Politoloq Yalçın Hacızadə: “Şuşa İli”nin elan edilməsi böyük siyasi, tarixi və hüquqi əhəmiyyətə malikdir | DEFAKTO.AZ Politoloq Yalçın Hacızadə: “Şuşa İli”nin elan edilməsi böyük siyasi, tarixi və hüquqi əhəmiyyətə malikdir – DEFAKTO.AZ

Politoloq Yalçın Hacızadə: “Şuşa İli”nin elan edilməsi böyük siyasi, tarixi və hüquqi əhəmiyyətə malikdir

57

Təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri qədim Azərbaycan torpağıdır. Bu il Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğal dövründə biz Şuşanın işğalı gününü ürəkağrısı ilə xatırlayırdıq. Lakin biz Şuşaya qayıdacağımıza əmin idik və o günü səbirsizliklə gözləyirdik. Torpaq həsrəti bizi həmin günə yaxınlaşdıraraq, daha güclü və mərd edirdi. Dünyada torpağını işğaldan azad etmək üçün müharibə arzulayan, şad günündə torpaq uğrunda şəhid olmağı diləyən bəlkə də başqa xalq yoxdur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər xalq olaraq 44 günlük Vətən müharibəsində Şuşa nisgilimiz sona çatdı, 2020-ci il noyabrın 8-də həmin torpaqlara yenidən sahib olduq, həm də şərəflə, kimdənsə mədət umaraq, güzəşt gözləyərək yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək. Azərbaycan Ordusunun gücü hesabına ərazi bütövlüyümüzü və milli ləyaqətimizi bərpa etdik.

Defakto.az azertag.az-a istinadən xəbər verir ki bu sözləri açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

Politoloq bildirib ki, Ali Baş Komandan Şuşanın azad olunması xəbərini elan edəndə “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”,- söylədi. Şuşanın işğaldan azad olunduğu 8 noyabr tarixinin Zəfər Günü kimi qeyd edilməsi bu şəhərin Azərbaycan xalqı üçün önəminin göstəricisidir. Bu tarixi xəbər həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən böyük sevinclə qarşılandı. Səbəb isə bəllidir. Şuşa mədəniyyətimizin paytaxtı, qədim Azərbaycan torpağıdır. Şuşanın azad olunması təkcə 50 milyonluq Azərbaycan xalqının deyil, torpaqları işğala məruz qalan xalqların da sevinci, ümidi oldu. İşğalçılara, bunu dəstəkləyənlərə göstərildi ki, haqq nazilər, amma üzülməz. Prezident İlham Əliyev Azərbaycan xalqına Yeni il təbriki müraciətində işğaldan azad edilmiş torpaqlara ötən il ərzində etdiyi səfərlərdən danışdı, Qarabağın böyük tikinti-quruculuq meydanına çevrildiyini, işlərin sürətlə getdiyini bildirdi, Şuşa şəhərinə etdiyi 7 səfərdən, oradakı genişmiqyaslı quruculuq və bərpa işlərindən bəhs etdi, 2022-ci ildə Şuşa şəhərinin 270 illiyinin qeyd olunacağını vurğuladı.

Yalçın Hacızadə əlavə edib ki, müzəffər xalq kimi Şuşanın 270 illiyini keçirmək həm bizə, həm də Şuşaya layiq haldır. Buna görə də Prezident İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan etdi və bununla bağlı yanvarın 5-də Sərəncam imzaladı. Sərəncama əsasən, “Şuşa İli” ilə bağlı tədbirlər planı hazırlanıb həyata keçiriləcək. Qələbədən sonra işğaldan azad olunmuş bütün rayonlarımızda olduğu kimi, Şuşada da böyük quruculuq, bərpa işləri həyata keçirilir. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası istiqamətində nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin abidəsinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası, “Xarıbülbül” musiqi festivalının keçirilməsi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

Politoloq vurğulayıb ki, bütün bunlarla ermənilərdən fərqli olaraq, Azərbaycan dövlətinin, xalqının öz torpağına, mədəni sərvətinə necə sahib çıxdığı dünyaya nümayiş olunur. Şuşa Qarabağın inzibati, iqtisadi mərkəzi, inkişaf etmiş şəhəri, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Şuşa dünya ictimaiyyəti tərəfindən əbəs yerə “Şərqin konservatoriyası” adlandırılmayıb. Şuşanın 270 illik yubileyi münasibətilə keçiriləcək toplantılar, forumlar, konfranslar, Azərbaycanın tarixinə, Şuşanın mədəni kökünə bağlı olan tədbirlər, ənənələr və digər təbliğat işləri dünyaya səs salacaq. Bununla da ikili standartlardan gözləri kor olmuş dünyaya Şuşanın sahibinin kim olduğu bir daha göstəriləcək. Təkcə hərbi-siyasi yolla deyil, həm də mədəniyyət diplomatiyası ilə Şuşanın tarixən Azərbaycanın ayrılmaz parçası olduğunu hər kəs görəcək. Məhz bu səbəbdən 2022-ci ilin “Şuşa İli” elan edilməsi qərarını sosial sifariş kimi qəbul etmək olar. Bu qərar həm də böyük siyasi, tarixi və hüquqi əhəmiyyətə malikdir. Çünki bu gün etdiklərimiz həm də gələcək üçün tarix, maddi sübutlardır.

“Hesab edirəm ki, Prezident İlham Əliyevin həm “Şuşa İli”nə dair Sərəncamı, həm də bundan əvvəl Şuşa ilə bağlı keçirilən tədbirlər, beynəlxalq ictimaiyyətin nümayəndələrinin səfərləri, Türkiyə və Azərbaycan prezidentlərinin birgə imzaladıqları Şuşa Bəyannaməsi və sair görüşlər gələcək üçün tarixi materialların, maddi sübutların formalaşdırılması baxımından uzaqgörən siyasi addımlardır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir