“Qardaşımı bir yox, iki nəfər öldürüb, kameraya da düşüblər” – Video | DEFAKTO.AZ “Qardaşımı bir yox, iki nəfər öldürüb, kameraya da düşüblər” – Video – DEFAKTO.AZ

“Qardaşımı bir yox, iki nəfər öldürüb, kameraya da düşüblər” – Video

417

Sentyabrın 10-da Göyçayda bıçaqlanan 53 yaşlı Əli Əliyevin ölümündə ittiham edilən 16 yaşlı İlkin Vəliyev (şərti) saxlanılsa da, mərhumun bacısı Sevda Əliyeva istintaqın gedişatından narazıdır.

Defakto.az qafqazinfo.az saytına istinadən xəbər verir ki, müraciət edən S.Əliyeva iddia edir ki, İlkin hadisəni törədərkən tək olmayıb, onun yanında tanışı 21 yaşlı Nihad Şamilov da olub:

“Əlimizdə bunu sübut edən görüntülər də var. İlkin və Nihad qardaşımın yaşadığı Xəqani küçəsindən qaçaraq uzaqlaşırlar. Onlardan birinin əlində bıçaq da var. Bütün bunlar qonşunun evinin önündə olan kameraya düşüb”.

Sevda Əliyeva deyir ki, hadisə qardaşı Əli Əliyev və İlkin Vəliyev arasında olan pul məsələsinə görə olub:

“Qardaşım maşın alveri ilə məşğul olurdu, İlkin də onun yanında işləyirdi. İlkinin anasının qardaşıma 1500 manat borcu olub. Qardaşım onlara pulu qaytarması üçün sentyabrın 10-nun sonuncu gün olduğunu bildirib. Həmin gün gəlib çatanda İlkin öz tanışı ilə qardaşımın evinə gəlib. Əli tək yaşayırdı, birlikdə yeyib-içiblər.

Daha sonra qardaşıma ürək və qaraciyər nahiyəsindən 2 bıçaq zərbəsi vurulub. Amma məhkəmədə deyirlər ki, bir bıçaq zərbəsidir. Bıçaqlardan biri hadisə yerində tapılıb, digəri isə yox. Qardaşım Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, elə orda vəfat edib. İlkin Vəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Nihad Şamilov isə hələ də azadlıqdadır. O oğlanı niyə tutmurlar bilmirəm. İlkin də hadisəni tək törətdiyini deyib”.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Əli Əliyevin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanılıb:

“Sentyabrın 10-u 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq qəsdən öldürülməsi faktı ilə bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Aparılmış istintaqla zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü İlkin Vəliyev (şərti) şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Əli Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İlkin Vəliyev (şərti) təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət prosesi iştirakçılarının irəli sürdüyü fərziyələrin yoxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir