Defakto.az İstiqlalçı millət vəkili Vahid Əhmədovun moderator.az saytına açıqlamasını Sizə təqdim edir. Vahid Əhmədov açıqlamasında Baş Prokurorluğun “Tərtər işi” adlandırılan hadisələrin yenidən araşdırmağa başlamasını şərh edib, gözləntilərini dilə gətirib:
“Azərbaycan ötən il 44 günlük savaşda qazandığı parlaq qələbə ilə dünya hərb tarixində öz imzasını atmış oldu. Ali Baş Komandanın misilsiz sərkərdəlik məharəti, silahlı qüvvələrimizin arsenalıdakı müasir silah sistemləri 21 -ci əsrin müharibəsinin gerçək mahiyyətini ortaya qoydu. Bu gün bütün dünya həmin müharibədə Azərbaycanın hansı hərbi strategiya və taktikanı həyata keçirdiyini öyrənməyə çalışır. Amma hamı bir şeyi unudur ki, ordu nə qədər müasir silahlarla təchiz olunmuş olsa belə qələbədə əsas şərt şir ürəkli oğullarımızın dünyanı heyrətləndirən cəsarəti, ölümün üzərinə qorxmadan getmələri və onlardakı bənzərsiz vətən sevgisi idi. Bu baxımdan biz qələbəmizin gətirdiyi iftixar hissindən danışan zaman şirin canlarından keçmiş 3 min Şəhidimizin müqəddəs ruhları qaşısında baş əyir, Qazilərimizə Uca Allahdan tezliklə sağlamlarını arzu edirik və bunu bir ömür boyu etməliyik. Heç zaman heç kim unutmamalıdır ki, soyuq səngərlərdə bu millətin və dövlətin təhlükəsizliyini qoruyan əsgər və zabitimiz hamımızın qürur yeridir və onları göz bəbəyi kimi qorumaq ümummilli borcdur.
Bu baxımdan Ali Baş Komandan İlham Əliyevin bir neçə gün öncə 2017-ci ildə baş vermiş Tərtər hadisələrinin yenidən araşdırılmasına göstəriş verməsini, Baş Prokurorluğun bu hadisələrlə bağlı istintaq işini yeniləməsini də əslində ordumuzun daha da güclənməsinə hesablanmış bir uzaqgörən addım olduğunu anlamalıyıq. Çünki bu hadisələr zamanı bir çox hadisələr baş verib ki, onların bir daha təftiş edilməsinə, istintaqdan yayınmağa müvəffəq olmuş xainlərin ifşa edilməsinə, eyni zamanda haqsız olaraq işgəncələrə məruz qalanların dairəsinin daha dəqiqliklə müəyyənləşdirilməsinə, qurunun oduna yaşların təsadüfən, yoxsa bilərəkdən yandırılıb yandırılmadığının üzə çıxarılmasına ehtiyac var. Etiraf edək ki, 2016-cı il Aprel döyüşlərindən sonra bu hadisələrin baş verməsi təsadüf hesab oluna bilməz və görünən odur ki, əsas niyyət silahlı qüvvələrin onurğa sütununu qırmaq, onun döyüş ruhunu sarsıtmaq və torpaqları güc yolu ilə almaq iqtidarında olduğu həqiqətini ləkələmək olub. Məhz Aprel döyüşləri öləziməkdə olan inamımızı özünə qaytarmışdı ki, silaha sarılmaqla bu işğaldan qurtulmaq mümkündür və ordumuz bu müqəddəs missiyanın öhdəsindən gəlməyə köklənib. Bunu istəməyən qüvvələr ordunun daxilinə yeridilmiş “5 ci kolon” təmsilçilərinin əli ilə məkrli oyun oynayaraq ordumuzun nüfuzuna sarsıdıcı zərbə vurmağa nail oldular. Son 4 il ərzində baş verənlər mediada, sosial şəbəkələrdə eninə boyuna dartışılanda bəlli oldu ki, həqiqətən də çox ağır cinayət törədilib və bu cinayətin ifşa edilməsi zamanı da çoxsaylı qanun pozuntularına yol verilib. Məhz ötən il ordumuzun müqəddəs missiyanı şərəflə yerinə yetirdikdən sonra təkrar bu hadisələrin qaranlıq məqamlarına işıq salınması təşəbbüsü alqışlanmalıdır və heç şübhəsiz bu, Ali Baş Komandan İlham Əliyevin birbaşa siyasi iradəsindən qaynaqlanır. Görünür, son bir ildə Ermənistanla sərhəddə və Qarabağda baş verən insidentlər, eyni zamanda bizim bilmədiyimiz bəzi narahatedici məqamlar dövlət başçısını qayğılandırıb və o bu məsələnin daha dərindən araşdırılmasına göstəriş verib. Təbii ki, istintaqın əsas vəzifəsi bu işi araşdırarkən hələ də ordunun içərisində maskalanmağa müvəffəq olmuş “5-ci kolon” təmsilçilərinin olub-olmadığını üzə çıxarmaqdır. Çünki indiki həssas dönəmdə bu ölüm-qalım məsələsidir və ordumuzun qüdrətini zəiflətmək niyyəti güdən çoxsaylı məkrli qüvvələrin mövcudluğu kimsəyə sirr deyil. İndidən münəccimlik edərək proqnoz verilməsi həm də istintaqın işinə mane yaratrmaq kimi qəbul edilə biılər. Amma mənə elə gəlir ki, bu hadisələr hərtərəfli araşdırılan zaman daha ciddi məqamlar üzə çıxarılacaq və bir çox başlar gedəcək. Çünki bu cür hadisələr zamanı cəzalandırılanların çevrəsi aşağı rütbəli zabitlərlə məhdudlaşdırılıb və məhz ordu rəhbərliyində bu sahəyə cavabdeh olan generallar nədənsə sudan quru çıxmağa müvəffəq olub. Ona görə də hesab edirəm ki, istintaq cəmiyyətin gözləntilərini doğruldacaq və günahkarlar ifşa ediləcək, millətin namusu hesab olunan ordumuz xainlərdən təmizlənəcək. Məncə, bu, Ali Baş Komandanın da istintaq qarşısında qoyduğu əsas vəzifələrdən biridir”.