Ölkəmizdə “Elektron hökümət” sisteminin formalaşdırılması ilə bağlı kifayət qədər ciddi normativ sənədlər qəbul edilməsinə və infrastruktur işlər görülməsinə baxmayaraq bəzi qrumlar hələ də keçən əsrin iş mexanizmlərini tətbiq edirlər. “Elektron Hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Həmçinin, bütün bu qərarların qəbul edilməsində məqsəd – dövlət orqanlarının göstərdiyi xidmətlərlə bağlı dövlət qulluqçuları və şəxslər arasında olan “məsafəni” azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.
Dövlət orqanlarının göstərdikləri xidmətlərin vahid mərkəzdə cəmlənməsi və bütün məlumatların toplanması üçün “bir pəncərə” sisteminə əsaslanan “Elektron hökümət” portalı da fəaliyyətə başlamışdı. Demək olar ki, bütün dövlət orqanları bu sistemə inteqrasiya olunmuş və elektron xidmətləri yaradılmışdı. Bununla da vətəndaş haqqında, ona verilən sənədlər və ya onun statusunu müəyyən edən məlumatlar hamısı, istifadə və xidmət göstərilmək məqsədi ilə bir mərkəzdə toplanır.
Beynəlxalq təcrübəyə baxdıqda bu kimi xidmətlər zamanı xidmət alandan (fiziki və hüquqi şəxsdən) sistemdə mövcud olan və ya verilmiş sənədlər xidmətlərin göstərilməsi zamanı tələb olunmur. Çünki bazada olan sənəd və məlumatlardan istifadə edilir. Bununla da süründürməçilik, korrupsiya və rüşvətə şərait yaradan hallar aradan qalxmış olur, həm dövlət həm də xidmət alan vaxta qənaət edir, digər izafi xərclər də aradan qalxmış olur.
Ən əsası xidmət alanın dövlətə sevgisi yaranmış və ya artmış olur. Bir çox dövlətlər elektron hökümətə keçidlə bağlı hər il qənaət etdikləri maliyyə vəsaiti ilə bağlı məlumatları da açıqlayırlar. Bizdə də bəzi qrumlar var ki, sistemdəki məlumatlardan istifadə edərək sənədləri kağız formasında tələb etmir və ya əvvəllər uzun müddətə verilən sənədləri, cavablari qısa, bəzən də dərhal verir.
Amma qəbul edilmiş mütərəqqi normalara və yaradılmış müasir texnologiyalara rəğmən bəzi qrumlar elektron hökümət portalıda xidmət alan haqqında mövcud olan sənədin, onu verən orqandan alınmasını və üstəlik notariat qaydada təsdiq edilməsini tələb edir. Misal üçün, bu yaxınlarda güzəştli mənzil əldə etmək hüququ olan keçmiş hərbi qulluqçu, Qarabağ əlili üçün elektron kabinetin açılmasına görə ASAN xidmətə yaxınlaşdığım zaman şahidi oldum. Xidmət əməkdaşı “şəxsin ailə vəziyyəti haqqında məlumatın həmin orqandan alınmasını və əlavə olaraq onun notariusda təsdiq olunmasının” tələb olunduğunu bildirdi və sonradan Mənzil İnşaat Dövlət Agentliyinin rəsmi saytında da o formada qeyd olunduğunu gördüm.
Xidmət əməkdaşına bu tələbin əsassız olduğunu, çünki şəxsin ailə vəziyyəti haqqında məlumatın elektron hökümət portalında olduğunu və ümumiyyətlə həmin sənədin sonradan, əlavə olaraq notariusda təsdiq edilməsinin dövlət orqanına və şəxsə etibarsızlığın nümayişi olduğunu, xidmət alanlar üçün bürokratik əngəl, əlavə xərc və vaxt itkisi yaratdığını” bildirdim. Amma buna baxmayaraq tələbi dəyişmədi.
Təəssüflər olsun ki, bu kimi qrumların müasir texnologiyaların verdikləri üstünlüklərdən faydalana bilməmələri, dünyanın “metavers”ə keçdiyi zaman keçən əsrin ənənələri ilə işləmələri ən azı yaradılanlara kölgə salır, vətəndaş dövlət münasibətlərini pozur.