Vətən Müharibəsi iştirakçılarına təqaüd necə veriləcək? | DEFAKTO.AZ Vətən Müharibəsi iştirakçılarına təqaüd necə veriləcək? – DEFAKTO.AZ

Vətən Müharibəsi iştirakçılarına təqaüd necə veriləcək?

349

“Vətən müharibəsində iştirak edən şəxslərə “Müharibə veteranı” adları onların xidmət keçdiyi müvafiq qurumlar tərəfindən veriləcək”.

Defakto.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu kontingentin dəqiqləşdirilməsi müəyyən vaxt tələb edir. 1 yanvar tarixindən müvafiq qurumlar Nazirlər Kabineti ilə həmin şəxslərin siyahısını razılaşdırmalıdır:

“Onlara vəsiqələr veriləcək. Həmin şəxslərin adları elektron sistemlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim ediləcək. Bundan sonra onlara 80 manat məbləğində təqaüdlər veriləcək”.

Nazir müavini qeyd edib ki, bu şəxslərin adları “Zəfər” altsisteminə ötürüləcək:

“Vətən müharibəsində iştirak edən şəxslər “Müharibə veteranı” adı və vəsiqəsini alandan sonra ödəniş almaq üçün heç bir quruma müraciət etməli deyillər. Adlarına açılacaq bank kartları vasitəsilə hər ay vəsait ala biləcəklər”.

Qeyd edək ki, “Müharibə veteranı” adı və vəsiqəsi verilən və aidiyyəti qurumlar tərəfindən “Zəfər” altsisteminə daxil edilən şəxslərə gələn ilin yanvar ayının 1-dən Prezidentin aylıq təqaüdü təyin edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir