeyri-neft sektorunda inkişafa nail oldu. Uğurlu enerji siyasəti nəticəsində ölkəmiz özünün enerji təhlükəsizliyini təmin etməklə yanaşı, qonşu və Avropa ölkələri üçün də etibarlı enerji təminatçısına çevrilib. Ölkəmizin bir çox bölgəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərində də elektrik stansiyaları və yarımstansiyaları qurulur. Prezident İlham Əliyevin son səfəri zamanı da Ağdam rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Ağcabədi rayonunda “Ağcabədi” yarımstansiyasının açılışları, işğaldan azad olunmuş ərazilərdə enerji kompleksinin bərpası ölkəmizdə aparılan enerji siyasətinin tərkib hissəsidir.

Defakto.az xəbər verir ki, bu fikirləri azertag.az-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

Politoloq deyib: “Dövlətimizin başçısı Ağdama səfər zamanı Sənaye Parkında iki müəssisənin təməlini qoydu. Ümumiyyətlə, ölkəmizdə 5 sənaye parkı (Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı) və 5 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur) fəaliyyət göstərir. Bundan əlavə, Ələt Azad İqtisadi Zonasının, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması sənaye zonalarının sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacaq. Səfər zamanı Prezident İlham Əliyev iş adamlarına, sahibkarlara çağırış etdi ki, həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar”.

Y.Hacızadə qeyd edib ki, ölkəmizdə münbit investisiya mühiti yaradılıb, sərmayə qoyuluşu üçün təşviqedici layihələr həyata keçirilib. Bütün bunların reallaşdırılması üçün 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanıb. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəflər müəyyən edilib.

Y. Hacızadə bildirib ki, işğaldan azad olunmuş ərazilərdə yerli və beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi ilə yanaşı, düşmən tərəfindən dağıdılmış, özündə milli, dini, bəşəri dəyərləri əks etdirən tarixi abidələrin də bərpası davam etdirilir. Səfər çərçivəsində Prezident İlham Əliyev də bu barədə fikrini bildirərək qeyd etdi: “Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə bu yarıdağılmış məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Bu məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər. Ağdam şəhərində, Ağdam rayonunda bu yarıdağılmış məsciddən başqa bir dənə də bina ayaq üstə deyil. Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür”.

Həm işğal dövründə, həm də işğaldan sonrakı müddətdə dağıdılan tarixi abidələr barədə beynəlxalq təşkilatlara, əsasən məqsədi tarixi abidələrin qorunması olan UNESCO-ya məlumat verilsə də, təəssüf ki, dünyada mövcud olan ikili standartlara görə bu barədə rəy və qərar bildirilməyib. Əlbəttə, mədəni irsin qorunması ümumbəşəri öhdəlikdir və bundan siyasi məqsədlər üçün istifadə olunmamalıdır. Azərbaycanın mövqeyi haqlı və ədalətlidir. Ona görə də Azərbaycan dövləti hər zaman olduğu kimi, bu gün də beynəlxalq hüququn prinsiplərindən çıxış edərək beynəlxalq təşkilatları öz missiyalarını yerinə yetirərkən ədalətli olmağa çağırır.

O əlavə edib ki, ölkəmizin digər yerlərində olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurda da məscid və digər mədəni-tarixi abidələrin bərpasında Heydər Əliyev Fondu fəal rol oynayır. Bütün bu abidələr Fondun öz daxili imkanları hesabına bərpa edilir, tikilir, yenidən qurulur. Bu gün Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Mədəni və Qeyri-Maddi Mədəni İrs Siyahısına Azərbaycan mədəniyyətinin bir çox inciləri daxil edilib. Onun rəhbərliyi ilə Fondun dünya əhəmiyyətli tarixi, dini, mədəni abidələri bərpa etməsi həm də ümumilikdə ölkəmizin təbliği, dünyada layiqincə təmsil olunması baxımından mühüm əhəmiyyətə malikdir. Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyət proqramı nəticəsində dünya mədəni irsinin bir çox nümunələri bərpa edilib. Bu, həm də ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi növbəti töhfədir.

Politoloq bildirib ki, Prezident İlham Əliyevin Ağdam və Ağcabədiyə səfərinin digər xüsusi əhəmiyyəti Ermənistanla sülh müqaviləsinin əsas şərtini yenidən açıqlaması idi. Dövlətimizin başçısı bir daha qeyd etdi: “Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərt ilə bu sülh müqaviləsi imzalanmalıdır. Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır. Heç kim bu vəhşiliyi unutmamalıdır”.

“Xalqımız uzun bir mübarizə yolu keçərək, vuruşaraq, şəhid verərək tarixi torpaqlarımızı erməni işğalından azad edib. Biz bu torpaqlarda daimi yaşayacağıq, bunun üçün bütün işlər səfərbər olunur, ordumuz daha da güclənir. Azərbaycan heç bir revanşist qüvvəyə və onların havadarlarına fürsət verməyəcək”, – deyə politoloq vurğulayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir