Artıq bir neçə gündür ki, prodüser Tolikin (Tarix Əliyev) MAXE-ləri təhqir etməsi məsələsi müzakirə olunur. Prodüserin “MAXE kimdir ki, o, dövlətin kəbinli arvadıdır, aybaay maaş alır, məni qoruyan mənim əsgərimdir” deməsi ictimaiyyətdə hiddət doğurub. İctimaiyyətin sərt qınağına tuş gələn prodüser vəziyyəti bir qədər yumşaltmaq üçün sosial şəbəkədə canlı yayım açaraq, hansısa MAXE-nin onun “rəhmətlik atasını təhqir etdiyi üçün” bu cür ifadələr işlətdiyini deyib.
Amma Tolik unudur ki, 44 günlük Vətən müharibəsində xeyli sayda MAXE şəhid olub. Beləliklə o, həm də şəhidləri təhqir etmiş sayılır.
Xatırladaq ki, Tolikin bu cür davranışları ilk dəfə deyil. Ötən ilin yanvarında, 44 günlük Vətən müharibəsinin yeni bitdiyi ərəfələrdə Tolik danışmaq, eşitmək qabiliyyətini itirmiş qaziyə qarşı etdiyi aşağılayıcı davranışı ilə gündəmə gəlmişdi.
Belə ki, o, İnstagramda bağlantı quraraq hərbiçimizdən canlı yayımda kömək istəməsini tələb etmişdi:
“Sənə danışmağa nə qədər vaxt verim? Eee o (red:Allahı nəzərdə tutur) deyir ki, səndən hərəkət, məndən bərəkət. O demir ki, yatım, durum dilim açılacaq. Sən özün bunu istəməlisən. Bu nədir bilirsən? Kül təpənə. Ayın birinə kimi danışsan bu yeni model İphone telefonunu sənə verəcəm. Nə edirsən et danış. Özünü vur divara, as amma danış”.
O da məlumdur ki, MAXE-ni, şəhidi, qazini təhqir edən Tolikin özü əsgərlik şərəfini yaşamayıb. Prodüser hərbi xidmətdə olmamasının səbəbi haqda Musavat.com-a açıqlamasında bildirmişdi:
“Mən ailənin tək uşağı olmuşam. Siz bunu araşdıra da bilərsiz. Xətai rayonunda mən hərbi xidmət üçün qeydiyyatda da olmuşam. Mənim hərbi biletimdə əsgərliyə yararsız yazılmayıb. Bir dəfə könüllü olaraq əsgərliyə yazılmışdım. O vaxt belə bir qanun var idi ki, hətta çəki bir kilo az gələndə belə, əsgərliyə aparmırdılar. Anam hətta səhərə qədər məni o qədər yedizdirdi ki, bir kilo kökəlim. Amma yenə də məni aparmadılar. Hərbi biletimdə yazılıb ki, sülh vaxtında hərbiyə yararsız, müharibə vaxtında hərbiyə yararlı. Əgər sabah müharibə olsa, mən getməsəm, üzümə tüpürsünlər. Yalan deyərəm ki, gedib orda snayper, tankçı olaram. Mən orda kartof da soysam mənim üçün böyük bir şeydir, çünki Azərbaycan Ordusunda xidmət edəcəm. Həm də ona görə gedərəm ki, bəzi vəzifəli şəxslərin övladları var ki, qaçıb gizlənirlər, qoy onlara ar olsun, desinlər ki, Tolik də getdi. Elə adamların ağızlarına çullu dovşan sığışmır. Deyirlər ki, kişiyik, Tolik kimdir?! Amma vətən adı gələndə qaçıb xaricdə otururlar ki, biz tələbəyik, oxuyuruq”.
Bu səbəbdən prodüserin bəzən hansısa şəhid ailəsinə, qaziyə yardım etməsi ictimaiyyətdə xoş qarşılanmır. 2016-cı ildə aprel döyüşlərində həlak olan şəhid Elvin Mirzəyevin qəbir daşının qoyulmasıyla bağlı xərcləri öz üzərinə götürmək istəyəndə də bu cür təpki ilə qarşılaşmışdı. O zaman Xaçmaz rayon Icra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev məsələyə bu cür münasibət bildirmişdi:
“Tolik qələt edib, başını daşa döyür. O, bununla özünə reklam qazanmasın, ayıbdır. Əgər eləmək istəyirdisə bunu səssiz səmirsiz edərdi, daha reklam edə-edə yox. Çox iş adamları, xeyriyyəçilər var ki, şəhid ailələrinə yardım etmək istəyir. Amma heç kəs bunu Tolik formasında etmir”.
Tolikin təhqirləri bununla bitmir. Bir neçə il öncə prodüserin mərhum prezident Əbülfəz Elçibəyi təhqir etməsi ilə bağlı yazışmaları ortaya çıxmışdı. Həmin vaxt deputatlardan, tanınmış ictimaiyyət nümayəndələrindən də bu məsələyə sərt reaksiya verənlər olmuşdu. Əksəriyyət prodüserin mərhum prezidenti təhqir etdiyi üçün məsuliyyətə cəlb olunmasını tələb etmişdi.
Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlının bu məsələ ilə bağlı açıqlamasından sitat:
“O kimdir ki, Əbülfəz Elçibəyi təhqir edir? O zibili “Tolik”in özünə və böyüklərinə yedirtmək lazımdır. Azərbaycan prezidenti olmuş bir şəxs barəsində bu cür tərbiyyəsiz fikirləri danışan adamın telekanallar vasitəsilə ictimaiyyət qarşısına çıxmağa heç bir mənəvi haqqı yoxdur. “Tolik” mütləq cəzalandırılmalıdır. O, Əbülfəz Elçibəyin ailəsindən və Azərbaycan xalqından üzr istəməlidir. İctimaiyyətə açıq şəkildə deməlidir ki, daha bir daha belə hərəkət etmərəm. Bu cür adamların ekranlara çıxması və efirdən kiməsə dərs, ağıl verməsi, ümumiyyətlə “Tolik”in ictimaiyyət qarşısına çıxması Azərbayxan xalqı üçün təhqirdir.
Görünür ki, bu adamlar o qədər qudurublar və özlərini arxayın hiss edirlər ki, Azərbaycanda tanınan görkəmli insanlar və tarixi şəxsiyyətlər haqqında bu cür aşağılyaıcı fikirlər söyləməyə artıq vərdiş ediblər. Əbülfəz Elçibəy heç prezident olmayıb, axı sənin nə ixtiyarın var ki, Azərbaycanın tanınmış bir insanını təhqir edirsən? Sən kimsən axı? Hesab edirəm ki, “Tolik” təcili cəzalandırılmalıdır” /musavat.com/