Sahib Əli oğlu Məmmədov Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib.
Defakto.az DEFAKTO.az-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Sahib Məmmədov 1978-ci ildə anadan olub.
2000-ci ildə Kiyev Dövlət Universitetində “Beynəlxalq hüquq” fakültəsində bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 2001-ci ildə Belçika Krallığında Avropa Məsləhətçilər Təşkilatında Avropa İttifaqı TACIS layihəsində köməkçi kimi başlayıb.
2002-ci ildə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri üzrə ekspert, 2003-2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində informasiya üzrə məsul şəxs, 2004-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləyib.
2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini vəzifəsinə təyin olunub.
Ailəlidir, 2 övladı var.