Politoloq Yalçın Hacızadə: İran naziri Bakıya hansı mesajla gəlib? | DEFAKTO.AZ Politoloq Yalçın Hacızadə: İran naziri Bakıya hansı mesajla gəlib? – DEFAKTO.AZ

Politoloq Yalçın Hacızadə: İran naziri Bakıya hansı mesajla gəlib?

217

Abdullahian: Tehran Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir   

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəmizə səfər edib. Səfir Bakıda jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan və İran arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün müxtəlif ideyalar var. Onun sözlərinə görə, İranla Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir: “Əlaqələrimizin yüksələn xətlə inkişaf etməsinə çox sevinirəm. Ötən üç ay ərzində azərbaycanlı həmkarımla çoxlu görüşlərim olub. Əməkdaşlığın inkişaf etdirilməsi üzrə yaxşı çərçivələr üzərində razılıq əldə etmişik. Bundan sonra iki ölkə arasında çoxlu sayda iqtisadi, ticarət və mədəni heyətlərin gediş-gəlişləri olacaq”.

Ümumiyyətlə, regional proseslər fonunda İranın xarici işlər nazirinin Azərbaycana səfəri maraq doğurur. İran Vətən müharibəsindən sonra regionda gündəmə gələn “3+3” platformasına dəstək verib. Bu yaxınlarda Moskvada həmin platformanı dəstəkləyən dövlətlərin rəsmi şəxslərinin toplantısı keçirilib. İranın nümayəndəsi də həmin görüşdə iştirak edib. Eyni zamanda, bu ölkə Zəngəzur dəhlizinin açılmasını da dəstəkləyir.   

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölkəmizə səfərinin əhəmiyyətinə toxunan politoloq Yalçın Hacızadə qəzetimizə açıqlamasında bildirib ki, İranın xarici işlər nazirinin ölkəmizə səfəri əlbəttə ki, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbədən sonra yaranmış yeni regional siyasi vəziyyətin müzakirəsi ilə bağlıdır. Onun sözlərinə görə,  son zamanlar İran və Azərbaycan rəsmiləri arasında görüşlər intensivləşib: “Keçən ay İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Aşqabadda keçirilən sammitində Prezident İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında müsbət və konstruktiv görüş olmuşdu. Bir neçə gün bundan öncə də hər iki ölkənin xarici işlər nazirləri İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin İslamabad şəhərində keçirilən iclasında görüşdülər. İranın xarici işlər nazirinin Bakıya bu səfərində də heç şübhəsiz, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı perspektivləri müzakirə olunacaq. Əsas müzakirə olunacaq məsələlər “”3+3” formatı, Zəngəzur dəhlizi ilə bağlı məsələlər, İran enerji resurslarının Azərbaycan vasitəsilə dünya ölkələrinə çıxışının təmin olunması kimi vacib mövzulardır”.

Politoloq hesab edir ki, region ölkələri bölgənin münaqişələrdən yorulduğunu görür, çoğrafi imkanlarından yararlanaraq inkişafa, iqtisadi-siyasi əlaqələrin artırılmasına maraq göstərirlər: “İranın regionda yaranmış yeni situasiyadan formalaşan narahatlığı artıq arxada qalıb. O da digər ölkələr kimi çəkiləcək və mövcud nəqliyyat vasitələrindən istifadə edərək Şimal-Cənub, Şərq-Qərb kommunikasiya sistemlərinə qoşula biləcək. İran bu dəhlizlər vasitəsilə istehsal etdiyi  məhsulları Azərbaycan, Türkiyə və Avropaya rahat şəkildə nəql etmək imkanı əldə edəcək. Əlbəttə, bütün bunlar regionun təhlükəsizliyi, əməkdaşlığın inkişafının əsas elementləridir. Regionda yaranmış yeni vəziyyətlə bağlı İran-Azərbaycan münasibətlərində heç bir gərginlik və anlaşılmazlıq yoxdur və  belə səfərlər əlaqələrin inkişafı baxımından çox vacibdir. Xatırladım ki, yaxın vaxtlarda Tehranda Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin iştirakı ilə görüş nəzərdə tutulub”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir