Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədli beynəlxalq axtarışa verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, R.Əhmədli əvvəllər də Cinayət Məcəlləsinin 178 (dələduzluq), 221 (Xuliqanlıq) 29.120 (qəsdən adam öldürməyə cəhd) maddələri ilə məhkum olunub: “Rasim Əhmədli ötən ilin noyabrında dələduzluq əməlinə görə beynəlxalq axtarışa verilib. Saxlanılması üçün müvafiq tədbirlər görülür”.
Qeyd edək ki, FHN də həmin şəxsin nazirlikdə işləmədiyini açıqlayıb.
Xatırladaq ki, Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktay Rasim Əhmədlini FHN polkovniki sanaraq görüşüb, ona plaket təqdim edib və görüşdən çəkilən fotoları sosial şəbəkə səhifəsində paylaşıb.
Bələdiyyə sədrinin paylaşımından sonra məlum olub ki, Rasim Əhmədli FHN əməkdaşı deyil və o Marmarisdəki yanğınlar zamanı orada olmayıb.