Azərbaycanın keçmiş Baş prokuroru Eldar Həsənovun 11 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub.
DEFAKTO.AZ xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
İtihama görə, Eldar Həsənov Azərbaycanın Rumıniya, Serbiya , Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf edib və mənimsəyib.
O, həmçinin, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmaqda, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməkdə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmaqda və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməkdə ittiham edilir.