Ərdoğan: “Bizim İrana heç bir borcumuz yoxdur” | DEFAKTO.AZ Ərdoğan: “Bizim İrana heç bir borcumuz yoxdur” – DEFAKTO.AZ

Ərdoğan: “Bizim İrana heç bir borcumuz yoxdur”

39

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV kanalının efirində jurnalistlərin suallarını cavablandırıb.

“Haber Global” xəbər verir ki, o, gecə saat 3-dək yatmadığını, qarın yaratdığı problemlərlə bağlı hadisələri izlədiyini, müvafiq qurumlarla daim əlaqə saxladığını bildirib.

Dövlət başçısı bir müddət öncə İrandan Türkiyəyə qaz verilişinin dayandırılmasını da şərh edib. O, ölkəsinin İslam Respublikasına borclu olmadığını bəyan edib.

“Bizim İrana heç bir borcumuz yoxdur. İran prezidenti ilə görüşümdə dedilər ki, nasazlıq səbəbindən 10-15 gün gecikmə olacaq. Hazırda İranda qış şəraiti sərtdir. Onlar da bu vəziyyətə görə çətinlik çəkdiklərini bildiriblər”, – deyə Ərdoğan qeyd edib.

Türkiyə prezidenti Ukrayna böhranına da toxunub və gərginliyin dərhal bitməsini istədiklərini vurğulayıb.

“Bölgə bizim bölgəmizdir. Biz istəyirik ki, mövcud gərginlik yeni böhrana çevrilməmiş bitsin. Mən bu mesajları dövlət başçılarına çatdırmışam və bundan sonra da çatdıracağam. Biz regionumuzda sülh və sabitlik istəyirik. Əgər istəsələr, iki ölkənin liderlərini ölkəmizdə bir araya gətirməklə sülh mühiti yarada bilərik. Region qeyri-sabitlikdən kifayət qədər əziyyət çəkib. Biz daha çox ağrı və müharibə istəmirik. Arzumuz problemin dialoq və diplomatiya yolu ilə həllini tapmasıdır. Biz tərəflərin konstruktiv fəaliyyət göstərməsi üçün çağırışlarımızı davam etdiririk. Bununla belə, NATO üzvü olaraq üzərimizə düşəni yerinə yetirməyə də hazırıq”, – deyə dövlət başçısı bildirib.

Həmçinin, Ərdoğan rusiyalı həmkarı Vladimir Putini Türkiyəyə səfərə dəvət etdiyini və ondan cavab gözlədiyini qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.