AMEA -da PREZİDENT SEÇKİSİNİN VAXTI MƏLUM OLDU – Mehdiyevi kim əvəz edəcək? | DEFAKTO.AZ AMEA -da PREZİDENT SEÇKİSİNİN VAXTI MƏLUM OLDU – Mehdiyevi kim əvəz edəcək? – DEFAKTO.AZ

AMEA -da PREZİDENT SEÇKİSİNİN VAXTI MƏLUM OLDU – Mehdiyevi kim əvəz edəcək?

272

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.

Vesti.az saytının verdiyi xəbərə görə, Ümumi yığıncaqda Akademiyaya yeni prezident seçiləcək.

AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun namizəd olması ehtimal edilir.

Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.

***

Bu arada konkret.az-ın əldə etdiyi məlumata görə, artıq AMEA-da təhvil-təslim prosesi də başlayıb. Belə ki, artıq Ramiz Mehdiyevin vəzifəsini AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov icra edəcək.

A.Həşimov 28 sentyabr 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olub, 1971-ci ildə institutu bitirdikdən sonra AMEA Fizika İnstitutunun “Elektrofizika” laboratoriyasında işləməyə başlayıb. Hazırda laboratoriya “Yüksək gərginliklərin fizikası və texnikası” adlanır və A.M.Həşimov onun rəhbəridir.

O, 1980-cı ildə namizədlik, 1993-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib. Akademik Ç.M.Cuvarlı tərəfindən yaradılmış Azərbaycan yüksək gərginliklər fizikası və texnikası elmi məktəbi A.M.Həşimov tərəfindən əhəmiyyətli dərəcədə inkişaf etdirilib. A.M.Həşimovun iştirakı ilə yerinə yetirilmiş tədqiqatların nəticələri dəfələrlə SSRİ və Azərbaycan Elmlər Akademiyasının elmi hesabatlarına çox əhəmiyyətli nəticələr kimi daxil edilib.

2002-ci ildə AMEA-nın Fizika İnstitutunun direktoru vəzifəsinə seçilib və bu vəzifəni 01.06.2009-cu ilə qədər icra edib. A.M.Həşimov bir neçə il Azərbaycan Dövlət Neft Akademiyasında mühazirələr oxuyub və “Yüksək gərginliklər texnikası və elektrotermiki qurğular kafedrası”nın professoru olub.

Hazırda Azərbaycan Texniki Universitetin professorudur. AMEA Fizika İnstitutunda fəaliyyət göstərən alimlik dərəcəsi verən şuranın sədri (2002–2008-ci illər) və Azərbaycan Elmi-Tədqiqat Energetika və Enerjilayihə İnstitutunda elmlər doktoru alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuranın üzvü (1994–2005-ci illər) olub.

“Energetikanın problemləri” jurnalının baş redaktorunun müavini, “Fizika” jurnalının redaksiya heyətinin üzvüdür.

Qeyd edək ki, Arif Həşimov 5 noyabr 2021-ci ildən AMEA-nın birinci vitse-prezidentidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir