Politoloq Yalçın Hacızadə: 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında qərarı sosial sifariş kimi qəbul etmək olar | DEFAKTO.AZ Politoloq Yalçın Hacızadə: 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında qərarı sosial sifariş kimi qəbul etmək olar – DEFAKTO.AZ

Politoloq Yalçın Hacızadə: 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında qərarı sosial sifariş kimi qəbul etmək olar

110

2022-ci ildə Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğal dövründə biz mayın 8-ni – Şuşanın düşmən əlinə keçməsini ürək ağrısı ilə qeyd edirdik. Amma buna baxmayaraq, biz Şuşaya qayıdacağımıza əmin idik və həmin günü səbirsizliklə gözləyirdik. Torpaq həsrəti bizi o günə yaxınlaşdıraraq, daha güclü və cəsarətli edirdi. Dünyada torpağını işğaldan azad etmək üçün müharibə arzulayan, şad günündə torpaq uğrunda şəhid olmağı diləyən bəlkə də başqa xalq yoxdur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər xalq olaraq 44 günlük Vətən müharibəsində Şuşa nisgilimiz sona çatdı, 2020-ci il noyabrın 8-də həmin torpaqlara yenidən sahib olduq. Həm də şərəflə, kimdənsə mədət umaraq, güzəşt gözləyərək yox, döyüş meydanında, qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək. Azərbaycan Ordusunun gücü hesabına öz ərazi bütövlüyümüzü və milli ləyaqətimizi bərpa etdik. Şuşa işğal dövründə erməni vandalizminə məruz qalsa da, öz ruhunu itirmədi.

Defakto.az azertac.az-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

Politoloq bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşanın azad olunması xəbərini elan edəndə “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir” dedi. Şuşanın işğaldan azad olunduğu 8 Noyabr tarixinin Qələbə Günü kimi qeyd edilməsi bu şəhərin Azərbaycan xalqı üçün önəminin göstəricisi ola bilər. Bu tarixi xəbər həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən böyük sevinc, minnətdarlıq və məmnunluq hissi ilə qarşılandı. Səbəb isə bəllidir. Şuşa mədəniyyətimizin paytaxtı, qədim Azərbaycan torpağıdır. Şuşanın azad olunması təkcə 50 milyonluq Azərbaycan xalqının deyil, torpaqları işğala məruz qalan xalqların da sevinci, ümidi oldu. İşğalçılara, onları dəstəkləyənlərə göstərildi ki, haqq nazilər, amma üzülməz. Prezident İlham Əliyev Azərbaycan xalqına Yeni il təbriki müraciətində işğaldan azad olunmuş torpaqlara ötən il ərzində etdiyi səfərlərdən, Qarabağın böyük tikinti-quruculuq meydanına çevrildiyini, işlərin sürətlə getdiyini, Şuşa şəhərinə etdiyi 7 səfərdən, buradakı genişmiqyaslı quruculuq və bərpa işlərindən danışdı, 2022-ci ildə Şuşa şəhərinin 270 illiyinin qeyd ediləcəyini vurğuladı. Dövlətimizin başçısı Qarabağ xanı Pənahəli xanın 1752-ci ildə Şuşanın təməlini qoyduğunu və bu şanlı tarix-mədəniyyət paytaxtımızın yubileyinin 2022-ci ildə böyük təntənə ilə qeyd olunacağını bildirdi.

Yalçın Hacızadə vurğulayıb ki, müzəffər xalqımız Şuşanın 270 illiyini keçirməyə layiqdir. Buna görə də Prezident İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan etdi və bununla bağlı yanvarın 5-də Sərəncam imzaladı. Sərəncama əsasən, Nazirlər Kabinetinə “Şuşa İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırıldı.

Qələbədən sonra işğaldan azad olunmuş bütün rayonlarımızda olduğu kimi, Şuşada da böyük quruculuq, bərpa işləri həyata keçirilir. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası istiqamətində nəhəng layihələr gerçəkləşdirilir. Vurğulanıb ki, bütün bunlarla ermənilərdən fərqli olaraq, Azərbaycan dövlətinin, xalqının öz torpağına, mədəni sərvətinə necə sahib çıxdığı dünyaya nümayiş etdirilir. Şuşa Qarabağın inzibati, iqtisadi mərkəzi, inkişaf etmiş şəhəri, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Əbəs yerə Şuşa dünya ictimaiyyəti tərəfindən “Şərqin konservatoriyası” adlandırılmayıb. Şuşanın 270 illik yubileyi münasibətilə keçiriləcək toplantılar, forumlar, konfranslar, Azərbaycanın tarixinə, Şuşanın mədəni kökünə bağlı olan tədbirlər, ənənələr və digər təbliğat işləri dünyaya səs salacaq. Bununla da ikili standartlardan “gözləri kor olmuş” dünyaya Şuşanın sahibinin kim olduğu bir daha nümayiş etdiriləcək. Təkcə hərbi-siyasi yolla deyil, həm də mədəniyyət diplomatiyası ilə Şuşanın tarixən Azərbaycanın ayrılmaz parçası olduğunu hər kəsə göstərəcəyik. Məhz bu səbəbdən 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında qərarı sosial sifariş kimi qəbul etmək olar. Belə bir qərar həm də böyük siyasi, tarixi və hüquqi əhəmiyyətə malikdir. Çünki bu gün etdiklərimiz həm də gələcək üçün tarix, maddi sübutlardır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir