Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmirə yeni icra başçısı təyin edib.
Defakto.az xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Xatırladaq ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov 2020-ci ilin avqustunda vəzifədən azad edilib, elə həmin vaxt həbs edilib. 2021-ci ilin oktyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Cəfərov 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və digər maddələri ilə ittiham edilib.
Qeyd edək ki, yeni təyin edilən icra başçısı Elxan İbrahimov bundan əvvəl Şamaxı Rayon İcra Hakimiyyətində başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini icra edib.