Azərbaycana bu tarixdə yenidən qar yağacaq | DEFAKTO.AZ Azərbaycana bu tarixdə yenidən qar yağacaq – DEFAKTO.AZ

Azərbaycana bu tarixdə yenidən qar yağacaq

70

“Yanvarın 26-dan 27-nə keçən gecədən başlayaraq əvvəlcə Naxçıvan Muxtar Respublikasında, daha sonra isə qərb rayonlarından başlayaraq ölkəmizə qar yağacaq”.

Bu sözləri Defaktoya.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O qeyd edib ki, yanvarın 27-də gün ərzində və 28-nə keçən gecə respublikanın ayrı-ayrı rayonlarında havanın yağıntılı keçməsi, sulu qar yağması gözlənilir:

“Əsasən dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Bir qədər qarın intensiv olması proqnozlaşdırılır. Lakin Türkiyədə baş verən proseslərlə müqayisədə  qeyd etməliyəm ki, bu proses daha yumşaq formada Azərbaycanda özünü göstərəcək. Yağıntılarla yanaşı, ayın 27-si günün ikinci yarısında axşama doğru həm respublikanın rayonlarında, eyni zamanda, paytaxtda şimal-qərb küləyinin güclənməsi müşahidə ediləcək. Küləyin sürəti maksimal olaraq 15-20, arabir isə 23-25 metr saniyəyədək güclənəcək. 28-də isə artıq gündüz saatlarında külək mülayimləşəcək. Yağıntıların güclənməsi isə ayın 28-i axşam saatlarında gözlənilir. Sonrakı iki-üç gün ərzində isə hava şəraiti sabit mülayim, əsasən yağmursuz keçəcək”.

U. Tağıyeva xatırladıb ki, ötən illərlə müqayisədə bu ilin yanvar ayı daha çox qarlı günlərin sayı ilə fərqlənib:

“Hazırda qonşu Türkiyədə, Rusiyada intensiv qar prosesləri müşahidə olunur. Soyuq hava kütlələrinin cənub enliklərə hərəkət etməsi hava şəraitinin  kəskinləşməsinə səbəb olub. Azərbaycanda isə yanvarın 26-da hava şəraitinin nisbətən mülayim keçməsi gözlənilir. Əksər rayonlarda axşamadək hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu yanvarın iqlim normasına uyğun olacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir