Daxili İşlər Nazirliyi (DİN) Ağcabədi rayonunda qadının qətli ilə bağlı açıqlama yayıb.
DİN-dən daxil olan açıqlamada deyilir:
“2020-ci il fevral ayının 23-də Ağcabədi Rayon Polis Şöbəsinə rayon sakini, 1962-ci il təvəllüdlü Fəxrəndə İbrahimovanın yaşadığı evdə pilləkəndən düşərkən yıxılaraq ölməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində qadının həmin gün saat 1 radələrində Yevlax rayon sakini Seymur Cəfərov tərəfindən boğularaq öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə S.Cəfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılılıb.
Ağcabədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır”.